“Problemin ən optimal yolu Türkiyə-Azərbaycan Konfederasiyasıdır”- Müsahibə

problemin-en-optimal-yolu-turkiye-azerbaycan-konfederasiyasidir-musahibe
Oxunma sayı: 687


Sabiq millət vəkili Gültəkin Hacıbəylinin “Qafqazinfo”ya müsahibəsi

- Gültəkin xanım, son dövrlər Türkiyə-Azərbaycan Konfederasiyası məsələsi yenidən gündəmə gəlib. Ayrı-ayrı ictimai təşkilarlar, siyasətçilər, müstəqil politoloqlar bu ideya barəsində müsbət fikirlər səsləndirir, onu dəstəkləyirlər. Siz hələ bir neçə il əvvəl bu ideyanı müdafiə edərək “Türkiyə-Azərbaycan Konfederasiyası ideyasını birmənalı olaraq dəstəkləyirəm” söyləmisiniz. Məsələnin yenidən aktuallıq qazandığı bu zamanda sizin fikirlərinizi eşitmək oxucularımız üçün maraqlı olardı.
- Ən son olaraq bu mövqeyimi 2009-cu ilin noyabr ayında sərgiləmişdim. Aradan iki il keçib. Bu iki il Konfederasiya ideyasının nə qədər önəmli, real və təbii zərurətdən doğan bir təşəbbüs olduğunu ortaya qoydu. Əslində, bu mənim və müasirlərimizin yeni təşəbbüsü deyil, çağdaş dövlətçiliyimizin təməlini qoyan babalarımızın- Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşlarının istəyi idi. İki il öncə mən belə bir fikir səsləndirmişdim ki, cəmiyyət bu inteqrasiyaya hazır olmalıdır. Tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan cəmiyyəti belə bir ideyann gerçəkləşməsinə iki il öncə ilə müqayisədə daha çox hazırdır və hər keçən gün bizi bu reallığa daha çox yaxınlaşdırır.

- Türkiyə-Azərbaycan Konfederasiyası ideyasının təbii zərurətdən doğan təşəbbüs olduğunu vurğuladınız. Bu zərurət nə ilə izah edirsiniz?
- Türkiyə millətimizin ən güclü və ən qüdrətli dövlətidir. Türkiyə türk milli varlığını yüzillərin sınağından keçirərək qoruyub-saxlayan və bütün dünyada türk milli kimliyinə sahib çıxan bir ölkədir. Türkün türklə birliyindən, türkün türklə yaxınlaşmasından daha təbii nə ola bilər? Axı Türkiyənin gücü, Azərbaycanın gücüdür. Türkiyə mənim üçün nə dost, nə də qardaş dövlət deyil. Türkiyə mənim öz dövlətimdir. Lakin bizi Türkiyəyə bağlayan təkçə milli-mənəvi-mədəni eyniyyətimiz deyil. Türk Konfederasiyası ideyası çağdaş dünyada, xüsusilə də, daxil olduğumuz mürəkkəb geopolitik arealda mövcud olan və ölkəmizin heç də sığortalanmadığı təlatümlərdən və qarşıdurmalardan ən real xilas modelidir. Heç kim üçün sirr deyil ki, Azərbaycanın bir dövlət olaraq müstəqilliyinin əsas qarantı və təminatçısı Türkiyədir. Kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlı, yəqin ki, həyatında heç olmasa bir dəfə böyük şairimiz Xəlil Rza Ulutürkün təbirincə “Nə yaxşı ki, Türkiyə var deyib”! Bu, 1918-ci ildə, Osmanlı tarixinin ən ağır dönəmində də belə olub, indi də belədir, sabah da belə olacaq. Görkəmli Azərbaycan tarixçisi və böyük ziyalımız professor Cəmil Həsənlinin Rusiyanın “Regnum” informasiya agentliyinin saytında silsilə məqalələri dərc edilir. Düşünürəm ki, Qarabağ təəssübkeşi olan hər bir vətəndaşımız o məqalələri nəinki oxumalı, dərindən öyrənib təhlil etməlidir. Nəriman Nərimanovun məşhur və məşum 1 dekabr 1920-ci il Bəyannaməsi düşünmək və nəticə çıxarmaq üçün qiymətli mənbədir. Həmin sənəddə Ermənistanda sovet hakimiyyətinin qurulması münasibəti ilə Rusiyanın və xüsusilə də, Stalinin birbaşa təzyiqi nəticəsində Zəngəzur və NAXÇIVANIN Ermənistana “hədiyyə” edilməsi, Qarabağın dağlıq hissəsində isə referendum keçiriləcəyi təsbit edilir. Naxçıvan, faktik olaraq, ermənilərə bağışlanmışdı. Yalnız Türkün Atası Mustafa Kamal Atatürkün siyasi iradəsi və qətiyyəti nəticəsində 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi ilə Naxçıvan Stalinin bu mənfur planından qurtularaq Azərbaycan ərazisi kimi tanındı. Türkiyə bu qədim türk yurdunun gələcəyini onun heç bir halda üçüncü tərəfin protektoratına keçməyəcəyi şərtini açıq mətnlə müqaviləyə daxil etdirməklə sığortaladı. Moskva müqaviləsi olmasaydı, bu gün Naxçıvan da Zəngəzur, Dərələyəz, Göyçə və s. türk torpaqları kimi işğal altinda idi və indi orada bir nəfər də soydaşımız yaşamırdı.

