Qurban Qurbanov milliyə baş məşqçi gətirilməsindən danışdı

qurban-qurbanov-milliye-bas-mesqci-getirilmesinden-danisdi
Oxunma sayı: 659

- Milli komandamız “Avro-2012”nin seçmə mərhələsini 7 xalla başa vurdu. Ümumilikdə, yığmamızın çıxışını necə qiymətləndirirsiniz?
- Millinin çıxışını normal dəyərləndirirəm. Pis deyildi. Bəlkə də daha çox xal toplamaq olardı. Ancaq hər halda Azərbaycan tarixində ən çox xal topladılar.

- Siz necə, bu nəticəni uğur sayırsınız?

- Əlbəttə, qazanılan hər bir artıq xalı uğur kimi dəyələndirməliyik. Çünki buna qədər 5 xal görmüşük. İndi isə 7 xal. Yenə deyirəm, milli komanda daha da çox xal toplaya bilərdi.

- Ancaq yaradılan şərait və xərclənən vəsaiti nəzərə alsaq, digər ölkələrlə müqayisədə bu, bir qədər aşağı göstəricidir.

- Düzdür, bizə yaxın, qonşu ölkələrlə müqayisədə bu, bir qədər aşağı göstəricidir. Amma yenə də bəzi oyunları çıxmaq şərtilə gördük ki, Azərbaycan sonadək mübarizə apara bilir. Ən azı ev oyunlarında Belçika kimi komandayla heç-heçə oynadıq. Bəzi oyunlarda minimal hesablı məğlubiyyət aldıq. Az da olsa, inkişaf var.

- “Qarabağ”sa sizin başçılığınız altında oynayan futbolçuların milli komandadakı çıxışları barədə nə deyə bilərsiniz?

- Əfran zədədən sonra xeyli vaxt milli komandadan kənarda qaldı. Amma son oyunlarda get-gedə əsas heyət oyunçusuna çevirilmişdi. Amma Rəşad, Rauf demək olar ki, stabil çıxış elədilər. Məncə, pis alınmadı.

- Maraqlıdır ki, bu futbolçular “Qarabağ”da sərgilədikləri oyunu millidə tam göstərə bilmirlər.

- Mən deməzdim ki, “Qarabağ”ın futbolçuları millidə yaxşı təsir bağışlamırlar. Ola bilər ki, burada daim eyni uşaqlarla bir yerdə oynayırlar. Ancaq milli komandada başqa futbolçular da var. Bəlkə ona görə yığmada bir-birilərini yaxşı başa düşməkdə problemlər olur.

- Son vaxtlar Rəşad Sadiqovun oyununda bir qədər eniş hiss olunur. Bu, nə ilə
əlaqədardır?

- Yox, mən belə düşünmürəm. Sadəcə, zədədən sonra birinci görüşdə 90 dəqiqə oynamaqla bağlı müəyyən çətinliyi oldu. Amma sonrakı görüşlərdə tam hazır idi. Mənim komandamda heç bir futbolçu ilə bağlı narazılığım yoxdu.

- Maksim Medvedyev yığma komandadan kənarda qalıb. Berti Foqts bunu müdafiəçinin zəif çıxışı ilə əlaqələndirib. Siz alman məşqçinin bu fikirləri ilə razısınız?

- O da zədədən sonra bir neçə oyunda zəif təsir bağışladı. Bundan başqa, yığmada həmin mövqedə həm Vurğun, həm Rail, həm də Elnur oynayır. Ola bilsin, Foqts buna görə Maksimi çağırmayıb. Amma mən deyərdim ki, Maksim indi daha çox çalışır və getdikcə əvvəlki formasını yığır.

- Hər seçmə mərhələnin sonunda olduğu kimi bu dəfə də Foqtsun göndərilməsi və onun əvəzinə sizin milli komandanın başına gətirilməyinizlə bağlı müzakirələr gedir. Bunlarla bağlı sizin fikrinizi bilmək maraqlı olardı.

- Bu suallar mənə çox verilib. Sadəcə bir söz deyə bilərəm ki, mənim hazırda “Qarabağ”la müqaviləm var və fikrim millidə yox, Ağdam klubundadır.

- Artıq bir neçə mövsümdür ki, “Qarabağ” çempionatın əvvəllərində “qara zolağ”a düşür. Ancaq bundan sonra isə uğurlu seriya əldə edir və bu da uzun müddət belə davam edir. Sizcə, bunun səbəbi nədir?

- Hər bir komandada belə uğursuzluqlar olur. Bir az yorğunçuluq, bir az yüklənmə. İstər-istəməz belə halların baş verməsinə gətirib çıxarır. Biz avrokubok oyunlarına hazırlaşdığımız müddətdə demək olar ki, milli çempionat haqqında düşünmürdük. Premyer Liqa klubları ilə maraqlanmırdıq. Ancaq rəqib komandaları tanıdıqca, onlara qarşı daha yaxşı mübarizə aparırıq.

- Komandanız Premyer Liqanın növbəti turunda “Rəvan”la qarşılaşacaq. Bu rəqib və oyun barədə nə düşünürsünüz?

- Oyuna ciddi formada hazırlaşırıq. Həqiqətən də çox güclü komandaya qarşı oynayacağıq. Rəqib son iki oyunda 6 xal götürüb. “Rəvan”da həm məşqçi postunda, həm də oyun üslubunda dəyişiklik oldu. Ona görə də deyə bilərəm ki, bizi ağır oyun gözləyir.