Politoloq: “...Danışıqlarda çətin ki, nəticə alınsın”

politoloq-danisiqlarda-cetin-ki-netice-alinsin
Oxunma sayı: 681

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 25-də keçiriləcək Kazan görüşü ilə bağlı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin müzakirəsinə münasibətində deyib. Onun sözlərinə görə, vaxtilə görüşlərdə Qarabağın hüdudlarından kənardakı işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi və 5+2 variantı üzrə məsələlərin müzakirə edilirdi. Hüseynli bildirib ki, birinci növbədə Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənardakı torpaqlarının azad edilməsi, beş rayonun azad edilməsi, ən axıra isə Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi və iki rayonun, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsi məsələsi saxlanılır. Politoloq qeyd edib ki, ermənilər indiyədək bu məsələyə gah hə, gah yox deyib, danışıqlar prosesini tez-tez pozublar: “İndi həmsədr dövlətlərin başçıları da bəyanat yaydılar ki, danışıqlar prosesinin başlanması və onun baza prinsiplərinin müəyyən edilməsi üçün təzyiqlər güclüdür. Güman edirəm ki, Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qərar qəbul edilərsə, ondan sonra danışıqların davamı gələ bilər. Danışıqlarda bir-birinin ardınca ciddi irəliləyişlər ola bilər. Yox əgər ermənilər Dağlıq Qarabağın statusunu gəlin əvvəlcədən müəyyən etməyin mexanizmini müzakirə edək desələr, onda danışıqlarda çətin ki, nəticə alınsın”. Hüseynli Azərbaycanın ərazi bütövlüyü və işğal edilmiş torpaqların azad olunması məsələsinin əsas məsələ olduğunu vurğulayıb.

Əvvəlki görüşlərdə əsirlərin geri qaytarılması və digər irəliləyişlərin jest olduğunu söyləyən politoloq bildirib ki, yayılan fikirlərə görə, burda daha ciddi irəliləyişlər ola bilər. Onun sözlərinə görə, Kazan görüşündə danışıqlar prosesinin həm baza prinsiplərinin müəyyənləşməsi prosesi baş verə bilər, həm də prinsiplərin ilkin mərhələsi kimi Dağlıq Qarabağın hüdudlarından kənardakı Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı danışıqların başlanmasına start verilə bilər.

İndiyədək problemin həllinin dondurulmasına gətirib çıxaran əsas maneənin Rusiyadan gəldiyini və Fransanın da Rusiyaya dəstək olduğunu deyən Hüseynli qeyd edib ki, Fransa artıq tamamilə prosesin irəliləməsinin tərəfdarıdır: “Rusiyanın mövqeyinə gəldikdə biz bunu Kazan görüşündən sonra deyə bilərik. Düzdü ümid edirəm ki, Rusiya da problemin həllini istəyir. Amma baxaq görək Rusiya Kazan görüşündə hansı mövqeni nümayiş etdirəcək, Ermənistan hansı mövqeni ortaya qoyacaq. Çünki Rusiya problemin qalması ilə özünün Qafqazdakı mövqeyinin qorunub saxlanmasını istəyir. Bu nöqteyi-nəzərdən problemin həllinə o qədər də can atmır. Bu Putinin dünyagörüşünün məhsuludur. Medvedyev fərqli düşüncə sahibidir. Güman edirəm ki, Medvedyev prezident seçilməsi ilə proseslərdə canlanma, aktivlik yaranıb. Bu aktivləşmə ola bilsin ki, Kazan görüşündə də özünü büruzə versin. Əgər ölkə ərazisində Rusiya bazaları varsa, əgər torpaqlarımız Rusiyanın köməyi ilə ilhaq edilibsə, əgər bir neçə vaxtdır ki, Amerika və Fransa danışıqlar prosesindən çəkilib, danışıqlar prosesini bütünlüklə Rusiyanın inhisarına veribsə, bu müddət ərzində prezidentlərin səkkiz görüşü olubsa, bu görüş proseslərin irəliləməsi üçün heç bir nəticə verməyib, onda mənim haqqım var ki, söyləyim ki, Rusiya bu məsələnin həllində hələki maraqlı tərəf kimi çıxış etməyib”.

Hüseynli onu da bildirib ki, Nalbandyanın Dovil bəyanatı Azərbaycana ünvanlanıb kimi fikirlər səsləndirməsi isə erməni xislətinin təzahürüdür. Onun sözlərinə görə, ermənilər həmişə irəli sürülən hər hansı bir ideyanı yozmaqda, onu öz xeyirlərinə interpretasiya etməkdə mahirdirlər: “Biz torpaq işğal etmişik ki, bizə qarşı olsun. Biz bir milyon qaçqın yaratmışıq ki, bizə qarşı yönəlsin? Biz mərkəzi hakimiyyətə qarşı qiyam qaldırıb separatçı hərəkətlər etmişik ki, bizə qarşı yönəlsin? Ona görə də Nalbandyanın dediyi özünün də inanmadığı ağ yalandı, belə bir mövqe tutan adamın nə qədər qeyri-ciddi danışdığını əyani surətdə sübuta yetirir”.

Nərgiz Ehlamqızı