Qazaxıstandakı qırğının dəhşətli görüntüləri yayıldı

qazaxistandaki-qirginin-dehsetli-goruntuleri-yayildi
Oxunma sayı: 687

Jetıbay qəsəbəsində dekabrın 21-də yüzlərlə adam yerli hakimiyyət orqanı binasının qarşısına toplaşaraq qoşunların Janaozen şəhərindən çıxarılmasını, neftçilərə qarşı repressiyaların dayandırılmasını və bu şəhərdə baş verənlər barədə həqiqətlərin açıqlanmasını tələb ediblər. Polis aksiyaya müdaxilə edib və dağıdıb, daha sonra qəsəbədə kütləvi həbslər başlayıb.

Məlumatı Qazaxıstanın müxalifət partiyalarından birinin sədri Bulat Abilov yayıb. Bildirilir ki, insan haqları müdafiəçilərindən ibarət qrup Janaozen şəhərinə və toqquşmaların baş verdiyi Şepte qəsəbəsinə getmək istəsələr də onları Aktaudan geri qaytarıblar. Dekabrın 16-da qırğınların törədildiyi bu şəhərdə baş verənlər barədə məlumat almaq çətindir, internet və mobil telefon əvvəlki kimi işləmir.
Qazaxıstan hüquq-mühafizə orqanları isə bildirir ki, şəhərdə vəziyyət nəzarət altındadır və sakitlik hökm sürür. Lakin insan haqları müdafiəçiləri və şəhər sakinləri vasitəsilə əldə edilən məlumatlar bu şəhərdə dəhşətli vəziyyətin davam etdiyini göstərir. Bildirilir ki, xüsusi xidmət orqanları və polis minlərlə adamı həbs edib, az qala hər evdən bir nəfər həbs edilən var. Xüsusən kişiləri sorğu-sualsız tuturlar.
Aktau şəhərində də həbslər gedir. Bu şəhərdə minlərlə adamın küçələrə çıxmasından sonra təhlükəsizlik qüvvələri kütləvi həbslərə başlayıb, yüzlərlə adamın həbs edildiyi bildirilir. Onlarla adamdan isə heç bir xəbər almaq mümkün olmur. Bu arada Janaozen şəhərində baş verən dəhşətlər barədə internetdə videokadrlar yayılıb. Bu kadrlardan görünür ki, şəhərdə iğtişaşların yatırılması zamanı OMON və daxili qoşunlar xüsusi amansızlıqla davranıb. Kadrlarda təhlükəsizlik qüvvələrinə heç bir müqavimət göstərməyən silahsız insanların avtomatla necə güllələndiyi, can verməkdə olan yaralıların isə atəş açanların arxasınca gələn zirehli dəbilqəli OMON-çular tərəfindən dəyənəklə amansızlıqla döyüldüyü görünür. Qazaxıstan hakimiyyəti bundan əvvəl bildirmişdi ki, təhlükəsizlik qüvvələri dinc aksiyaçılara atəş açmayıb. İnternetdə yayılan kadrlar beynəlxalq insan haqları təşkilatlarını dəhşətə salıb və onlar bu qəddarlığın təcili araşdırılmasına çağırır.
Həmçinin Janaozendə nə qədər adamın güllələndiyi barədə də məlumat yoxdur. Rəsmi məlumatda ölənlərin sayının 15 olduğu bildirilir. Lakin əslində bu rəqəm dəfələrlə çoxdur. Rusiyanın müstəqil nəşrlərindən “Novaya qazeta”nın Janaozendə olan müxbirləri dəhşətli faktları üzə çıxarıblar. Onların yazdıqlarına görə, Janaozendə xəstəxana morqlarına hələ də heç kim buraxılmır, o cümlədən yaralılara baş çəkməyə icazə verilmir. Morqların qarşısı avtomatlılarla doludur. Həkimlərə və tibb personalına danışmaq qadağan edilib. Buna baxmayaraq, jurnalistlər xəstəxanalardan birinin həkim-reanimotoloqu ilə ünsiyyət qura biliblər. O deyib ki, gülləbaran başlayandan sonra xəstəxanaya onlarla cəsəd gətirildi. Həkim həmin gün 24 yaralının təkcə onun əməliyyat masasında can verdiyini açıqlayıb. Morqlardan birinin sanitarı isə dekabrın 16-da axşam onun növbəsi bitənə qədər morqa 22 cəsəd gətirildiyini deyib. Sanitar evə gedəndən sonra da cəsədlər gətirilməkdə davam edib. O danışıb ki, yer çatmadığından cəsədləri üst-üstə atıblar: “Mən küncdə 10 yaşlı bir uşağın da cəsədini gördüm, həmçinin öldürülənlərin arasında qadınlar da var idi”.
Qazaxıstan rejiminin qəddarlıqları bununla da yekunlaşmayıb. Şəhərdə həbs edilən yüzlərlə adama amansız işgəncələr verildiyi bildirilir. Bir neçə sutka polis bölməsində saxlanıldıqdan sonra buraxılan sakinlərdən biri danışıb ki, tutulanları ölümcül hala düşənə qədər döyürdülər, huşlarını itirəndə isə morfi vurub ayıldır və təzədən döyürdülər. İşgəncələr bununla da bitməyib və tutulanları soyunduraraq şaxtalı havada çöldə üstlərinə buzlu su töküblər. Təcridxanalarda da işgəncələrdən xeyli adamın öldüyü təxmin edilir.

musavat.com