Qərbin inkişafında seksin rolu

qerbin-inkisafinda-seksin-rolu
Oxunma sayı: 856

Tarix təkrar olunur, deyirlər. Allah qəni-qəni rəhmət etsin, bu sözləri Kərbalayi 1920-ci illərin sonlarında söyləyirdi. İndi də eyni vəziyyətdir. Sadəcə bizim nəsil ilə Kərbəlayinin fərqi ondadır ki, o, həyatını qurban verdi, lakin namusunu, qeyrətini, şərəfini itirmədi.

Belə ki, bir neçə gün bundan əvvəl “Yeni Müsavat” qəzetində Pənah Hüseyn ilə cəmiyyətə özünü Əli Əkbər kimi təqdim edən Əliyev Ələkbər Əliağa oğlunun debatını oxudum. Sonra bu adamın kimliyi ilə maraqlandım…

Açığı, nə yazacağımı, nə deyəcəyimi belə bilmirəm. Yəni, deyirsiniz ki, 1 milyondan çox qaçqını olan bir xalqın içindən birisi çıxıb erməni qızına eşq romanı yazacaq? Yaxud Qarabağda şəhidlərimizin qanı hələ qurumamış, kimsə erməni qızına sevgi kitabı yazacaq, onu da nəşr edən mətbəə tapılacaq? Vallahi, billahi, tallahi deyəcək sözüm yoxdur!

Aylar öncə “Qafqazinfo” portalında Aynur İmranovaya cavab olaraq bir yazı yazmışdım. Həmin məqalədə yazdıqlarımın təkrarı olmasın, planetimizin ən kasıb ölkəsi olan Efiopiya və ən çox inqilabların baş verdiyi Şərqi Timor Respublikasında cərəyan edən hadisələri tədqiq etmişəm. İnsanların kütləvi şəkildə cinsi əlaqəyə girdiyi Yunanıstanda işləmişəm. Toplu halda intihar edən Yeni Papua Qvineya ölkəsinin mənsublarına rastlamışam. Siyahını uzatmadan azərbaycanlıların eşitdiklərim, gördüklərim və oxuduqlarım çeşid-çeşid insanın içində ən qeyri-adi və qəribə olduğunu söyləyə bilərəm. Lakin Əliyev Ələkbər Əliağa oğlunun dedikləri nə qeyri-adilikdir, nə də qəribəlik…

Baxın, o nə deyir: “Düz deyirsiz, mən kosmopolitəm, proqressiv bəşəriyyətin bir parçasıyam, Qərb təfəkkürlü bir insanam. Mən nikahdan əvvəl cinsi əlaqəni təqdir edirəm. Gənclər arasında seksual azadlığın olmasını dəstəkləyirəm. Bəli, mən buyam... Bunun nəyi təhlükəlidir ki? Mən seksual inqilabın baş verməsinin tərəfdarıyam. Azərbaycan bu mərhələdən keçməlidir”.

Sonra A.Ayxan sorushur:

- Siz valideynsiz? Qızınızın və ya oğlunuzun nikahdan öncə əlaqəyə girməsinə razı olarsızmı?

Əliyev Ələkbər de cavabında:

- Çox təəssüf edirəm ki, qızım yoxdur. Olsaydı, onun bir gün yetkinlik yaşına çatandan, davranışlarına görə məsuliyyət daşımağa başlayandan sonra öz boy frendi ilə qapını açıb içəri girməsi, məni onunla tanış etməsi mənimçün böyük xoşbəxtlik olardı. İki oğlum var, onları da bu ruhda tərbiyə edəcəm”.

Həqiqətən, nə deyəcəyimə çətinlik çəkirəm. Mən hələ onun Azərbaycanın bayrağında İslamın rəmzi olan yaşıl və türkçülük rəngi olan göy rənglərin bayrağımızda olmasını istəmədiyini yazmıram. Bu yazını da yazmaqda da əsas məqsədim Əliyev Ələkbərin düşündüklərini deyil, onun kimi düşünən həmvətənlərimin sayını bilmək üçündür.

Qərbi, ən azı bir universitet müəllimi olan qərbli qədər tanıdığım üçün qətiyyətlə söyləyirəm ki, Qərbin inkişafı heç də Əliyev Ələkbərin dediyi kimi seksual inqilabın olması səbəbi ilə deyildir. Mən qəti şəkildə inanmıram ki, Əliyev Ələkbərin “qızının yetkinlik yaşına çatandan, davranışlarına görə məsuliyyət daşımağa başlayandan sonra” öz aşnası ilə cinsi əlaqəyə girdiyi andan Qerbin elmi-təqiqat mərkəzləri və laboratoriyaları kimi elm ocaqları Azərbaycanda fəaliyyətə başlayacaq. Kütləvi şəkildə cinsi əlaqəyə girməklə inkişafa nail olunacağını iddia etmək cəfəngiyyatdır, tüfeylilikdir.

