Qız uşağı

qiz-usagi
Oxunma sayı: 1353

“Murdar və kafir urusların içində bir belə qayda var: hər kəs bir balaca qıza və yainki yekə qıza zor eləsə, haman adamı tutub göndərirlər on iki il Sibirdə katorqa çəkir.

Amma biz pakizə müsəlmanların da içində belə qayda var: bir kişi balaca qıza zor eləsə, biz haman kişini küçədə görəndə deyirik: “Allah mübarək eləsin”.

Bunlar hamısı necə olur-olsun, amma qız uşağının evdən tez rədd olmağı çox məsləhətdir. Ondan ötrü ki, evdə qız uşağı bir şey deyil”.
Bəli, Azərbaycanlı ailəsində qız uşağı bir şey deyil! (istisnalarla) Azərbaycanlılar demiş qız anadan olandan yazıq doğulur. Hələ doğulmasıyla atasının üzünə gətirdiyi qüssə-kədəri demirəm... “Qız?.. Əşşi!!!”
Əzizim Molla Nəsrəddin, uzun sürən ayrılıqdan sonra yenə sənə məktublar yazma ehtiyacında bulundum. Gərək ki, bu müddətə görə günahımdan keçəsən amma mənim üçün də çox çətin oldu. Səbəblərini isə gələcək məktublarda anlataram. Bu felyetonu oxuyub sənə yazmaqda məqsədim həmin problemin bu gün də olduğu kimi qalmasındadır. Molla, bilirsən necə çətindir “Qız uşaq”larından bol olan avam cəmiyyətdə tənha ada kimi yaşamaq? Bu elə böyük zülümdür ki, ondan nə azad ola bilirsən, nə də ki, qurtula. Bilirəm, bu bədbəxtlərə güldüyün qədər gecələri için-için ağlamısan. İçim didilir Molla, bir az da sən dinlə məni!
Bilirsən, bizim adamların xüsusilə də arvadların qəribə təfəkkürü var. Kənd yerlərində daha çox müşahidə etmişəm, ələxüsus, avam, 9 sinif bitirmişlər (hərçənd ki, xərçəng kimi belələri cəmiyyəti bürüməkdədir) şəhərdən kəndə qonaq gəlmiş adam gördülər mi verdikləri 3 sualdan biri “Nə vaxt tərpənirsən?” (Nə vaxt ərə gedirsən anlamında) olur. Əgər “Hələ təhsilimi davam etdirmək niyyətindəyəm” cavabını verəcəksənsə vay sənin halına. “Əşşi, ağəz nə oxumaq, 4 il oxudun bes eləmədi? bi dənə yaxşısını tapginən, qaxıl otur öyündə eşiyündə. Sonra gec olaceyeee, baxaceysən tay-tuşun hamısı gedib bir sən qalmısan ortada. Getməyə də adam olmayacey, ya dula gediceysən, ya da qartımışın birinə!”. Əstəfürullah, işə düşmədik deyib yüz cəhdlə söhbətdən yayınmağa çalışırsan elə həmin anda qonşuluqdakı həci xanımlardan biri gəlib qoşulur söhbətə. Özüdə ki, ağır seyid nəsli. Ağız büzərsən ağzın əyilər... Hə, bu da sənə ər, işə düşmədik. Bayaqkılar az idi indi biri də bu tərəfdən başlayır. “Ay qızım, nöş ərə getmirsən? biz tərəflərdə pisdiyee, 25-ə qədər getmədün deyirlər yəqin görəsən nəyi var bu qızın alan yoxdu? Yəqin gəzəyəndir!” Ay Allah bu nə dərddir düşdüm mən, fikirləşib söhbəti başqa tərəfə istiqamətləndirirəm, xalanın mənə bu dəfə sualı başqa olur. “Evdə namaz qılan var?”-. “yox, ay xala yoxdur”. “Hə də, ona görədir. Sənin yolun bağlanıb! Bir zikr elə, quran oxu! Allahı yad elə!” İstəyirəm çevrilib “Ay xala, ərəbcə Quran oxumaqla (tərcüməni də anlasa dərd yarıdır) özünü dindarmı sayırsan? Elə bil evdən gəlinini qovub çöllərə salan heç sən deyilsən... İndi tülkü həccə gedib təsbehlə zikr edir. Haqqın yolunu bulub. cavabını vermək istəyirəmsə də dilimi dişimə birtəhər sıxıb “Ya səbr” deyirəm!

