Qarabağın “qara qutu”su

qarabagin-qara-qutusu
Oxunma sayı: 656

Azərbaycan torpaqları işğal altındadır. İşğalçı Azərbaycandan sadaladığım və sadalamadığım potensialına görə daha zəif olan ermənilərdir.
Azərbaycan telekanallarının hansını açırsan hamı bir ağızdan deyir ki, biz müharibəyə hazırıq. Amma Azərbaycan müharibə edib torpaqlarını azad etmir ki, etmir. Ya bizə bu torpaqlar lazım deyil, ya da müharibə etmək məsləhət deyil.

Əlbəttə müharibə yaxşı şey deyil. Boğazdan yuxarı müharibə çağırışı edənlərin də yaxşı olmadığı gün kimi aydındır.
Azərbaycanın daxili siyasi mühitinin, ordusunun, xarici siyasi amillərin dəqiq təhlili onu göstərir ki, bu gün müharibə etmək lazım deyil.
Bu gün rəsmi Bakının müharibə yox danışıq yolunu davam etdirməsinin kökündə də məhz mövcud reallıqların diktəsi durur.
Amma o da reallıqdır ki, danışıqlar dalana dirənib. Ötən dəfə mövcud şəraitdə birinci mümkün taktiki-diplomatik adımın Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının dialoqu effektiv olardı. Amma Bayram Səfərov Bako Saakyanla danışmaq istəmir. Amma bu son variant deyil.
Rəsmi Bakı üçün ikinci mümkün variant aparılan diplomatik cəhdlərin aşkarlığını təmin etmək istəyini bəyən etməsi olardı.
Bir qədər detallı.

Bu günə qədər rəsmi Bakı Ermənistanı qeyri-konstruktivlikdə qınayır. Bundan başqa hakim elitanın nümayəndələri həmişə beynəlxalq təşkilatları qərəzli mövqeyinə görə qınayır. Qınaq obyektləri arasında vasitəçilər də var. Belə olan halda rəsmi Bakı danışıqlarda səslənən fikirləri, vasitəçilərin təkliflərini və buna verdiyi cavabları dərhal anındaca ictimaiyyətin müzakirəsinə verəcəyini bildirir.

Burada bir haşiyə.
Bu günə qədər baş verənlərin gec də olsa hamısı bəlli olub. Və bu bəlli olanların heç birində rəsmi Bakının günah hesab oluna biləcək addımını xatırlamıram. Doğrudur uzun illər Bişkek protokolu ətrafında müəyyən ajiotajlar yarandı. Amma bu addıma da birmənalı qiymət vermək çətindir. Bu gün də danışıqlarda rəsmi Bakının Azərbaycanın zərərinə hər-hansı bir addım atacağını söyləmək olmaz. Ən azı Kazanda aparılan danışıqlar və sonradan bəlli olanlar deyilənlərin təsdiqidir.

Deməli aşkarlıq Azərbaycanın və rəsmi Bakının xeyrinədir.
Bu halda aşkarlıq Azərbaycanın xeyrinə olardı. Təkcə danışıqlar prosesi ilə bağlı yox. Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarla yanaşı, Dağlıq Qarabağ və ətrafında mövcud durumla da bağlı aşkarlığa ehtiyac var. Hələ də sökülüb daşınan Azərbaycan yaşayış məntəqələri. Haralardansa Qarabağa köçürülmüş erməni əhalisi və sairə.

Ötən ilin payızında Qarabağa səfər edib mövcud faktları aşkarlamaq əvəzinə gizlədən Minsk Qrupunun iç üzü də bu aşkarlıqda açılardı.
Bəli rəsmi Bakı Qarabağ münaqişəsi ilə bağlı informasiya azadlığını təmin etmək tələbi ilə çıxış etməlidir. Bu həm erməniləri, həm də vasitəçiləri çətin duruma salardı. Necə deyərlər, Qarabağın “qara qutu”sunu açmaq lazımdı.