Dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, bu dəfə azarkeşlər daha maraqlı qarşılaşmaya şahidlik edəcəklər.
Belə ki, 1/8 finalda okeanın o tayından olan iki komanda – Braziliya və Meksika üz-üzə gələcək.
Qarşılaşmanın tarixinə nəzər salanda tamaşaçıları həddən artıq maraqlı bir matçın gözlədiyini görməmək mümkün deyil.
Bu komandalar arasında ilk qarşılaşma Braziliyanın ev sahibi olduğu 1950-ci il mundialında oynanılıb. Həmin matçı cənubi amerikalılar 4:0 qazanaraq qrupda uğurlu çıxışa start vermişdi. Həmin turnirdə qrupda 5 xalla lider olan Braziliya finalda Uruqvaya 1:2 uduzaraq kuboku qazana bilməmişdi.
Həmin mundial Braziliyada “Böyük fəlakət” olaraq adlandırılır.
Meksika isə həmin turnirdə qrup mərhələsində bütün oyunları məğlub başa vurmuşdu.
Bu oyun komandalar arasında 41-ci matç olacaq.
Geridə qalan 40 qarşılaşmada favorit olan “sambaçılar”ın aşkar üstünlüyü var. Bu oyunların 23-dən Braziliya, 10-dan isə Meksika qalib ayrılıb. 7 matçda isə tərəflər meydanı sülhlə tərk ediblər.
Cənubi amerikalıların 73 qoluna, meksikalılar 36 qolla cavab verə bilib.
Braziliya Meksika üzərində iki böyükhesablı qələbə qazanıb. “Sambaçılar” 1954 və 1992-ci illərdə oynanılan matçlarda 5:0 hesablı qalibiyyətə sevinib.
Meksika 5 qat dünya çempionları üzərində ilk qələbəni 8 oyundan sonra qazanıb. İlk 7 matçda uduzan və 1-də heç-heçə edən şimali amerikalılar 1968-də oynanılan yoxlama görüşündə qələbə üzü görmüşdü.
Braziliya Meksika üzərində böyük üstünlüyə sahib olmasına baxmayaraq 1999 və 2004-cü illər arasındakı 5 ildə “sambaçılar” rəqibii üstələyə bilməmişdi.
Bu komandalar arasında sonuncu oyun 2015-ci ilin 7 iyununda oynanılıb. Həmin matçda Braziliya Koutinyo və Tardellinin qolları ilə 2:0-lıq qələbə qazanıb.
Son xəbərlər
Son Xəbərlər