Ramil Usubov: “Hər bir vəzifəli şəxs məsuliyyət daşıyır”

ramil-usubov-her-bir-vezifeli-sexs-mesuliyyet-dasiyir-
Oxunma sayı: 816

“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini, habelə cari ilin ötən müddətində digər hüquq-mühafizə orqanları ilə birgə cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsində uğurlu nəticələrin əldə olunduğunu, əvvəlki dövrlərin müsbət təmayüllərinin qorunub-saxlanıldığını, kriminogen durumun tam nəzarətdə olduğunu bildirib.

Nazir deyib ki, cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlər çərçivəsində mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması üzrə əməliyyat-xidməti fəaliyyətin təkmilləşməsi, orqan və hissələr arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb etdiyindən müvafiq sahədə fəaliyyət gündəlik nəzarətdə olmuş, Kollegiya iclaslarının və əməliyyat müşavirələrinin müzakirəsinə çıxarılaraq bir sıra zəruri qərarlar qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə danışarkən daxili işlər naziri diqqətə çatdırıb ki, ölkədə sosial, iqtisadi, siyasi, elm, mədəniyyət və digər sahələrdə əldə olunmuş nailiyyətlərdə, daxili və xarici siyasətin milli maraqlara uyğun uğurla aparılmasında, qanunçuluğun, asayişin, insan hüquq və azadlıqlarının etibarlı təminatında, bütövlükdə dövlət idarəçiliyinin həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası müstəsna əhəmiyyət kəsb edir. Onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi dövlət orqanları qarşısında duran ən vacib məsələlərdəndir və bu işin təşkilinə görə hər bir rəhbər vəzifəli şəxs fərdi məsuliyyət daşıyır.

Hər bir orqan rəisinin gündəlik fəaliyyətində, idarəçilik qərarlarının qəbulunda Prezident tərəfindən imzalanmış fərman və sərəncamların, tapşırıqların həlledici olduğunu diqqətə çatdıran Ramil Usubov hər iki məsələ ilə bağlı müsbət işlərin görüldüyünü, eyni zamanda müəyyən nöqsan və çatışmazlıqların da mövcud olduğunu qeyd edib.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxış efdib. O deyib ki, son 3 ildə mülkiyyət əleyhinə cinayətlərdən olan şəxsi əmlak oğurluqlarının, quldurluq və soyğunçuluqların qarşısının alınması və açılmasına həsr olunmuş kollegiya iclasları, habelə xüsusi əməliyyat müşavirələri keçirilib. Bu istiqamətdə idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, ağır və xüsusilə ağır cinayətlər törətmiş cinayətkar qrup və dəstələrin vaxtında zərərsizləşdirilməsi, əməliyyat mövqelərinin möhkəmləndirilməsi ilə bağlı Nazirlik tərəfindən zəruri tədbirlər görülüb, yerlərə praktiki köməkliklər göstərilib. Nəticədə Yevlax, Şəki, Goranboy, Abşeron, Ağdam, Hacıqabul, Salyan, Nizami, Binəqədi, Yasamal, Qaradağ şəhər, rayon polis orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə mülkiyyət əleyhinə 1290 cinayət törətmiş 497 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Həmçinin, Yevlax, Şəki, Oğuz, Qax, Bərdə və digər rayonlarda qeydə alınmış 45 mal-qara oğurluğunun, rabitə və elektrik kabellərinin, neft borularının talanması ilə bağlı 45, liftlərin ehtiyat hissələrinin oğurlanması ilə əlaqədar 32 cinayətin, yanacaqdoldurma məntəqələrinin operatorlarına qarşı edilmiş 38 soyğunçuluğun üstü açılıb.

Müvafiq əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 16 quldurluq, 13 soyğunçuluq, 41 oğurluq, 126 nəqliyyat vasitəsinin qaçırılması cinayətlərini törətmiş şəxslər qısa müddətdə müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Bildirilib ki, bütövlükdə son 1 il 3 ayda qrup halında 1365 mülkiyyət əleyhinə cinayət törətmiş 1281 şəxs müəyyən olunmuş, axtarışda olan 763 nəfər tutulub.

