Ramazan boşboğazlığı

ramazan-bosbogazligi
Oxunma sayı: 647

Bərbər dostumuz əli çənəsində sağ və sol profildən poz verərək foto çəkdirib və bu fotoşəkillər kürək-kürəyə montaj edilib. Fonda qaranlıq gecə, aypara və ulduzlar. Şəkildəki dıydıqlıq qaranlıq səmaya ayın rəngində həkk edilmiş aşağıdakı cümlə ilə davam edir: “Hər bir qaranlıq gecənin bir açılan səhəri var!” Ciddi redaktə xətaları ilə ərsəyə gələn bu cümlə əslində adama gülüşdən artıq nisgil bəxş edir. Mən buna çarəsizlikdən fəlsəfə yapma deyərdim. Bərbər fotodakı ümidsiz sifətinə rəğmən hegelsayağı amiranəliklə dayanıb və bu anda özünü dünyanın ən sanballı fikir adamlarından biri hesab edir. Olsun... Ama, lütfən bizim də konuya keçməyimizə icazə versin.

Həmişəki kimi bu dəfə də divardakı şəkilə xəcalət çəkə-çəkə baxdım və həmin fəlsəfi fikri təkrar oxudum. Kresloya yayxanan kimi “Bürc FM”-də müqəddəs Ramazanla bağlı veriliş başladı. Verilişin qonağı yeri gəldi-gəlmədi uzun və bəsit dini söhbətləri ilə intellektual kəsimin zəhləsini tökən Hacı Fuad idi. Daha doğrusu, başqa qonaqlar da vardı ancaq Hacı Fuad onların danışmasına imkan vermirdi. Söhbət nədən getsə yaxşıdır: qadın-kişi münasibətindən, analıqdan, ataya-anaya hörmət etməyin vacibliyindən. Bildiyiniz kimi belə mövzular hər cür boşboğazlıq üçün münbit şərait yaradır. Qonuşhaqonuş, bitib tükənəsi deyil!

Əksər dindarlar kimi kütləni avam yerinə qoyan Hacı Fuad islam peyğəmbərindən bir hədis danışdı. Bir adam rəsulullahın yanına gəlib soruşur: “Atamamı çox hörmət bəsləyim, yoxsa anamamı?”

O boyda islam peyğəmbərinə belə bir sual verən adama nə ad vermək olar? Bunu mən yazmayacam özünüz deyin... Onu da nəzərə alın ki, Hacı Fuadın pafoslu təqdimatında peyğəmbərdən “Anana çox hörmət et” cavabı alan gənc təzədən bir də, bir də – düz üç dəfə eyni sualla tanrı elçisinin üstünə qayıdır. Nəhayət dördüncü gəlişində guya peyğəmbər ona deyir: “Atana hörmət et!” Hacı Fuad davam edir: “Deməli burdan nə nəticə hasil olur? Atanı da ananı da sevmək lazımdır”.

Mən balaca qımışıram və güzgüdə bərbərin sifətinə baxıram. O, işindən qalmadan Hacı Fuadı qəzəblə dinləməkdədir. Hacı Fuad isə, deməzsiniz bəs, artıq ikinci əhvalata keçib. İndi də Müqəddəs Ərdəbilidən danışır. Canım sizə desin, kimsə qaça-qaça Müqəddəs Ərdəbilinin anasının yanına gedir ki, oğlunuza yüksək alim rütbəsi verdilər. Anası zikr edərək deyir: “Bəs nə bilmişdiniz, ona mən süd vermişəm!”

Yenə qımışıram. Bərbərin isə qaşları daha da düyünlənir. Birdən deyinirmiş kimi söyləyir: “Bunlar da camaatı ələ salıblar ee... Mənim Hacıma bax!”
Hacı Fuad bərbərin də sözünü kəsib üçüncü əhvalatı danışır. Bir gün peyğəmbərdən soruşurlar ki, niyə qadınlara peyğəmbərlik verilmir. O cavab verir, bəs peyğəmbərləri doğan kimdi?
Belə, əziz oxucu, sən demə peyğəmbərləri qadınlar doğurmuş, mən də elə bilirdim oğlum Rəşad kimi leylək dimdiyində gətirir.