Quqarka qədər və Quqarkdan sonra

quqarka-qeder-ve-quqarkdan-sonra-
Oxunma sayı: 1037

Quqark Qarabağ dəhşətlərini, iblisanə vəhşilikləri yaddaşına həkk eləmiş yerdir, başqa sözlə müharibənin, ədalətsizliyin simvolu, ümumiləşmiş adıdır. Bu adı ədəbiyyata gətirməyi həyatından müharibə giziltisi keçən, o dövrə bütün prizmalardan baxmağı bacaran, həmin qan-qadanı, qaçqınlığı, ələbaxımlığı, itirilmiş qürurun və torpağın xiffətini çəkən şəxs bacara bilərdi. Seymur Baycanın «Quqark» romanını oxumazdan əvvəl bu qənaətdə idim.

Niyə yazım?

Kitabı oxuyanda heç onun haqqında nəsə yazacağımı planlaşdırmamışdım. Amma əsər haqqında səhv eləmirəmsə, iki məqalə oxuyandan sonra öz fikirlərimi bölüşmək qərarına gəldim. Çünki hər iki məqalənin müəllifləri romanın mahiyyətindən, oxucuya aşılamaq istədiyi ideyadan neçə kilometr kənardan gedərək, diqqəti yalnız hər on səhifədən bir adamın gözünə girən yemək səhnələrinə, müəllifin müxtəlif şəhərlərin ucuz qəlyanaltıxanalarında içdiyi araqların, pivələrin konyakların gətirdiyi dumanlığa yönəldir. Axı mənim bildiyim qədər bu kitab kulinariya yox, Qarabağ haqqındadır.

Digər tərəfdən Azərbaycanda ədəbi tənqidin səviyyəsinə, tərəfsizliyinə və vicdanlılığına bələd olduğumdan yaxşı bilirəm ki, bu kitab haqqında müəllifin dost-tanışından başqa kimsə nəsə yazmayacaq. Çünki «Qurak»ın müəllifi sifarişlə yazı yazmaq növbəsinə dayanan tənqidçilər üçün cəlbedici obyekt deyil, nə onun vəzifəsi var, nə də ortabab qonaqlıq verib hansısa mirzənin cibinə pul basacaq qədər imkanı və ürəyi. Əvvəlcədən deyim ki, bu yazım hələ bir dəfə də kəlmə kəsib hal-əhval tutmadığım müəllif haqqında yox, onun təqdim etdiyi əsəri haqqındadır.

410 səhifə!

Nədənsə yazıçılar qalın, bazburudlu görünən kitab yazmağa, daha doğrusu kitab bağlamağa meylli olurlar. Hətta bizimkilərdən elələrini tanıyaram ki, təzə yüngülvari nəsə ortaya qoyanda bütün ömürləri boyu yazdıqlarını, dəxli oldu-olmadı məqalələrini, «zapiska»larını da onun gözünə qatıb təzədən nəşr etdirirlər, təki kitabın «obloşkası» qalın olsun, sanballı görünsün. Hətta etalon yazıçılarımız da «seçilmiş əsərlər» markası altında əslində bütün külliyyatlarını verirlər, adamda belə təəssürat yaranır, görəsən bunların seçilməmiş əsərləri də qalıbmı? Hərçənd ki, kərpic-kərpic kitablarını aqibəti necə olduğunu bilməyən yoxdu. Müharibə haqqında oxuduğum ən gözəl əsərlər sırasında Şoloxovun qırx neçə səhifəlik «İnsanın taleyi» əsəri mənim üçün daha maraqlı, daha oxunaqlıdır, nəinki Fadayevin «Gənc qvardiya»sını, ya da Əbülhəsənin «Dünya qopur»unu vərəqləmək. Seymurun sadə həqiqəti ifadə eləmək üçün niyə görə 410 səhifəlik gəzişmələr eləməsinə eyni aspektdən yanaşıram.

Kitabın ümumi süjet ahəngi ilə çulğalaşmayan, ala-yarımçıq və tələsik işlənmiş qırıq-quruq xətləri, habelə bədiiliyi öldürən publisistika elementlərini, əsirin aşılmaq istədiyi ideyanı ağırlaşdıran amilləri kənara qoysaq ortada 75-80 səhifəlik maraqlı nəsə qalır. Bax mənim yazım həmin nəsə haqqındadır.

Roman belə olur?

İndi hamı roman yazır. Roman yazmaq dəbdədir, bəs oxumaq necə? Yazılanların hamısı nəsrin bu janrının standartlarına cavab verirmi? Yoxsa qaydasız döyüşün getdiyi Azərbaycanın ədəbi mühiti üçün hansısa qaydadan danışmağın mənası yoxdur. Hər halda dəvəquşu başını qumluğa soxub dağ boyda bədənindən xəbərsiz ola bilər, lakin başqalarını da onun kimi düşünməyə vadar edə bilməz. Bizimkilər nə yazmasından asılı olmayaraq hamısına roman deyə bilər, amma bizdən başqa da roman yazanlar var axı. Oxuyub başa çatdırdığım «Quqark»a povest desəm, ya da sovet hökumətinin yıxılması və Qarabağ müharibəsindən bəhs edən hekayələr məcmuəsi adlandırsam, lap elə super roman hesab eləsəm də bu, onun bədii məziyyətinə təsir göstərməyəcək. Bu, nə kompliment olacaq, nə də irad.