Bu gün, Azərbaycan iqtisadi və hərbi-sənaye cəhətdən ən güclü vaxtında belə, ciddi təhdidlərlə üzləşir. Rusiya Prezidenti Dmitri Medvedyev ölkəmizi açıq şəkildə təhdid edərək, Qarabağ probleminin hərbi yolla həllinə cəhd edəcəyimiz təqdirdə Gürcüstandakı kimi Rusiyanın işğalı faktı ilə üzləşəcəyimizi deyir. İran ordusunun Baş Qərargah Rəisinin sonradan “təkzib olunmuş” hədələrini isə, sadəcə, siyasi tərbiyəsizlik adlandıra bilərəm. Qarabağ münaqişəsində Rusiya və İranın tərəf olduğu artıq heç kəsə sirr deyil. Cənubi Qafqazda Ermənistan dövlətini də, Qarabağ, Abxaziya, Cənubi Osetiya problemlərini də Rusiya yaradıb. Xocalı faciəsinin, Azərbaycan ərazilərinin işğalının hüquqi-siyasi məsuliyyəti də ermənilər qədər, bəlkə onlardan daha çox Rusiyanın, onun hərbi-sənaye kompleksinin üzərindədir. Bu konfliktlər həll olunarsa, Rusiyanın bölgədə manevr imkanları, Azərbaycanı, Gürcüstanı, hətta forpostu olan Ermənistanı təhdid və şantaj imkanları məhdudlaşar. Ona görə də Rusiyadan Qarabağ münaqişəsinin həllində yardım gözləmək siyasi sadəlöhvlük olardı.

- Demək, dalana dirənmişik, çıxış yolu yoxdur...
- Əsla, Rusiyanın bölgəyə təsir imkanları aybaay, günbəgün azalır. Rusiya Liviyanın arxasından çəkilmək zorunda qaldı. 2-3 aya, bəlkə də daha tez Suriyadan da çəkilməyə məhkumdur. Rusiyanın daxilində, Şimali Qafqazda, Tatarıstanda, Başqırdıstanda və s. muxtar bölgələrdə ciddi və qarşısıalınmaz proseslər gedir. Belə bir vaxtda Azərbaycan-Türkiyə Konfederasiyası ideyası Qarabağ münaqişəsinin ədalətli həllinin ən optimal formatına çevrilməkdədir. Bu həm də ölkəmizin ərazi bütövlüyünə NATO qarantiyası anlamına gəlir. Türkiyə dünyanın ən yüksək sürətlə inkişaf edən iqtisadiyyatına malik bir ölkədir. Türkiyə demokratiya sahəsində Şərqin örnək ölkəsidir. Bu gün İraqda, Misirdə, Liviyada, sabah isə Suriyada Türkiyə həlledici söz sahibinə çevrilməkdədir. Təsadüfi deyil ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili Türkiyə ilə sıx inteqrasiyanın ölkəsininə qazandıracağı siyasi, iqtisadi, hərbi dividendləri nəzərə alaraq Türkiyə-Azərbaycan-Gürcüstan Konfederasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Əgər xristian Gürcüstanı özünün siyasi perspektivlərini, iqtisadi dirçəlişini və güvənliyinin təminatını Türkiyə ilə six inteqrasiyada görürsə, bizimlə eyni dildə danışan, eyni dini, mədəniyyəti, məişəti, dəyərləri paylaşan, damarlarında eyni genetik koda malik eyni qanı daşıyan, iqtisadi baxımdan inkişaf etmiş, hərbi-sənaye baxımından qüdrətli, siyasi baxımdan bölgə lideri olan Türkiyə dövləti ilə birliyimizdən milli maraqlarımız baxımından daha təbii və dövlətçilik maraqlarımız baxımından daha praqmatik nə ola bilər? Əslində, gələcəkdə bu Birliyə Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın qoşulacağı da siyasi perspektivdə çox real görünür.

- Türkiyə üçün həssas bu dönəmdə PKK-nın rəsmən terrorçu təşkilat kimi tanınmamasını neçə dəyərləndirirsiniz?
- PKK nəinki Türkiyənin, yer üzündə yaşayan hər bir türkün və bütövlükdə, insanlığın düşmənidir. Uşaq qatili olan bu terror örgütü ilə Türkiyədə başlamış genişmiqyaslı mübarizəni həyəcanla izləyirik. Şəhid ailələrimizin acısını onlarla birlikdə yaşayırıq. PKK terrorunu və terrorçularını, onlara dəstək verənləri lənətləyirik. Hörmətli Baş Bakanımız Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri zamanı hörmətli Prezidentimiz İlham Əliyev Azərbaycanın PKK-nı bir terror təşkilatı olaraq tanıdığını açıq mətnlə bəyan etdi. Bu sevindirici haldır. Düşünürəm ki, ölkə başçımızın dilindən səslənən bu açıq və birmənalı bəyanatdan sonra müvafiq qurumlar fəaliyyətə keçərək ən yaxın zamanda öz görəvlərini yapacaqlar.