“Ramil Usubov ən çox hörmət elədiyim şəxslərdən biridir” - Müsahibə

ramil-usubov-en-cox-hormet-elediyim-sexslerden-biridir-musahibe-
Oxunma sayı: 1042





Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin “Qafqazinfo”ya eksklüziv müsahibəsi:


- Dünən Sizin yas mərasimləri ilə bağlı müraciətiniz oldu. Bu müraciətiniz səhv etmirəmsə dəfələrlə baş verib. Niyə nəticə olmur?
- Belə bir vəziyyətin yaranmasına görə cəmiyyəti qınamaq o qədər də düzgün deyil. Sovet dövründə İslam dinin qorunub saxlanması üçün bizə yas mərasimləri, təziyyələr, haradasa yığışmaq lazım idi. O zaman Azərbaycanda 18 məscid var idi, indi 1800-dək məscid var. O dövrdə islam dinini saxlamaq və davam etdirmək üçün bəzən bidətlərə göz yumurduq... Buna görə də, hər zaman Ulu Öndərimiz Heydər Əliyev, ondan sonra da prezident İlham Əliyev iftar süfrəsindəki çıxışında İslam dininin milli mənəviyyatımızın, tariximizin, azərbaycançılığın bu günə kimi gəlib çıxmasında böyük rolunun olduğunu vurğulayıblar. Biz bu məqama çox böyük qiymət verməliyik. Yəni, o dövrdə ola bilsin ki, yas məclislərində ifrata varılması anlaşıla bilərdi. Sonrakı dövrlərdə, eləcə də indi 1800-ə yaxın məscidin olduğu bir vaxtda, müstəqilliyimiz bərpa olunduğu dənəmdə, ehtiyac var ki, sovet dövründən sonrakı vaxtda yeni mərhələ həyata keçirək. İndi yeni nəsil, yeni dövr yaranır. Həzrət Əlinin bir kəlamı var ki, öz övladlarınıza gələcək yolu göstərin, çünki onlar gələcək üçün doğulmuşlar. Bu gün bizim buna ehtiyacımız var. Əgər xalqın rifahı siyasi, iqtisadi cəhətdən inkişaf gedirsə, milli mənəvi dəyərlərimiz də inkişaf getməlidir. Biz əsas mənbəni yəni Qurani-Kərimi, peyğəmbərin hədislərini dəyişməməklə, o adət-ənənələrə münasibət bildirməliyik. Əgər əvvəllər dini qoruyub saxlamaq ancaq dindarların boynuna düşürdüsə, artıq din ictimai və mənəvi varlıqdır. Bu gün din mənim də ziyalının da, ağsaqqalın da, adi işçinin də, məmurun da varı-dövlətidir. Buna görə dini saxlamaq, gələcəyə çatdırmaq üçün biz bu məsələyə toxunmalıyıq. Bu çox geniş məsələdir. Amma dünən QMİ-nin Ağsaqqallar Şurası, Qazilər Şurası və ziyalılar birlikdə bu gün insanları narahat edən toy və yas mərasimlərinə toxunub. Mən sizə deyim ki, biz məsələyə bir yerdə baxmalıyıq. Yəni toyu yasdan ayırmaq olmaz. Əgər bunların birində islahat aparılıb, o birində aparılmasa, biri digərinə mənfi təsir göstərəcək. Cəmiyyətin yuxarı təbəqəsi olduğu kimi kasıb təbəqəsi də var. Toy və yas həm orta, həm aşağı, həm yuxarı təbəqəyə aid olan məsələdir. Hər bir ata öz oğluna yaxşı toy etmək istəyir, hər bir oğul da atasını yaxşı şəkildə dəfn etmək istəyir. Çalışmalıyıq ki, həm milli mentalitetə, milli ənənələrimizə uyğun bu mərasimləri keçirdək, israfçılıq olmasın. Biz belə bir qərara qəbul etdik, amma fətva vermədik. Çünki bu əmr etmək kimi olardı, bu isə ənənələrə bağlı şey olduğundan biz sadəcə məsləhət veririk.

