Prezidentin qərarı təqdir olundu, amma...

prezidentin-qerari-teqdir-olundu-amma
Oxunma sayı: 724




- Prezidentin sonuncu sərəncamına uyğun olaraq ayrılan 50 milyon manatlıq maliyyə hesabına təbii fəlakət zamanı baş vermiş problemlərin hamısını aradan qaldırmaq mümkün olacaqmı?

- Öncə onu qeyd edim ki, “Kür” Vətəndaş Cəmiyyəti olaraq sərəncamdan öncə fəlakətin fəsadlarının aradan qaldırılması üçün maliyyənin ayrılmasına dair təkliflərlə çıxış etmişdik. Təkliflərimizdə bildirmişdik ki, fəlakətin aradan qaldırılması üçün əlavə tədbirlərin görülməsi zəruridir. Təbii ki, sərəncamla bağlı atılan addımı təşkilatımız adından təqdir edirik. Lakin digər tərəfdən müəyyən problemlərimiz və çatışmazlıqlarımız vardır ki, onları bölüşmək istərdik. Hal-hazırda bununla bağlı dövlət başçısına müraciət hazırlayırıq. Bizim narahatçılığımız bundan ibarətdir ki, əvvəlki illərdə fəlakətin aradan qaldırılmasına dair ayrılan 327 milyon manat düzgün istifadə edilməyib. Hesab edirik ki, bu vəsaitlə kifayət qədər işlər görmək olardı. Lakin görülən işlər ondan xəbər verir ki, vəsaitlər təyinatı üzrə və şəffaf şəkildə istifadə edilməyib. Bu gün bölgələrdə hələ də korrupsiya halları, ayrılan vəsaitlərinin kənar yerlərə xərclənməsi və evlərin tikilməsində ayrı-seçkilik və ədalətsizliyə yol verilməsi kimi hallar mövcuddur. Biz müraciətimiz və fəaliyyətimizlə ayrılan vəsaitlərin istifadə edilməsində vətəndaş cəmiyyətinin iştirakının zəruriliyini bildirmək istəyirik. Eyni halda, ölkə başçısına yönəldəcəyimiz müraciətdə qeyd edəcəyik ki, fəsadların aradan qaldırlmasına dair görülən işlərdə ictimai iştirakçılıq təmin olunmalıdır. Əgər belə bir prosedur baş tutsa, korrupsiya hallarının qarşısının alınması və şəffaflıq əldə edilməsi mümkün olacaq.

- Dünən imzalanan sərəncama uyğun olaraq ayrılan 50 milyon manat vəsait əvvəlki ilə birlikdə 377 milyon manat edir. Bu vəsaitlə təbii fəlakət zamanı baş vermiş problemləri tamamilə aradan qaldırmaq mümkündürmü?

- Baş vermiş problemlər o qədər çoxdur ki, inanmıram 50 milyon manat vəsaitlə aradan qaldırılsın. Lakin bu günə qədər ayrılan 377 milyon manatla çox böyük işlər görülə bilərdi. Təəssüf ki, bu işlər görülməyib. Digər tərəfdən də bu günə qədər bir çox sorğulara cavab ala bilməmişik ki, tikilən evin birinin qiyməti hansı həcimdədir. Nəzəri olaraq evlərin qiyməti çox yüksək göstərilib. Amma praktiki olaraq tikilən evlərin qiyməti, nəzəri göstərilən qiymətlərlə tərs mütənasibdir. Eyni halda, vəsaitlərin və evlərin bölünməsi zamanı ciddi şəkildə ədalətsizliyə və korrupsiya hallarına yol verilib. Hətta bəzi hallarda ehtiyacı olmayan ailələrə ev tikilib və ehtiyacı olanlar isə evsiz qalıb. Eyni halda, bu günə qədər 2 minə yaxın tikilən evləri və digər işləri təqdirəlayiq hal kimi qiymətləndiririk.

- Bu vaxta qədər problemin həlli üçün ayrılan vəsaitlərin xərclənməsi barədə nə deyə bilərsiniz?

- İndiyə kimi üst-üstə 327 milyon vəsait ayrılıb. Təbii ki, biz görülən işləri təqdir edirik. Amma hesab edirik ki, bu vəsaitə daha çox iş görmək mümkün idi. Bu gün isə yetərli iş görülməyib, problemlərin böyük bir hissəsi qalmaqdadır. Hesab edirik ki, bu problemlərin həll olunmamasının əsas səbəblərindən biri, ayrılan vəsaitlərin xərclənməsində təyinatlılıq prinsiplərinin əməl olunmamasından, korrupsiya, ədalətsizlik, ayrı-seçkiliyin salınmasından irəli gəlir. Hesabatlılıq təmin olunmayıb, indiyə kimi ünvanlanan bir çox sorğular cavablandırılmayıb, qeyri-şəffaflıq hökm sürür. Bizim prezidentə ünvanlayacağımız müraciətin əsas mətnində tezislərdən biri ondan ibarət olacaq ki, 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınının nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyəti institutlarının iştirakına şərait yaradılsın, ictimai iştirakçılıq təmin olunsun, mərkəzi və yerli qeyri-hökumət təşkilatları üzvlərinin iştirakına şərait yaradılsın ki, burada ədalətlilik prinsipi bərpa olunsun.

- Bəziləri iddia edir ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyəti Fövqəladə Hallar Nazirliyi ilə koordinasiya olunur və guya Qərargahın əsas məqsədi də FHN-ə əlavə pul qazandırmaq olub…

- Bu, təbii ki, belə deyil. Bizim mübarizəmiz, fəaliyyətimiz kiməsə pul qazandırmağa yönəlməyib. Bizim mübarizəmiz ayrılan vəsaitlərin təyinatı üzrə şəffaf xərclənməsinə yönəlib. Eyni zamanda, məqsədimiz bu istiqamətdə müvafiq işlərin görülməsinə nail olmaqdır. 2010-cu il daşqınları zamanı qəzalı, bərbad vəziyyətə düşmüş evlərin tikilib bərpa olunması vacib şərtlərdəndir. İstisna etmirəm ki, burada müəyyən qurumların, təşkilatların özəl maraqları ola bilər. Bu vəsaitin ayrılması o demək deyil ki, o, ədalətli xərclənəcək. Bizim ən böyük narahatlığımız vəsaitlərin şəffaf və təyinatı üzrə xərclənməməsi ilə bağlıdır.