Gündəlikdəki ikinci məsələ ilə əlaqədar DİN-in Katibliyinin rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edib. Məruzəçi qeyd edib ki, 2008-ci ilin əvvəlindən bu ilin iyun ayınadək daxil olmuş 363 fərman, sərəncam və tapşırıqdan 214-ü nəzarətə götürülüb. Onlardan 79-u Nazirliyin normativ hüquqi aktlarının qanunvericiliyə uyğunlaşdırılması, 65-i tapşırılmış vəzifələr üzrə zəruri tədbirlərin görülməsi ilə əlaqədar, daha 219-u məlumat xarakterli olub. Fərman, sərəncam və tapşırıqlar çərçivəsində həyata keçirilən tədbirlər fəaliyyətin beynəlxalq standartlara uyğun, qabaqcıl təcrübə əsasında qurulmasına şərait yaradıb. Bu mənada, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiyanın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı böyük əhəmiyyət kəsb etməklə Nazirlik tərəfindən hər il üzrə ayrıca hazırlanıb icraya yönəldilən xüsusi plan əsasında yerinə yetirilib. Milli Strategiyanın icra olunduğu dövrdə Nazirliyə 137 mindən çox, o cümlədən vətəndaşların daxili nəzarət orqanlarına birbaşa müraciətləri üçün şəraitin yaradılması tədbirinə uyğun olaraq Daxili Təhqiqatlar İdarəsinə 3182 ərizə daxil olub. Müraciətlərin yalnız 1 faizi əməkdaşların korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsi ilə bağlı olub. Aparılmış araşdırmalarla vətəndaşlardan pul almağa cəhd göstərdiklərinə görə 26 fakt üzrə 71 əməkdaş xidmətdən xaric edilib, 11 nəfər tutduğu vəzifədən azad olunub, 22 nəfər cəzalandırılıb, 8 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Hazırda «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanına uyğun olaraq, DİN-in internet saytında elektron xidmətlər göstərilməsi üçün xüsusi elektron xidmət bölməsinin yaradılması, həmin bölmədə göstərilən xidmətin adının, bununla bağlı tələb olunan sənədlərin (ərizə, blank və s.) elektron formasının yerləşdirilməsi, müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbulu, bu haqda təşəbbüskarlara təsdiqetmə bildirişinin göndərilməsi, göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsi, aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təmini və digər istiqamətlərdə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edilib ki, fəaliyyətdə mühüm rolu olan «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» Prezidentin 28 dekabr 2006-cı il tarixli sərəncamının icrası üzrə tədbirlər də ardıcıllıqla həyata keçirilib. Bu baxımdan, polisə gətirilmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsi gündəlik nəzarətdə olmaqla 2008-2010-cu illər ərzində insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı aşkarlanmış 437 fakta görə 685 əməkdaş barəsində ciddi intizam tənbehi tədbirləri görülüb, o cümlədən 34 nəfər xidmətdən xaric olunub.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması kimi mühüm vəzifələrin icrası «Azərbaycan Respublikasında sosial iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» ölkə Prezidentinin 24 noyabr 2003-cü il tarixli fərmanından irəli gələn tələblərə uyğun təşkil edildiyini deyən polis general-mayoru N. Əliyev 2008-2010-cu illərdə və cari ilin ötən dövründə DİN rəhbərliyi tərəfindən paytaxtda və ayrı-ayrı regionlarda 550-dən çox vətəndaşın qəbul edildiyini, «Qaynar xətt»ə və elektron poçt ünvanına daxil olan 9 minə yaxın müraciətə baxıldığını, bütün ərizə və şikayətlərin nəzarətə götürülərək böyük əksəriyyətinin müsbət həll olunduğunu, vətəndaşlara ətraflı yazılı cavabların verildiyini diqqətə çatdırıb.

Hər iki məruzə üzrə görülmüş işlər, qarşıda duran vəzifələr, mövcud nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması yolları ilə bağlı müzakirələr aparılıb.

İclasa yekun vuran daxili işlər naziri Ramil Usubov gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib. O, xüsusilə vurğulayıb ki, ölkə Prezidentinin imzaladığı normativ hüquqi aktlardan, ayrı-ayrı müşavirələrdə verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrası Nazirlik sistemində, onun təşkilati strukturları olan polis orqanlarında və Daxili Qoşunlarda beynəlxalq standartlara uyğun islahatların aparılmasını, fəaliyyətin müasir tələblər səviyyəsinə yüksəldilməsini, normativ hüquqi bazanın təkmilləşdirilməsini, vətəndaşların müraciətləri ilə bağlı məsələlərin, o cümlədən informasiya əldə etmək imkanlarının genişləndirilməsini, şəxsi heyətin xidmət şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılmasını, təlim və tədris keyfiyyətinin artırılmasını, orqan və hissələrin maddi-texniki təchizatının gücləndirilməsini şərtləndirmişdir. Bütün bunlar isə asayişin təmin olunmasının, vətəndaşlarla münasibətlərin, onlara xidmətin, ümumən sosial funksiyaların maksimal səmərəli modelini yaratmağa imkan verib.

Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı qətiyyətli mübarizə, ictimai asayişin təmini sahəsində qanunla müəyyən edilmiş vəzifələri, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, ölkə iqtisadiyyatının dinamik inkişafının əsas şərtlərindən olan sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.