Qar xatirələri

<b>Qar xatirələri</b>
Oxunma sayı: 634

Sonra lift aşağıda dayananda hər zamankından daha çox silkələndi, mənim həmişəki kimi başım yüngülcə hərləndi, sərxoş kimi səndələdim, nəysə içimə qorxu düşdü – lift xarab oldu... Amma yox, qapılar açıldı və mən azadlıq hissinin verdiyi xoşbəxtlikdən həzz alaraq özümü blok girişindən bayıra atdım. İlk addımlarım uğursuz oldu, buzlu səkidə qeyri-adi hərəkətlər edib müvazinətimi saxlamasaydım, ən yaxşı halda buruqla nəticələnəcəkdi bu. Sonra mağazada işlərimi bitirib evə tələsirəm, buzlu yolların imkan verdiyi qədər.

Yalnız uşaqlar yatandan sonra kompyuterdə xəbərləri oxuya biləcəm, sonra facebooku açacam. Üçüncü işim yazdığım köşə yazısının şərhlərini oxumaq olacaq, müsbət fikirlərdən birinci sinif uşağı beş almış kimi sevinəcəm, mənfi olanlar haqqında öncə “qərəzlidir” deyəcəm, hirsim soyuyanda isə “bu da onun fikridir, hardasa da haqlıdır” deyəcəm.

Qar romantika gətirib, bu gün daha çox şer oxuyacam, daha çox kövrələcəm. Milvanı dinləyib gözlərim yaşaracaq, anam görməsin deyə nifrət etdiyim optik gözlüklə işləyəcəm kompyuter önündə, az da olsa gizlədir, özümü toparlayıb gözlüyü yerinə qoyacam.

Heç bayıra çıxmaq istəməyəcəm bir də, bu hiss məni rahatlatmır, qar pis təsir həqiqətən də. Bir il öncəni xatırlayıram, kədərlənirəm, yenə gözlərim dolur, yenə gözlüyümü taxıram. Bir il öncə belə soyuq deyildi, qar da yox idi. Günorta gəzməyə aparmışdım uşaqları dayıları ilə - Tural və Əhədlə. Hüseynimə “bu Müsavatçı olacaq” demişdilər. Həsənim evdən kənar insanlardan qorxub ağlayır, bütün kişilər kimi ağlayan uşaqları daha az sevirlər. Maraqlı söhbətlərlə bol gəzinti keçirir, evə qayıdıram. Axşam internetdə Bəxtiyarla söhbətləşirəm. Havadan-sudan...

İndi isə bu havada evimdə oturub heç yerə getməli olmamağın xoşbəxtlik olduğunu düşünərkən bütün bunlar ağlıma gəlir, qadın ki, qadın, gözlüyümü taxıram...

Heç bir məhkəməyə və ya məhkəmə sonrası görüşlərə getmədiyim üçün özümü danlayacam, zəifliyimə küsəcəm. Uşaqlığımın bağlı qapılar xatirələri məni öldürür, məhv edir, bir də bağlanan qapılardan keçmək və sonda sevdiyini bağlı qapılar arxasında qoymaq istəməmək hissi var içimdə. Elə bilirəm dəli olaram getsəm, yox, qəti qərarımdır getməyəcəm. Onları gözləyəcəm...

Bu qar öldürdü məni, ruhuma yağır aram-aram, xatirələrimi külək sovurur oradan bura, burdan ora...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi