Ramiz Mehdiyevdən İranın “Səhər” kanalına ağır ittihamlar

ramiz-mehdiyevden-iranin-seher-kanalina-agir-ittihamlar
Oxunma sayı: 678



“Hər bir müasir dövlət kimi Azərbaycan da informasiya-telekommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirir. Bu sahə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan edilib”. “Qafqazinfo”nun məlumatına görə, Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə deyib. “Biz informasiya təhlükəsizliyi məsələlərində Avropa Şurası, Avropa Komissiyası, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əlaqə saxlayırıq. 2008-ci ildə Azərbaycan Avropa Şurasının “Kibernetik cinayətkarlıq haqqında Konvensiya”sını imzalayıb. Beynəlxalq Elektrik Rabitəsi İttifaqının tövsiyəsi ilə ölkəmiz 2010-cu ildən Beynəlxalq Elektrik Rabitəsi İttifaqının üzvü olan 192 ölkədən 136-sını birləşdirən beynəlxalq çoxtərəfli tərəfdaşlıq (İnternational Multilateral Partnership against Cyberthreats - İMPACT). çərçivəsində əməkdaşlıq edir”, - Ramiz Mehdiyev qeyd edib.

Prezident Administrasiyasının rəhbəri bildirib ki, Azərbaycan həm də “Şərq tərəfdaşlığı - Avropa Şurası mexanizmi” proqramı çərçivəsində Şərqi Avropada həyata keçirilən kibernetik cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində iştirak edir. Bu layihənin həyata keçirilməsi gedişində Avropa və beynəlxalq normativ vasitələrindən və praktikadan istifadə edilməklə kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün potensialın möhkəmlənməsi üzrə məsələlər həll edilir. Növbəti regional konfransın Bakıda keçirilməsi planlaşdırılır.

Ramiz Mehdiyevin sözlərinə görə, haker hücumları qərəzli xarakter daşıyır və hər gün dünyanın bütün ölkələrində baş verir: “Azərbaycan da informasiya təhlükəsizliyinə təhdidlərlə üzləşir. Bu baxımdan qeyd edə bilərək ki, son bir ildə ölkəmizin dövlət orqanlarının və digər müəssisələrinin kompyuter sistemlərinə haker hücumlarının sayı artıb. İnformasiya təhlükələrinin təşviş əhval-ruhiyyəsinin yayılması, dövlətin ərazi bütövlüyü haqqında informasiyanın təhrif edilməsi, terrorçu və separatçı radikal-dini fəaliyyətə təhrikçilik kimi formalarını da xatırlatmalıyıq. Təəssüf ki, Azərbaycan aşkar informasiya təhrikçiliyi nümunələri ilə çox tez-tez üzləşir. Bu hallarda kibernetik məkanda separatçı fəaliyyətə açıq çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü şübhə altına qoyulur. Vurğulamağa dəyər ki, bu cür hərəkətlər çox vaxt qonşu Ermənistanın informasiya strukturları tərəfindən törədilir”. Azərbaycan rəsmisinin fikrincə, Ermənistan ilə Azərbaycan arasında münaqişənin mahiyyəti haqqında yalan məlumatlar yayan informasiya resurslarının yaradılması, ərazilərin adları dəyişdirilmiş saxta xəritələr hazırlanması, bu məqsədlər üçün Azərbaycana aid domen adlarından istifadə edilməsi ölkəmizə qarşı haker hücumlarının müxtəlif növləri hesab edilə bilər.

Ramiz Mehdiyev İranın “Səhər” telekanalının Azərbaycana qarşı təxribatlarından da danışıb: “Son bir neçə ildə İran İslam Respublikası tərəfindən Azərbaycanın efir məkanının məqsədyönlü şəkildə pozulmasının davam etməsini də xatırlatmalıyıq. Bədnam “Səhər 1” beynəlxalq kanalı əsasən Azərbaycandakı hədəf auditoriyasına ünvanlanıb və bu kanal ölkəmiz haqqında daim bilərəkdən yalan və saxta informasiya yayır. Bu vəziyyət Beynəlxalq Elektrik Rabitəsi İttifaqının “Radiorabitə reqlamenti”nin 23-cü maddəsinin birbaşa pozulması deməkdir. Həmin maddədə konkret olaraq müəyyən edilib ki, radioyayım stansiyalarının gücü milli radio xidməti tərəfindən həmin ölkənin sərhədləri daxilində yayımın yaxşı keyfiyyətinin qənaətlə və səmərəli təmin edilməsi üçün zəruri kəmiyyətdən yuxarı olmamalıdır”.

Prezident Administrasiyasının rəhbəri bildirib ki, Azərbaycan öz efir məkanının informasiya təhlükəsizliyinin müdafiəsini təmin etmək üçün texniki və texnoloji tədbirlər görür: “İranın rəsmi şəxsləri bu problemin mövcud olmasını çoxsaylı ikitərəfli, o cümlədən müvafiq qurumlar səviyyəsində görüşlərdə etiraf edirlər, lakin vəziyyət dəyişmir. Qeyd etmək lazımdır ki, başqa ölkələr də buna oxşar çətinliklərlə üzləşirlər. Bununla əlaqədar efir məkanının oxşar pozulması hallarının tənzimlənməsi üçün real mexanizmləri birlikdə axtarmaq lazımdır”.