Molla, bu adamlar məni sıxır. Burda 9 sinif bitirmiş, bütün günü qardaşının əmri ilə dörd divara qapanmış, pəncərədən oğlan güdən, yay gecələrində həyətə toplaşıb cinsi əlaqədən ağızdolusu danışan, xeyirdə-şərdə qonum-qonşu qarşısında fırrr eliyib 2 dəqiqəyə sehrbaz kimi süfrə salıb həci xanımın gözünə girməklə özünə “müştəri” axtaran, saman altdan su yeridən ən pisi isə sonda adama misal çəkilən (görürsən filankəsin qızını, maşallah iki dəqiqəyə bir süfrələr salır ki, özüdə ki həyalı abırlı) qız uşaqları məni boğaza yığıb! Molla, hələ burda ən gülməlisi bilirsən nədir? Bizim sürətli inkişaf yolunda olan ölkəmizdə 50 yaşında ərə getməyən və “qız uşağı” olmaları ilə fəxr edən xalalarımız, bibilərimiz, elə nənələrimiz də var... Utanıram, həqiqətən çox utanıram. Qadınlarımızın acizliyi, möhtaclığı, zəifliyi başqa dövlətlərin vətəndaşları qarşısında üzümü qızardır. Bağışla, Molla, mən azərbaycanlı qadınından ağızdolusu danışa bilmirəm! Çox yox elə 2 il uzağa gedib müəllimlər kollektivi ilə birgə rayona (Xudata) getməyimi xatırladım. Təbiət qoynuna çəkilmişdik. Demə olduğumuz meşənin içində Vələmir adlı Pir var imiş. Qız uşaqları həmin qəbiri (piri) ziyarət edib niyyət tuturlar və çox keçmir ki, elə həmin ili ərə gedirlər. Doğrusu bunu eşidəndə o qədər gülmüşdüm ki, anamın zəhmi olmasaydı bəlkə də səsimi kəsməyəcəkdim. Hələ həmin günü şahidi olduğum cəmiyyətimizin ziyalı adlandırdığı təbəqənin, müəllimlərin xırda daşlardan torpaqda balaca ev fiqurları quraraq ev niyyət etməsi, iki daşın arasına balaca daş atırmış kimi ayinləri həyata keçirməsini yəqin ki ömrümün sonuna kimi xatırlayacağam. Doğrusu orada gördüklərimə gülsəm də evdə gəlib doyunca ağlamışdım və sənə ilk məktubumu o hadisədən sonra yazmışdım, Molla! Nədənsə belə məqamlarda səni çox xatırlayıram, əzizim Nəsrəddin! Hə, birdə orda niyyət edən qız uşaqlarının çoxu ərə gedib. Mənə isə dini ələ saldığın üçün ərə gedə bilmədiyimi, Allahın qəzəbinə tuş gəldiyimi deyirlər. Hələ kafir kimi sözlərin hərəsi 1 qəpikdən üstümə necə yağdığını demirəm... Ehh, Molla... Onlar nə anlarlar ki, Tanrı nədir?.. Bəlkə də onların Allahı həmin daşların arasında idi... Həmin gün o daş və ziyalı sandığım o insanlar mənim ümidlərimi sındırdı... nəysə Molla, sən demiş evdə qız uşağı bir şey deyil.

P. S. Hə, birdə unutdum deməyi, ərə gedəndən sonra isə bizdə ən çox bu sual verilir: “Bi şey, mi şey yoxdu hələ?”