Nədən və necə yazır?

Əsərin əsas süjet xəttini SSRİ-nin dağılmasının insanlara təsiri, bir ictimai-siyasi formasiyanın çökməsinin sadə insanları sarsıtması, həyat və gələcək haqqında arzularının puç olması təşkil edir. Puç olan ümidlər sırasında xalqlar dostluğu haqqında nağıllar, itirilmiş torpaqlar, xarabazara çevrilmiş Qarabağ var. Sərhəddən Ermənistana adlayanda qarşına çıxan mənzərə müharibə «kimə nə verdi» sualını cavablandırır – «sovet dövründə tikilmiş sexlərin paslı boruları, ətrafa səpələnmiş qırmızı kərpiclər, …kitabxanaların, məktəblərin damında təsadüfən bitmiş otlar və ağaclar, xaçları əyilmiş qəbirlər, … bu bölgədə xoşbəxtliyin, ruhi sakitliyin hələ uzun müddət olmayacağını deyirdi». Bəs belə olan halda gələcək necədir? «Mənə elə gəldi ki, o kişi təzə qazdığı qəbirdə yanında dayanan uşağın gələcəyini basdıracaq» (səh. 18).

Krasnodar, Samara vağzallarında baş verənlər böyük imperiyanın çöküşünün acınacaqlı mənzərəsini canlandırır. Kommunizm əvəzinə cəhənnəmə düşən sovet vətəndaşlarının necə məğmun, yazıq göründüyünün şahidi oluruq. «İmperiyanın qəfil çöküşü adamları bərk çaşdırmış, təşvişə salmışdı. Heç kim imperiyanın belə qəfil çöküşünə hazır deyildi» (səh. 278).

Onu da deyim ki, əsərin dili sadə, boyaqsız olduğundan səmimi təsir bağışlayır. Müəllif yeri gəldi-gəlmədi, dialekt adlandırılan kənd-kəsək qrammatikasından istifadə edib kəllə-mayallaq cümlələr qurmur. İndi çoxlarının yoluxduğu «alt qat» xəstəliyinə də tutulmayıb. Yaman dəb düşüb, ortada normal mətn yoxdur, başlayarlar onun alt qatını eşələməyə, çox gülməli və əttökən mənzərə yaranır.

Məzmunun açılmasına yönələn proseslər əyalətdə baş verir, amma əsər əyalətçilik səviyyəsində yazılmayıb. Yazıçı öz rayonun ləhcəsində nənəsindən eşitdiyi nağıllara söykənib ədəbiyyat yaratmır.

Başına gələn ani qəzanı balaca uşaq gözünü bərəldərək, həyəcanla, birinin üstünə beşini qoyaraq necə nəql eləyirsə, kitab da adamla həmin dildə danışır. Əsərin ruhuna o qədər səmimiyyət hopdurulub ki, bunu etiraf etməmək mümkün deyil.

Üslub və yanaşma

Seymur roman boyu adlarının çəkilməsinin istənilən adama «intellektual» imic yaradacaq yazıçıların soyadlarını sadalayır. Təbii ki, geniş mütaliə ilə üst-üstə düşən həyat həqiqətləri yazıçının yaradıcı imkanlarını artırır, mətinlə işləmək, onu yönləndirmək üçün əlavə imkanlar açır, digər tərəfdən isə müəllifin düşüncələrinə hakim kəsilir, onu öz cazibəsindən uzaqlaşmasına imkan vermir. Bu baxımdan romanda mütaliənin təsiri izsiz ötüşməyib, hərdən belə təəssürat yaranır ki, Azərbaycan dilində yox, Azərbaycan dilinə tərcümə olunmuş əsər oxuyursan.

Məlumdur ki, böyük ədəbiyyat sülh göyərçinidir, o heç vaxt konyukturanın həvəsləndirməsinə qapılıb ideologiyanı, xüsusən də müharibəni, irqçiliyi təbliğ etməməlidir. Bu ana xətt müharibədən bəhs edən bütün ölməz əsərlərdə qorunub saxlanıldığından onların hamısının aşıladığı ideya və məzmun da eynidir. «Quqark»da ədəbiyyatın müharibəyə ənənəvi münasibəti göstərilir, hətta bu zaman əsərin qəhrəmanın düşdüyü situasiyalarda adama tanış gəlir. Deyəsən axı bunu hardasa oxumuşam təəssüratı oxucunu rahat buraxmır. «Quqark»da təsvir olunan hospital səhnələri – yaralı daşıyan əsgərlərin iniltisi, ölüm-qalım arasında çarpışan insanların fəryadı, başının itirən həkimlərin vurnuxması, habelə Qazaxıstanda mehmanxanaların birində qəhrəmanın düşdüyü situasiyalar, nəhayət onu xoşbəxt edəcək sevgisinə qovuşa bilməməsi, ülvi hisslərin yarımçıq qırılması Hemenquyeyin «Əlvida silah»ındakı zabitin başına gələnlərlə hədsiz dərəcədə eynilik təşkil edir. Haşiyəyə çıxaraq deyim ki, son vaxtlar yazlan romanları plagiat çıxarmaq dəb halını alıb, necə deyərlər od olmayan yerdən tüstü çıxmaz. Amma tam əminəm ki, bu eynilik mütaliənin təsirindən və ədəbiyyatın missiyasından irəli gəlir. Ədəbiyyatın sülhün yanında durduğu məlumdur, bu məlum həqiqəti bədii cəhətdən ifadə etmək üçün «Quqark»da adı çəkilən dünya şöhrətli yazıçılardan yaxşı olduğunu göstərməyə bəlkə də ehtiyac qalmır.

