Qaçqınkomdan rəsmi açıqlama gəldi

qacqinkomdan-resmi-aciqlama-geldi
Oxunma sayı: 698

Məktubda bildirilib ki, adı çəkilən yazıda qeyd edilir ki, guya 1988-1990-cı illərdə Ermənistandan deportasiya olunmuş soydaşlarımızın sənədlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məhv edilməsi barədə fikirlərinin heç bir əsası yoxdur: “Komitə tərəfindən 1988-1990-cı illərdə Ermənistandan deportasiya olunmuş soydaşlarımızla əlaqədar hər hansı sənəd nə Komitənin keçmiş inzibati binasında olarkən, nə də hazırda fəaliyyət göstərdiyi binada məhv edilməmiş və bu barədə hər hansı fakt və ya sübut xarakterli heç bir sənəd mövcud deyil. Adları çəkilən müsahiblər tərəfindən bildirilən fikirlər şər və böhtan xarakterli olmaqla, böyük təəssüf hissi ilə qeyd etmək istəyirik ki, onlar bununla Ermənistandan olan soydaşlarımızla Dövlət Komitəsi arasında fikir ayrılığı, çaşqınlıq və narazılıq yaratmağa çalışırlar.
Bildiririk ki, milli qanunvericiliyin tələblərinə əsasən respublika dövlət hakimiyyəti orqanlarının sənədləri dövlət arxivlərinə verilənədək 15 il idarə, müəssisə və təşkilatlarda yaradılan arxiv idarələrində müvəqqəti mühafizə olunur. Qeyd etmək istəyirik ki, 1998-ci ilədək Komitədə arxiv olmayıb, mövcud sənədlərin mühafizəsi, saxlanılması və müvafiq qaydada istifadəsi ilə əlaqədar arxiv yalnız 1998-ci ildən sonra, yəni Komitəyə yeni sədr təyin edildikdən sonra yaradılıb. Həmçinin bildiririk ki, 1988-1990-cı illərdə Ermənistandan deportasiya olunmuş soydaşlarımızla əlaqədar Komitədə yalnız Ermənistandan “qaçqın” düşmələrini təsdiq edən və bunların əsasında onlara verilən status sənədləri saxlanılır. İndiyədək status sənədinin verilməsi barədə Komitəyə müraciət edən və status sənədi almış şəxslərin sənədləri hazırda Komitənin arxivində saxlanılır”.

Məktubda o da qeyd olunub ki, 1998-1990-cı illərdə Ermənistandan deportasiya olunmuş soydaşlarımızın etnik təmizləmə siyasəti nəticəsində tərk etdikləri dədə-baba yurdlarında qalan mülkiyyətlərinə dair sənədlər Komitədə deyil, Azərbaycan Respublikasının “Qaçqınlar Cəmiyyəti”ndə toplanıb və həmin cəmiyyət tərəfindən toplanmış sənədlər əsasında Komitənin maliyyə köməkliyi ilə 2008-ci ildə “Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı dili ilə” kitabı nəşr edilib. Həmin kitabda Ermənistanda mövcud olan və azərbaycanlıların yaşadıqları kəndlər, rayonlar, orada qalan əmlaklar barədə ətraflı məlumatlar konkret sənədlərə istinadən öz əksini tapıb.

Komitə tərəfindən Ermənistandan olan soydaşlarımıza verilən status sənədlərində onların adı, soyadı, doğulduqları ünvan onlar tərəfindən təqdim edilən şəxsiyyətlərini təsdiq edən sənədlərdə göstərilən məlumatlar əsasında olduğu kimi dəqiq öz əksini tapır. Bu barədə ilkin sənədlər hazırda Komitədə saxlanılır.

Sonda qeyd edilib ki, Ermənistandan olan soydaşlarımızın əmlaklarının mülkiyyət sənədləri onların özlərində saxlanılır.

Xatırladaq ki, “Partiya Qaçqınkomu hədələdi” başlıqlı yazıda bildirilirdi ki, Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurasının və partiyanın İdarə Heyətinin birgə toplantısı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, toplantıda son günlər mətbuatda Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların sənədlərinin “Qaçqınkom”da məhv edilməsi məsələsi müzakirə edilib. Toplantı iştirakçıları həmin sənədlərin məhv edilməsini 220 min Qərbi azərbaycanlıya qarşı, həm də bütövlükdə Azərbaycan dövlətinə qarşı planlı surətdə həyata keçirilmiş xəyanət kimi dəyərləndiriblər. Onlar bu faktın hüquq- muhafizə orqanları tərəfindən araşdırılmasəna ən yüksək inistansiyalar tərəfindən göstəriş verilməsini və məsələnin ən qısa zamanda aydınlığa qovuşmasının vacibliyini qeyd ediblər.

Məsələnin həllinin tezliklə aydınlığa qovuşmaması hazırda Azərbaycanda yaşayan 4 milyon yarım Qərbi azərbaycanlının ayağa qalxmasına məcburiyyət yaradacağı da toplantıda qeyd edilib.

Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası və MMP bəyan edib ki, bu yöndə aidiyyatı orqanlar heç bir addım atmasalar o zaman onlar etiraz aksiyaları keçirmək haqda qərar qəbul etmək üçün yenidən bir araya gələcək.

Nigar Məmmədli