Qondarma respublikadan Mülki Aviasiyamızın direktoruna qarşı - Şok açıqlamalar

qondarma-respublikadan-mulki-aviasiyamizin-direktoruna-qarsi-sok-aciqlamalar-
Oxunma sayı: 636


Ermənistanın qanunsuz olaraq inşa etdirdiyi Xankəndi aeroportu artıq istismara hazırdır. “Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, hazırda təyyarələrin əldə edilməsi və şəxsi heyətin hazırlığı işləri aparılır. Bu barədə qondarma “Dağlıq Qarabağ Respublikası”nın Mülki Aviasiya Baş İdarəsinin rəisi Valeri Adabaşyan açıqlama verib. Onun sözlərinə görə, bu mərhələ başa çatan kimi uçuşlar başlanacaq. O, qeyd edib ki, Xankəndi Aeroportundan həyata keçiriləcək ilk uçuş erməni əsilli argentinalı xeyriyyəçi Edurardo Ernekyan tərəfindən hədiyyə olunan təyyarə vasitəsilə olacaq: “Biz ilk uçuşu cari ilin iyun-iyulunda həyata keçirməyi planlaşdırırıq. Təyyarə yeni olmasa da başlanğıc üçün bir tamamilə qane edir”.

Daha sonra təyyarələrin alınmasına gəlincə, Adabaşyan bildirib ki, bu məsələnin həlli maliyyələşmədən asılıdır. Onun sözlərinə görə, erməni tərəfi yeni təyyarə modelləri ilə maraqlanır və Braziliya istehsalı olan Embraer modeli də bu sıraya daxildir.

Adabaşyan Qarabağ təyyarələrinin Azərbaycan tərəfindən vurulacağı ilə bağlı səsləndirilən bəyanatlara da cavab verib: “Son vaxtlar belə ifadələr eşidilmir, amma... Buna oxşar sualı BBC jurnalisti də mənə vermişdi və mən ona belə cavab verdim.
Azərbaycan Mülki Aviasiyası üzrə Dövlət Administrasiyasının direktoru Arif Məmmədovun adı erməni dilinə tərcümədə “kütbeyin” kimi tərcümə olunur. Görünür boş yerə deyil. Əgər belə bir şeyi Hava hücumundan müdafiə komandanlığı, Müdafiə Nazirliyi, güc strukturlarının nümayəndələri desəydilər, bu məsələyə ciddi yanaşmaq olardı. Axı bu Arif, sadəcə olaraq Mülki Aviasiyası üzrə Dövlət Administrasiyasının direktorudur”.

Səidə