- Bu məsələyə münasibət bildirən cəmiyyətin tanınmış və nüfuzlu şəxsləri öz toy və yas mərasimlərində bu qaydaları tətbiq etməlidirlər ki, aşağı təbəqənin nümayəndələri də nümunə götürsünlər. Elə deyil?
- Söhbət burada insanların bir yerə yığışmağından yox, yas və toy mərasimindəki ifratçılıqdan gedir. Bəzən elə bilirlər ki, biz yas mərasimində 3, 7 və 40 mərasimlərinin, o cümlədən cümə axşamlarının keçirilməsini məhdudlaşdırırıq. Xeyr, belə deyil. Bu hər kəsin şəxsi işidir. Mən gündə bir dostuma başsağlığı verirəm, yanında otururam, onunla həmsöhbət oluram, bu şəriətdə çox vacib olan yaxşı işdir. Qaldı onu ehsan formasına çevirməyə, bir növ yığışıb yemək məqsədi ilə kiminsə evinə getməyə, biz bunu istəmirik. Bir yoldaşla, dostla başsağlığı qəbul etmək üçün bir stəkan çay içilə bilər. Sovet vaxtı istəyirdilər ki, cümə axşamları olmasın. O dövrdə camaatın yığışması üçün cümə axşamlarından çox istifadə edirdik. Bu gün cümə axşamlarından yenə də istifadə etmək istəyirik. Amma sovet dövründəki kimi yox, müasir formada, gedib ancaq başsağlığı vermək formasında. Vacib məsələlər vəfat edən üçündür. Kəfən, qüsul, dəfn, namazdır. Bu vacib məsələdir. Ondan sonrakı məsələlər adətdir. Adətin özü də çox olanda bidət olur. Yəni sərhədi keçəni Allah bəyənmir.

- Bu arada Azərbaycanda qəbiristanlıqlarda da villa-məzarlar yaranmağa başlayıb. Bu dəbdəbəli dəfnlər, məzarüstü abidələr, qəbir yerlərinin baha qiymətə satılması da cəmiyyətin narazı qaldığı məqamlardan biridir.
- İslam dini ilə xristian dini arasında fərq ondadır ki, onlar ibadət yerlərində qızıl, gümüş saxlayırlar. Bu bir növ dünyagirlikdir. Amma islam dinində belə bir ifadə var ki, filankəsin evi məscid kimi tər-təmizdir. İslamı rövnəqləndirən insandır. Ona görə də, burda insan amilini, təfəkkürünü, onun cəmiyyətdə rolunu daha qabarıq verməliyik. İslam dini də bunu istəyir. Mən istərdim ki, bugünkü gündə bizim ziyalılarımız, ağsaqqallarımız vacib olmayan məsələlərdə bizə yardımçı olsunlar.

Qəbirlərə gəlincə, dövlət dəfn üçün yerlər ayırıb. Qəbiristanlıqda yeri satmaq olmaz. Qəbiristanlıqda işləyən şəxslər, qəbir qazanlar, onun içini hörənlər zəhmətlərinin və xərclənən vəsaitin haqqını ala bilərlər. Amma qəbir satmaq, bu haramdır, olmaz.

- Qəbiristanlıqlara Sizin idarə nəzarət etmir?
- Bu sahəyə biz baxmırıq. Hər halda bir dövlət qurumu bununla məşğul olur.

