Rektorun şok məktubu üzə çıxdı - Mətn

rektorun-sok-mektubu-uze-cixdi-metn
Oxunma sayı: 1477

Tanımadığım adam mənə zəng edib kömək istədi

Azərbaycan hakimiyyətinin Strasburqdakı təxribatının qarşısı siyasi emiqrantlar tərəfindən alınıb.

Məhkəmə prosesində polislərdən ibarət quldur dəstəsinin başçısı Hacı Məmmədov bildirdi ki, o səkkizayaqlı ilbizin bir barmağıdır, başqaları da var. Bu həqiqətən də belədir. 2011-ci ilin avqustunda mən Hacı Məmmədovun məhkəmədə dediklərinin bütün sübutlarını əldə etdim.
Avqustda mənə tanımadığım adam zəng edib kömək istədi. Onun səsinin əsməsindən bəlli idi ki, insan çətinliyə düşüb. Mən onunla görüşüb onun tarixçəsini dinləyəndə anladım ki, Hacı Məmmədov düz deyib. Bu adamın adı bu ilin yayında Fransaya gəlib burada siyasi sığınacaq istəyən Bakıdakı Beynəlxalq Universitetin keçmiş rektoru, hüquq elmlər doktoru, professor Elşad Abdullayevdir. Buna baxmayaraq, o, hətta Fransada Azərbaycan hakimiyyəti tərəfindən hədə və şantajlara məruz qalıb. Dörd həmvətənimiz (ikisi Azərbaycanın Strasburqdakı konsulluğunun işçisi) və Strasburqda yaşayan bir türk Azərbaycan hakimiyyətinin tapşırıqlarını yerinə yetirərək Elşad Abdullayevin Fransanı tərk etməsi üçün hər şey ediblər. Onlar Abdullayevin etimadını qazanaraq onu içirdib, sonra da Serbiyaya aparmağa cəhd ediblər: dələduzluq yolu ilə ondan 30 min avro alıb, daha sonra yenə 50 min almaq istəyiblər. Onun Strasburq məhkəməsinə sənədlərini təqdim etməsinə maneələr yaradırdılar. Nəhayət konkret olaraq hədələyirdilər ki, Elşad Abdullayev Fransanı tərk etsin. Bizim müdaxiləmizdən sonra Azərbaycan hakimiyyətinin təxribatının qarşısı alındı. Hazırda Elşad Abdullayev təhlükəsiz yerdədir, fırıldaqçılarla isə Fransanın hüquq-mühafizə orqanları məşğul olur (əminəm ki, onlar layiq olduqları cəzanı alacaq).

Bundan əlavə, Elşad Abdullayev 2003-cü ildə qardaşı Mahir Abdullayevin (AR MTN əməkdaşı, mayor) oğurlanması, digər qardaşının zəhərlənməsi faktına dair özündə olan materialları və sübutları Strasburq məhkəməsinə təqdim edib. Bu sənədlərdəki faktlar o dərəcədə biabırçıdır ki, onlarla Interpol maraqlanıb.

Oxucuların Elşad Abdullayevin Azərbaycanda, daha sonra Fransada niyə təqib olunduğunu bilməsi üçün Elşad Abdullayevin ölkə başçısı Ilham Əliyevə müraciətini dərc etdirmək istəyirəm. Bu müraciətdə göstərilən faktların hamısı sənədlərlə, gizli kamera ilə həyata keçirilən video çəkilişlərlə, pulların alınmasını təsdiq edən notarial sənədlərlə, mobil rabitə əlaqələrinin açılmış danışıqları ilə, məhkəmənin hökmü və s. və i. sübut olunur.

Hilal Əsədovla Akif Çovdarov Mahiri geri qaytarmaq üçün 2 milyon dollar alıb

“Qardaşım Mahir Abdullayevlə bağlı cinayət, məkan və zaman etibarilə 13 oktyabr 2003-cü ildə müğənni Mətanət Isgəndərlinin mənzilində baş verib. Cinayətin icraçıları isə müğənni və bacısı Təranə, Sənan Ibrahimov, Qulu Cəfərov, skripkaçı Asif, Mətanətin sürücüsü Teymur, prodüsseri Ələddin, mühafizə xidməti rəhbəri Fazildir. Metal alverçisi olan Arzu Kazımovla DIN-in 1-ci müavini general Zahid Dünyamalıyev Mahirin qaytarılması üçün 3 milyon dollar alıb. KQB əməkdaşları general Hilal Əsədovla polkovnik Akif Çovdarov Mahiri geri qaytarmaq üçün 2 milyon dollar alıb. Indiyə qədər alınan pul və Mahir geri qaytarılmayıb. Akif Çovdarov etiraf edib ki, Rusiyanın Sverdlovsk şəhərində birgə meşə materiallarının istehsalından Mahirə 72 min dollar borcu var. Hələ 2003-cü ilin yanvarında Akif Çovdarov Mahiri oğurlamaq istəyib. Belə ki, müğənni Mətanət Isgəndərli Sverdlovska konsertə gedərək Mahiri də ora dəvət edib. Mahir bundan şübhələndiyi üçün Moskva şəhərinə gələrək tələbə yoldaşı, FSB-nin polkovniki Nicatı da özüylə Sverdlovska aparıb. Nicatın işlədiyi yerdən ehtiyat edən Çovdarov Mahiri oğurlamır. Mahirlə Çovdarovun qohumu Qulu Cəfərov tanış olaraq Bakıya taxta-şalban göndərirlər. Onlar faizini ödəmək şərtilə Mahirdən külli miqdarda pul alırlar. Akif Çovdarovun taxta-şalban zavodunda Mahirin onunla, Nicatla, Qulu Cəfərovla, Namiqlə 42 fotosu var və onları məhkəmə-istintaqa təqdim edə bilərəm. Mahiri Mətanət aldadaraq Sverdlovska gətirməklə orada saxlamaq istəyib. Həmin dövrdə Akif Çovdarov axtarışda olub, Bakıya Binəqədi rayon polis idarəsinin rəisi rəhmətlik Ələmdar Tağıyevin pasportuyla gəlib-gedib. Lakin qalmaqallı siyasi qətllərdə fəal iştirak etdiyinə görə 2003-cü ildən Azərbaycan MTN-ində böyük vəzifəyə irəli çəkildi. Cəmiyyətdə banda başçısı Hacı Məmmədovun cinayətinin fəal üzvü, bir medalın iki üzü kimi təqdim edilir.