Gəlin, bir neçə təcrübəyə baxaq. Yunanıstan Avropa qitəsində seksual inqilabın səviyyəsinə, ölçüsünə və dərəcəsinə görə mavilərin vətəni sayılan Hollandiyaya “beş”, İngiltərə və Belçikaya isə “iyirmi beş çəkər”. Bu məqalənin müəllifinin 2008-ci ildə Yunanıstanın Egey dənizində olan adalarından birində işləyərkən gördükləri, “seksual inqilab” kəlməsini ilk raundun ilk saniyəsindəcə nokaut edər. Özü də ağır dərəcəli beyin-kəllə zədələnməsi ilə. Lakin statistik göstəricilərə görə Yunanıstan Avropa Birliyinin tərkibində olan 27 dövlətdən ən az inkişaf etmiş olan dövlətdir. 2011-ci ildə bu dövlətin bütün strateji qurumları Almaniya və Fransa tərəfindən satın alındı.

Başqa bir misalı isə dünyada “seksual inqilab”-ın zirvə nöqtəsində duran Nigeriyadan çəkmək istəyirəm. BMT-nin 2006-ci il “İnsan İnkişafının Göstəririci” (Human Development Index) proqarmında Nigeriyanın Edo vilayətində aparılan araşdırmalara görə əksəriyyəti xristian olan əhali arasında yeniyətmələrin cinsi əlaqəsi, fahişəlik və qadın alveri dünyanın başqa ölkələrindən qat-qat çox yayıldığı göstərilir. Əliyev Ələkbər arzusunda olduğu “seksual inqilab”-ın ən bariz nümunəsi yeniyətmələr arasında cinsi əlaqənin olmasıdır ki, Nigeriya bu məsələdə bir çox dünya dövlətlərini geridə qoyur. Lakin elə həmin hesabatda Nigeriyanın 179 ölkə içində insan inkişafına görə 154-cü yerdə olduğu yazılmışdır. Bu yerdə haqlı sual meydana çıxır. Niyə Yunanıstan və Nigeriya “seksual inqilab”-ın zirvə nöqtəsində olduğu halda həyatın digər sahələrində bu qədər geridədirlər?

Hətta orta sinif şagirdinə də bəllidir ki, inkişafa cinsi əlaqədə “azadlıq” etməklə deyil, elm ilə nail olmaq olar. Qərb elmə, təhsilə kifayət qədər diqqət və vəsait ayırdığı üçün inkişaf edir. “Nyi Saientis” (New Scientis) jurnalının 2008-ci il dekabr tarixli sayında (səh.76) “Böyük Britaniyanın hər il elmi araşdırmalara 2.8 milyard funt sterlinq ayırdığı göstərilmişdir (elmi araşdırma ilə təhsil qarışdırılmasın-müəllif)”.

İnkişafı “seksual inqilab”–a yazmaq elə inkişafın özünün əleyhinə olmaq deməkdir. Dünyada inkişafa görə qabaqcıl yerlərdən birini tutan Amerikada “seksual inqilab”-ın təsirindən ölkədə cinsi yoluxucu xəstəliklər ildırım sürəti ilə çoxalır. “Yoluxucu Xəstəliklərin Nəzarəti və Qarşısının Alınması Mərkəzi” (Centres for Disease Control and Prevention) 2006-cı il hesabatında Amerikada təkcə sifilis xəstəliyinə yoluxanların sayının 36.000 nəfər olduğunu açıqladı. Mərkəz həmçinin bu rəqəmin 2005-ci ilə nisbətən 11.8% artdığını da göstərir. “Amerika Tibbi Təşkilatının Jurnalı” (Journal of the American Medical Association- JAMA) 2003-cü il oktyabr nömrəsində daha maraqlı bir tədqiqat çap edib. Araşdırmaların nəticələrinə görə 2000, 2001 və 2002-ci illərdə Amerikada orta hesabla 195.000 nəfər naməlum səbəblərdən dünyasını dəyişib. Jurnal bu qənaətə gəlib ki, insanların naməlum səbəblərdən ölməsi onların pozğun həyat tərzi keçirməsi ilə əlaqədardır. Bu hələ məsələnin hamısı deyildir. Təkcə 1996-cı ildə Amerika Birləşmiş Ştatlarında qızların öz ataları tərəfindən bakirəliklərinin itirilməməsinin qarşısını almaq üçün hazırlanan dövlət proqramına Konqress 500 milyon dollar vəsait ayırmışdır.

Bu siyahını uzatmaq istəmirəm. Zənnimcə hər kəsə bəllidir ki, “seksual inqilab” inkişafa deyil, tufeylilik, əxlaqsızlıq, tərbiyəsizlik, biqeyrətlik, binamusluq və bişərəfliyə aparır. Kərbəlayı demiş, hər şeyimizi alıblar, indi də bu kolxoz oyununu atıblar ortaya…

Qeyd: Bir müsəlman olaraq Azərbaycan bayrağında olan yaşıl rəngin müdafiəsi üçün öz mövqeyimi ortaya qoymağa çalışdım. Türkçülük və millətçilik deyənlərin bayrağımızda olan mavi rəngin müdafiəsi üçün mövqeləri maraqlı olardı. Əminəm ki, onlar türkçülük və millətçilik deyərkən boşboğazlıq etmirlər.