Rafiq Tağıya həsr edilən – şeir

rafiq-tagiya-hesr-edilen-seir-
Oxunma sayı: 871







Dipdiri adam

Hərdən bilərəkdən, ya bilməyərəkdən
ağzından kiminsə xoşuna gəlməyən
bir-iki söz qaçırardı.
Bəzi ağzıgöyçəklərin də
əlinə fürsət düşərdi.
Palaz-palaz yazılar
özünə yer tapardı qəzet səhifələrində.
Beləcə aləm bir-birinə qarışardı:
Güya Rafiq Tağı bütlərə toxunub...
Əslində kimlərsə qarışqadan fil düzəldib
məsələni bir qədər qəlizləşdirməyə
çalışardı.
Heç kim heç kimin kitabını
oxumadığı bir vaxtda
bu, bir qəzet sahibinin də işi ola bilərdi,
bir cızma-qara müəllifinin də.
İpə-sapa yatmayan Rafiq Tağı
qalardı odla su arasında
Bir də görərdin
günahsız bir insanda günah axtarırlar,
“raşotkalar” arasında otuzdururlar onu
kimdənsə üzr istəməsini diqtə edirlər.
O, isə bir uşaq sadəlövhlüyü ilə
yada salardı olanları:
“mən desəm də, deməsəm də
axı dünya fırlanır”.
Bir vaxtlar Röyanın dustaqxanaya
corab, nə bilim nə göndərməsi də
onun qəlbini kövrəltmişdi.
Məhbusların neçə sevindiyindən yazmışdı.
Zarafatından qalan deyildi sağ olmuş.
Allaha o qədər yaxın idi ki,
ayətullahların fitvası da
onu susdura bilməzdi.
Bilsəydik, heç Semaşkadakı həmkarlarına da
etibar etməzdik qələm dostumuzu.
Ancaq palatada yatarkən
üzündəki təbəssüm aldatdı bizi.
Elə torpağa tapşırıldığı gün də
zarafatından qalmadı.
Bir tufan qopardı ki,
az qala Yeri öz mehvərindən çıxaracaqdı.
Möcüzə baş vermişdi.
Qəbiristanlığa üz tutan avtomobillərin
təkərləri yerində fırlanırdı,
şaxta qılınc kimi kəsirdi,
küləyin vıyıltısından
qulaq tutulurdu.
Elə bil kəfəni yırtıb,
dipdiri bir adamam,
məni hara aparırsınız,-deyirdi.
Səbəbsiz deyildi heç nə.
Nə Yasamal yüksəkliyindəki
tıxacın yaranması.
Nə yerin, göyün ağ dona bürünməsi,
Nə acı-acı göz yaşları...
Bir ağ atlı oğlanın
son sərgüzəştləri idi
bütün bunlar.
Sağ olmuş
səfərindən bir həftə qabaq
telefonda oxuduğum bir şerə görə
məni də yaxşıca yıxıb sürümüşdü,
lap sıxıb suyumu çıxarmışdı.
Noyabrın 24-də
kitablarını sinələrinin üstünə tutub
səbirsizliklə onu gözləyən
fanatlarını da elə az məyus etmədi.
Ay zalım dünya!
İndi Rafiq Tağının
ruhunun dolaşdığı yerlərdə
bir az çaşqınlıq var,
bir az səhlənkarlıq,
bir qədər də soyuqluq ...