Təsvirlər adamı yorur. Sanki yazının ortasından müəllif özü də bir-birini dəfələrlə, on dəfələrlə təkrarlayan cümlələrin, abzasların, oxşar situasiyaların əlində əsir-yesir olduğunu etiraf edir – «belə əhəmiyyətsiz hadisələr niyə yaddaşımda ilişib qalıb» deyir (səh. 163).

Həvəslə təsvir olunan düşərgədə hadisələrin yenicə başlandığı ərəfədə birdən birə müəllif üzünü qeyri müəyyənliyə tutaraq danışmağa başlayır. 54-cü səhifədən 104-cü səhifəyə kimi tamam başqa xətt başlayır və yarımçıq da saxlanılır. Yalnız məzmunla uzlaşan sistemsiz hekayətləri ümumiləşdirmək və yekun əbədi nöqtəni qoymaq xaosda qanunauyğunluq axtarmaq kimi bir şeydir.

Oxuduqlarımdan gəldiyim qənaət

İki sual adamı düşündürür və ya müəllif bilərəkdən oxucunu bu suallar haqqında düşünməyə yönləndirir. Birinci, bu kimin müharibəsi idi? «Təhsilini yarımçıq qoyub, vətənin müdafiəsi üçün əlinə silah alıb əyninə hərbi forma geyən həqiqi vətənpərvərlər, həyatın bozluğundan bezib Andrey Bolkonski kimi müharibədə məna axtaranlar, macərapərəstlər, qarışıqlıqdan istifadə edib pul qazanmaq istəyənlər, zorla müharibəyə gətirilənlər… Onları birləşdirən qırmızı xəttin adı kasıbçılıq idi» (səh. 186).

İkinci, bəs bu müharibə nə verdi? Döyüşdən yaralanıb hospitala düşən həqiqi vətənpərvər şəhərə gələndə quldura çevrilir, gecənin ala-qaranlığında hətta yaralı vaxtı ona çörək gətirən adamı soyub talamaqla gününü keçirir.

Qarabağ müharibəsində bəxti gətirənlər və gətirməyənlər oldu. Dayaz və fırıldaqçı insanlar sonradan şöhrətin zirvəsinə qalxdılar. Onlara siyasətçi, ziyalı hətta yazıcı da dedilər. Düz-əmməli dərsə getməyən pis uşaqlar müharibədə qəhrəman oldular, bir vaxtlar dərsdən qaçdıqları məktəblər sonradan onların adını daşıdı.

Roman birinci şəxsin dilindən yazılsa da yazıçı özünü proseslərin fonunda bacardıqca soyuqqanlı, bitərəf kimi göstərməyə çalışır və kitabın az qala hər cümləsi bundan xəbər verir. Yəni bu müharibənin mənə dəxli yoxdur, nə vaxtsa mənə Nobel mükafatı vermək istəsəniz, lütfən bunu nəzərə alın. Əslində yazıçının sülh tərəfdarı olmasını bu qədər qabarıq formada oxucunun nəzərinə çatdırmasına ehtiyac yox idi. Sülh təəssübkeşliyi əsərin ideyasında özünü göstərməli idi və mənə elə gəlir ki, bu kifayət qədər nəzərəçarpacaq dərəcədə özünü göstərib.

Qarabağ müharibəsi iki gəncin alayarımçıq məhəbbəti fonunda verilir. Əsər pafossuz, bayağı çağırışsız yazılıb. Kitabda bir dənə də olsun şüar, gurultu, ibarəli cümlələr yoxdu, bu da təbii ki, onun oxunmasını rahatlaşdırır və daha maraqlı edir. Ən çox diqqətimi çəkən yer isə müəllifin düşərgədə Bakı ermənisi ilə söhbətidir. Erməni bütün dövrlər üçün vacib olan sualı verir – «Nə deyirsən, xalqlar barışacaq?». «Quqark»da belə suallar çoxdur. Konkret şəxsə yox, zamana ünvanlanan suallar ətrafında hələ çox düşünəcəyik.

Natiq Məmmədli
“Kaspi”