Rafiq Əliyevin işdən çıxarılmasının 7 “səbəbi” – Mətn

rafiq-eliyevin-isden-cixarilmasinin-7-sebebi-metn-
Oxunma sayı: 702




Ötən həftə akademik Rafiq Əliyev kafedra müdiri olduğu Azərbaycan Dövlət Neft Akademiyasından işdən çıxarıldı. Rafiq Əliyevin işdən çıxarılması ilə bağlı verilən əmrdə onun R.Əliyevin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əməkmüqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv olunur) işdən çıxarıldığı göstərilir. “Qafqazinfo” Rafiq Əliyevin işdən çıxarılmasına səbəb olan müraciəti təqdim edir.

Ziyalılar Forumunun “Cəmiyyət və mənəviyyat” mövzusuna həsr olunmuş son iclasında müasir cəmiyyətin mənəvi durumundan ciddi narahatlıq ifadə olunub. Siyasi, hüquqi və sosial-iqtisadi reallıqlarla əlaqədar ictimai-mənəvi düşkünlük, sosial ədalətin aşağı səviyyədə olması, dövlət orqanları və vətəndaşlar arasında dialoqun olmaması narahatlıq üçün əsas törədən hallardır.

Forum iştirakçılarının, məhkumların doğmalarının və yaxınlarının çoxsaylı müraciətlərini nəzərə alaraq Ziyalılar Forumu aşağıdakıları vacib hesab edir:

1. Ziyalılar Forumu Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarına əməl olunmasına böyük diqqət yetirir;

2. Gənc fəallara qarşı həbs və məhkəmə təqibləri ilə müşayiət olunan təzyiqlərin yolverilməzliyini bəyan edir;

3. Forum müəyyən edib ki, məhkəmə təqiblərinə səbəb olan halların mütləq əksəriyyəti ölkə və cəmiyyət qarşısında cinayətlə yox, bugünkü reallıqlar, yürüdülən dövlət siyasətinə müxtəlif baxışların və mövqelərin toqquşması ilə bağlıdır. Azərbaycanda sərbəst toplaşma azadlığı hüququnun reallaşması ilə bağlı ciddi problemlər var. Forum dövlət orqanlarını toplaşma azadlığını reallaşdırmaq üçün daha məqbul yerin müəyyən olunmasına və şəraitin yaradılmasına, həmçinin mitinq keçirilməsinə cəhdlə əlaqədar barəsində məhkəmə prosesi başlamış siyasi və gənc fəalların azad olunmasına çağırıb;

4. Ziyalılar Forumu “hicab” problemi ilə əlaqədar dindarların həbsindən və təqib olunmasından ciddi narahatlığını bildirib. Forum parlamenti bu məsələləri dəqiq tənzimləyən qanun hazırlamağa və qəbul etməyə çağırır. Belə qanunun qəbulundan əvvəl isə forum hakimiyyəti həbs olunmuş dindarları azad etməyə çağırır.

5. Ziyalılar Forumu alternativ xidmət haqqında qanunun hazırlanmasını və qəbulunu vacib hesab edir. Belə ki, bu, ölkənin beynəlxalq öhdəliklərindən biridir. Qurum Bəxtiyar Hacıyev və Cabbar Savalanın həbsdən azad olunmasına çağırır;

6. Forum nümayəndələri Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Ramiz Rövşən və Eldar Namazov Ədliyyə Nazirliyinə müraciət edərək həbsdə olan gənc fəallara baş çəkməyə icazə verilməsini xahiş ediblər. Forum həbsdə olan fəallara müəllif imzaları ilə kitabların çatdırılması kampaniyasına başlayıb. Qurum hesab edir ki, onların cəmiyyətdən təcrid olunması dövlətin maraqlarına cavab vermir;

7. Ziyalılar Forumu korrupsiya, təhsil, səhiyyə, müstəqil məhkəmə icraatı, əsas hüquq və azadlıqların qorunması problemləri ilə bağlı hakimiyyət və vətəndaş cəmiyyəti arasında açıq dialoqa çağırır.