Ramil Usubova açıq məktub!

ramil-usubova-aciq-mektub
Oxunma sayı: 1506

Məntiqlə buna görə də hüququmu yaxşı bilməli və polislərə güvənməməliyəm. Ancaq jurnalistikanın qızıl qaydalarından biri də məhz güvəni saxlamaq, vətəndaşın yanında olmaq, onun inamını yanıltmamaq, haqqını danmamaq, satmamaqdı. Bəlkə də, buna görədir ki, məni heç nə “sənə güvənmişdim, niyə etdin” sualı qədər sarsıda bilmir.

Bilirəm, duyğusal, hətta sadəlövh də görünə bilərəm. Sizə ünvanladığım bu yazını oxuyub sadəlövhlüyümü ələ salanlar da tapılar. Ancaq bəzən insan bataqlıqda çiçək də axtarır...

Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Aqil Ələsgərovla ilk dəfə tanış olandan sonra yaxınlarıma, bir müddət sonra hətta özünə də dedim ki, onun simasında polislərə olan nifrətim azaldı. Çünki o vaxta qədər polis deyəndə gözümün qarşısına yekəqarın, küçədə alverçiləri söyüb-qovan, mitinqlərdə insanları döyən kobud məxluqlar gəlirdi. Onları başqa harada görmüşdüm ki?! İricüssəli, yaraşıqlı, eyni zamanda mədəni təsiri bağışlayan bu müstəntiq haqqında “hiss olunur ki, gendən gələn bir kübarlığı var, ədalətli adamdır” kimi fikirlər səsləndirirdim. Bilmirəm, bəlkə də, bu, özümü aldatmaq üçün deyilmişdi, hüquq-mühafizə orqanında çalışanların belə olmasını istəmişdim. Amma... Yanıldım, güvənim sarsıldı... Və bir daha əmin oldum, Azərbaycan polisinə işin düşərsə, səni ancaq əzəcəklər. Anla, əgər hüququnu bilmirsənsə, onu sənə öyrətməyəcəklər, güvənirsənsə, bundan yararlanacaqlar.

Təfərrüata varmadan deyim ki, məni müstəntiqlə tanış edən işdə zərərçəkənəm. Amma elə ilk gündən qarşı tərəflə barışıq əldə etdik və bunu isbatlayacaq ərizə müstəntiqə təqdim olundu. “Jurnalistlər mənim dostumdu, barışmağınızı mən də istəyirdim, amma rəis deyir ki, polis idarəsində iş bağlansa, başqa cür başa düşəcəklər, elə biləcəklər nəsə xeyrim olub. Ən yaxşısı, gedin məhkəməyə, işə xitam verilsin”-deyib bizə imza atmaq üçün bir neçə sənəd təqdim etdi. Sənədin əsas hissəsinin boş olduğunu vurğulayanda məzəmmət də etdi: “Mənə güvənmirsən? Hər halda narkotikada günahlandırmayacam. Vaxtım yoxdu, indi qol çəkin, sonra əsas hissəni özüm dolduracam. Onsuz da barışmısız, nə problem olacaq ki? Bizim də məqsədimiz konfliktləri həll etməkdi”. Hətta sağollaşanda mənə “bundan sonra burda bir qardaşın var”-dedi.
Müstəntiqin “xoş” məramını məhkəmədə anladıq. Məlum oldu ki, ittiham aktında maddə dəyişib, guya təqsirləndirilən şəxs vəkillə təmin olunub və ən əsası işə barışıq ərizəsi tikilməyib. Ən pisi də odur ki, biz öz imzamızla bütün bunları təsdiqləmişik...

İttiham aktı ilə məhkəmədə tanış olanda ciddi-cəhdlə müstəntiqin məhkəməyə gəlməsini istəyirdim və hələ də inanırdım ki, hansısa anlaşılmazlıq olub. Hələ də güvənirdim ona. Təəssüf, min təəssüf... Mənim güvəndiyim, polislərə rəğbətimi artıran bu adam yalanlarından ürpənmədən üzümüzə durdu, ona barışıq ərizəsi vermədiyimizi, təqsirləndirilənin vəkillə təmin olunduğunu dedi. O danışdı, mənsə illərdən bəri haqqı tapdanmış insanların nələr keçirdiyini tam mahiyyəti ilə anladım. Qulaqlarımda özündənrazı, bəlkə də ata hesabına diplom almış prokurorun “ali savadlı jurnalistsiz, hüquqlarınızı niyə bilmirsiz? Niyə oxumadığınız sənədə qol çəkirsiz?” sualları əks-səda verirdi. Haqlı sözə nə deyəsən?

Cənab nazir!

Öz sadəlövhlüyümə görə kimisə qınamıram. Bəli, mən polis idarəsində olduğumu unutmamalı, bir müstəntiqə güvənməməliydim. Yazdıqlarım heç şikayət də deyil. Sadəcə məlumatlandırmadı. Bəlkə də, faciə ilə yanaşdığım bu məsələ sizin üçün adi qarşılanan, hər gün rastlaşılan sıradan bir işdir. Amma bu dünya təkcə hüquqlarla, sənədlərlə idarə olunmur. Hər kəsin icində bir VİCDAN da yatır axı. Anlayıram ki, Siz bu cəmiyyəti dəyişəcək gücdə deyilsiz, lakin rəhbərlik etdiyiniz qurumda nələrəsə nail ola bilərsiz. Həyat gözlənilməz sürprizlərlə doludur. Heç olmasa, polislərə öz gələcəklərinin təminatı üçün ədalətli olmalarını aşılayın.