Braziliyada koronavirusdan ölənlər toplu şəkildə basdırılır

braziliyada-koronavirusdan-olenler-toplu-sekilde-basdirilir
Oxunma sayı: 1992

Koronavirus (COVID-19) epidemiyasından ən çox təsirlənən Latın Amerikası ölkələrindən olan Braziliyada ölənlərin dəfn edilməsi üçün kütləvi məzarlar qazılmağa başlanılıb.

“Qafqazinfo” Braziliya mətbuatına istinadən xəbər verir ki, ölkənin Amazonas əyalətinin paytaxtı Manaosda COVID-19 səbəbiylə həyatını itirənlər üçün kütləvi məzarların qazılması qərara alınıb. 

Manaos Bələdiyyəsinin verdiyi açıqlamada Taruma bölgəsindəki “Nossa Senhora Aparecida” qəbiristanlığında “xəndək” adlanan kütləvi məzarların qazılmağa başlandığı bildirilib.

Həmçinin ölənlərin sayının artması səbəbi ilə qərara alınan bu üsulun digər ölkələrdə də istifadə edildiyi, bununla yanaşı cənazələrin şəxsiyyətinin qorunacağı və tabutların müəyyən məsafələrə basdırılacağı qeyd olunub.

Qəbiristanlıqda çalışan işçilər açıqlanan ölüm sayının doğru olmadığını iddia edərək ölüm hallarının daha çox olduğunu bildirib.

Qeyd edək ki,  Braziliyada 46 182 insan koronavirusa yoluxub, 2 924 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.