“Polis işçilərini, prokurorları ifşa etmək lazımdır” – Bəyanat

polis-iscilerini-prokurorlari-ifsa-etmek-lazimdir-beyanat
Oxunma sayı: 828

“02 aprel 2011-ci il tarixdə İctimai Palatanın təşkil etdiyi mitinqdə iştirak etdiklərinə görə qanunsuz olaraq cinayət təqibinə məruz qalan müxalifət təmsilçiləri Beynəlxalq Əfv Təşkilatı tərəfindən “vicdan məhbusları” kimi tanındıqları üçün dərhal azadlığa buraxılmalı olduqları halda, onlar barəsində həbs müddəti heç bir hüquqi əsas olmadan uzadılır, bəzi vicdan məhbuslarına əlavə ittihamlar irəli sürülür. Siyasi hakimiyyətin əlində alətə çevrilən istintaq orqanının heç də obyektiv istintaq aparmaq niyyətində olmadığı, bu istintaqın əsl məqsədinin ölkədə vüsət alan xalq hərəkatını beşiyindəcə boğmaq, adamları arxasınca aparmaq və məsuliyyəti üzərinə götürmək iqtidarında olan siyasi lider və gənclərin cəmiyyətdən təcrid edilməsi, siyasi müxalifətə, fəallara və gənclərə qarşı təzyiq göstərmək olduğuna dair hələ istintaqın başlanğıcında ictimai rəydə formalaşan təsəvvürlər bu gün öz təsdiqini tapmaqdadır.

02 aprel hadisələrində nümayişçilər tərəfindən hər hansı hüquqa zidd əməlin törədilməsi ilə bağlı bu günə qədər ortada heç bir fakt yoxdur. İctimai Palatanın 24 mart 2011-ci il tarixli sessiyasında qəbul edilən qərara uyğun olaraq dinc aksiyada iştirak edən fəalların heç biri təxribatlara uymayıb, zorakı hərəkətlərə yol verməyib. Həmin hadisələrdə mağaza şüşələrinin sındırılması və digər bu kimi halların hüquq-mühafizə orqanları tərəfindən təşkil edilən məqsədyönlü təxribat olduğu sağlam düşüncəyə malik insanların heç birində artıq şübhə doğurmur. Şüşəsındıran şəxsin fotosunun mətbuatda yayılmasına baxmayaraq, həmin şəxsin istintaq tərəfindən müəyyənləşdirilib məsuliyyətə cəlb edilməməsi faktı da bu cinayət işinin istintaqının birtərəfli və qərəzli aparılmasının əyani sübutu və aparılan istintaqın artıq tam iflasa uğramasının təsdiqidir.
Vicdan məhbuslarının müdafiəsində vəkillərin, bir çox deputatların, jurnalistlərin, hüquq müdafiəçilərinin, partiyaların və çoxsaylı fəalların dəstəyini və prinsipial mövqeyini minnətdarlıq hissi ilə qeyd etməklə bərabər, bu müdafiənin qənaətbəxş səviyyədə olduğu iddiasında deyilik və hesab edirik ki, görüləsi işlər çoxdur. Çox xoşagəlməz haldır ki, Azərbaycan Respublikasının Ombudsmanı və onun aparatında çalışan əməkdaşlardan heç biri həbsdə olan vicdan məhbusları ilə görüşməyib, onların taleyi ilə maraqlanmayıb. Vicdan məhbusları kimi tanınan məhbuslara nadir hallarda rast gəlindiyi nəzərə alınarsa, hüquqları pozulan, işgəncələrə məruz qalan məhbusların hüquqlarını qorumaq vəzifəsini daşıyanların öz vəzifə səlahiyyətlərinin icrasına bu dərəcədə məsuliyyətsiz yanaşması təəssüf doğurmaya bilməz. Eyni iradları adını hüquq müdafiəçisi qoyub, bu işdən yalnız öz merkantil maraqlarını təmin etmək üçün faydalananlara da aid etmək olar.
Biz, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrindən də daha prinsipial mövqe gözləyirik. Sərbəst toplaşmaq azadlığı fundamental insan hüquq və azadlıqlarına aiddir. Bu hüquqların pozulması hansısa ölkənin daxili işi deyil. Alternativ hərbi xidmət tələb etdiyi üçün həbs edilən bloggerin dərhal azadlığa buraxılması tələb edildiyi halda, müxalifət liderlərindən olan Arif Hacılının və bu işlə əlaqədar tam qanunsuz olaraq siyasi motivlərlə həbs edilən digər şəxslərin barəsində eyni prinsipial mövqe nümayiş etdirilmir, hakimiyyətə tutulanlara hüquqi yardımdan istifadə etmək imkanı yaradılması barədə tövsiyyələr verilir ki, bu da iqtidara istintaqı əsassız olaraq uzatmaq, vicdan məhbuslarını daha çox həbsdə saxlamaq üçün əlverişli siyasi mühit yaradır.

Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin ölkəyə buraxılmaması Azərbaycan hakimiyyətinin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə münasibətinin təzahürüdür.

İctimai Palatanın 02 aprel hadisələri ilə əlaqədar yaradılan İctimai təhqiqat komissiyasının rəhbəri təyin edildikdən sonra barəsində qaldırılan əsassız cinayət işi ilə əlaqədar həbs edilən Vidadi İsgəndərlinin həbsindən bir ay müddət keçməsinə baxmayaraq, onun yerinə heç kəs təyin edilmir. Halbuki, belə belə bir komissiyanın təşkili olduqca vacibdir. 02 aprel hadisələri də daxil olmaqla son aylar ərzində siyasi motivlərlə qanunsuz olaraq tutma, həbsə alma, bilərəkdən ədalətsiz hökm, qərarda və qərarlar çıxarılması kimi cinayətlərin törədilməsi total xarakter almağa başlayıb. Ədalət mühakiməsi əleyhinə olan bu cür cinayətlərin qarşısını almaq üçün hüquq ictimaiyyəti bu prosesə cəlb olunmalı, bütün qüvvələr səfərbər edilməlidir. Müdafiə Komitəsi hesab edir ki, siyasi sifariş əsasında cinayət törədən hakimləri, müstəntiqləri, polis işçilərini, prokurorları ifşa etmək, onların ətrafında düzgün ictimai rəy formalaşdırmaq istiqamətində səyləri artırmaq lazımdır.

Vicdan məhbuslarının Hüquqlarını Müdafiə Komitəsi qanunsuz olaraq cinayət təqibinə məruz qalan Şahin Həsənlinin, Əhəd Məmmədlinin, Arif Alışlının, Zülfüqar Eyvazovun, Rüfət Hacıbəylinin, Elnur İsrəfilovun, Elnur Məcidlinin və Vidadi İsgəndərlinin Beynəlxalq Əfv Təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınmasının vacib olduğunu bəyan edir və ölkə ictimaiyyətini, bütün vicdanlı ziyalıları, beynəlxalq hüquq müdafiə təşkilatlarını Azərbaycanda 02 aprel mitinqi ilə əlaqədar həbs edilən vicdan məhbuslarının taleyinə biganə qalmamağa, onların tezliklə həbsdən azad edilməsi üçün haqq səslərini daha ucadan səsləndirməyə çağırır”.