- “Əjdərbəy” Məscidinin yaxınlığındakı çadır maşınları ilə bağlı fikirlərinizdə daxili işlər naziri Ramil Usubovla bağlı qaranlıq məqam var. Mümkünsə aydınlıq gətirərdiniz fikirlərinizə...
- Bunlar hamısı ayaqüstü müsahibənin yaratdığı problemdir. Jurnalistlərin bir-birini eşitməməyi, orda bir-birinin suallarını kəsməyi, bir fikir bitməmiş ayrı mövzunu ortalığa atmaları belə bir aydın olmayan vəziyyətin yaranmasına səbəb oldu. Açığı orada qeyd elədiyim vəziyyətin yaranması məni bir qədər əsəbiləşdirdi. Mən “Əjdərbəy” məscidini misal gətirdim. Başqa yerlərdə də belədir. İnsan ölüsünü gətirəndə baxırsan ki, qara maşınlardır düzülüblər ard-arda. Orda da yaşayanlar var, məhəllələr var, dayanıblar “çadır, çadır” qışqırırlar. Hətta şərait yaratmırlar ki, bu adam ölüsünü aparıb yusun. Adamların üstünə daraşıb alver eləyən kimi “qoy mən sənə çadır verim”, “qoy mən aparım”-deyirlər. Bu da din adından istifadə olunma deməkdir. Üstəgəl narahatlıq, hörmətsizlik və səliqəsizlik. Mən də demişəm ki, belə vəziyyətin qarşısının alınması üçün bir neçə dəfə müvafiq qurumlara müraciətlər etmişəm. Bu gün də daxili işlər naziri Ramil Usubova müraciət edirəm. Yəni, mənim bu vaxta qədər Ramil Usubova müraciətim olmayıb.

Mən bir neçə dəfə əyani şəkildə yerli icra hakimiyyətinə müraciət etmişəm. Olub müəyyən dövrdə bunları çəkindiriblər, uzaqlaşdırıblar. Amma yenə də bunlar o formada yığışıblar. Hətta bəzi söz-söhbətlər yayılmışdı ki, bunlar yığışıbsa, şeyxin rolu var. Mənim Ramil Usubova müraciətim kömək istəməklə bağlı olub, başqa məqsədlə deyil. Amma qəzetlər mənə istinadən yazır ki, 3 dəfə müraciət olunub, amma Ramil müəllim buna baxmır. Bu cür deyil. Mən Ramil Usubova hələ dünən müraciət etmişəm. Mən açıq bildirmək istəyirəm ki, Ramil Usubovun haqqında elə sözlər demərəm. Əvvəla belə bir fakt yoxdur. Digər tərəfdən də Ramil Usubov mənim ən çox hörmət elədiyim şəxslərdən biridir.

Bizim bu qədər yas və toy mərasimləri ilə bağlı çıxışlarımız qalıb bir qıraqda, “kim kimə müraciət edib” məsələsini əsas müzakirəyə çıxarıblar. Jurnalistlərlə gərək görüşlər, treninqlər təşkil edək. Jurnalistlərin 2-3 aydan bir hamısını dəvət edək, meydan verək, onların suallarına şərh verək. Bəzən deyirəm ki, hər kəs öz ölüsünü yusun. Bunu başa düşmürlər. Elə bilirlər ki, bizdə ölü yuyan vəzifəsi var, bizdə bu vəzifə yoxdur. Hər kəs öz kəfənini də evdən gətirməlidir. Ölüyuyanı icarəyə götürülürsə haqqını verirlər. Əgər biz məscidlərdə işçilərimizin yuduğu ölülərə görə cüzi pul alırıqsa, bunu ancaq və ancaq həmin şəxslərə əmək haqları vermək üçün edirik. Kiminsə etirazı varsa, buyurub gəlsin və öz ölüsünü də pulsuz yusun. Əslində bu çox savab bir olardı.

- Gürcüstandan bir neçə şəxs sizin nümayəndənizin qadınları siğə etməklə məşğul olması haqqında ittiham irəli sürüb.
- Bu əsassız fikirlərdir. Gərək belə bir iddia səsləndirmək üçün kiminsə əlində əsas olsun. Əsassız iddia bunu səsləndirən insanın şəxsiyyətinə də zərbədir.