Mahir Abdullayev niyə oğurlanıb?

Mahirin oğurlanmasının əsas səbəbi böyük pul və Beynəlxalq Universiteti ələ keçirmək olub. Belə ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2008-ci ildə özünün yaxın qohumu Fikrət Əliyevi Beynəlxalq Universitetə prorektor təyin etdi. O, Ramiz Mehdiyevin qızı Kamanın əri biznesmen-deputat Ilham Əliyevin böyük qardaşıdır. Fikrət Əliyev mənə bildirdi ki, ərizələrini geri götür, yoxsa ABU-nu bağlayacaqlar. O tələb edirdi ki, prezidentə yazdığım ərizələri təcili geri götürüm, lakin bundan imtina etdim. Fikrət Əliyev MTN Anti-terror Mərkəzinin polkovnikidir, birbaşa rəisi qardaşım Mahirin oğurlanmasını təşkil edən Hilal Əsədovdur. Fikrət Əliyev təhsil qanunvericiliyini pozaraq heç bir elmi dərəcəsi və pedaqoji fəaliyyəti olmadan rektor olmaq arzusuyla yaşayırdı. Öncə Ramiz Mehdiyevin təşəbbüsüylə məndən tələb etdilər ki, ABU-nun təsisçiliyini MTN polkovniki Fikrət Əliyevə verim, məni isə rektor işləsəm də, bir neçə aydan sonra yaxşı işləməməyi bəhanə gətirib azad edəcəkdilər.
Sahibkarların mülkiyyəti hakimiyyətdəki qrupların təzyiqilə yaxın qohumlarının adına yazdırılırdı. Tədqiqatlar göstərir ki, sahibkarların əmlakı zorla əlindən alınaraq həmin qruplaşmanın göstərişilə yaxın adamlarının adına köçürülüb. Bu əmlaklar Hacı Məmmədov və dəstəsinin vasitəsilə həyata keçirilirdi. Görünməmiş zorakı metodlardan istifadə olunaraq göstərişlər birbaşa qruplaşma tərəfindən gəlirdi. Hacı Məmmədov kimdir ki, yüzlərlə adamı Qarabulaq istirahət mərkəzində öldürüb basdırsın, 6 ildən çoxdur ki, onu MTN-in “podval”ında saxlayırlar, çünki bu qəddarlıq işinin gizli sirləri açılmasın. Cahangir Hacıyevin arvadını oğurladılar, sonra himayədarları onu həbsə ataraq oyuncaq məhkəmə qurdular. Bu cinayətlərin başlıca səbəbi mülkiyyət savaşıdır. Öz qəddar cinayətlərini gizlətmək üçün yalançı adam oğrusu “Hacı Məmmədov məhkəməsi” yaradılıb.
Azərbaycanda sahibkarlara qarşı belə bir qəddarlıq yolu var, 3-6 aydan sonra rektoru vəzifədən azad edirlər, bu barədə mənə Fikrət Əliyev xəbərdarlıq etmişdi. Buna görə də onu işdən azad etdim və tələbə-müəllimlər onun bu niyyətinə görə ABU-dan qovdular. Bu andan ABU-nun bağlanması prosesi başlandı.

Mənə qarşı dövlət səviyyəsində terror olub

Adam oğrusu Hacı Məmmədovun oyuncaq məhkəməsi göstərdi ki, zərərçəkmişlərin heç birinin hüquqları təmin edilmədi, əksinə, hakimiyyət onları susdurmaq üçün şantaj edirdi. Qarabulaqda Hacı Məmmədov tərəfindən çəkilmiş minlərlə video-kasetlərin biri də məhkəmə prosesində göstərilmədi. Bu kasetlərdən hüquq-mühafizə orqanları biznes mənbəyi kimi istifadə etdi. Maraqlısı budur ki, Hacı Məmmədov oğurladığı adamların yaxın qohumlarını şantaj edərək deyirdi ki, siz bilirsiniz qohumunuzu kim oğurlayıb, mənə deyin, gedim gətirim. Bununla zərərçəkmişləri susdururdu. Mahirin oğurlanmasında da MTN əməkdaşları - Hilal Əsədov, Elçin Quliyev, Fikrət Əliyev, Akif Çovdarov, Rəsul Rəsulov, Yaşar, Nazim Lətifov, Teymur Quliyev, DIN-in banditizm idarəsinin rəhbərliyi iştirak edib.

Mən peşəkar hüquqşünas, 30 illik hüquq professoru kimi başa düşə bilmirəm ki, öz xalqına qarşı bu qəddarlığın səbəbi nədir. Hacı Məmmədova etdiyi cinayətlərə görə ömürlük cəza verilib, lakin qəddarlıq fəlsəfəsi davam edir. Akif Çovdarovun cinayətkar dəstəsi xalqa qarşı cinayətini davam etdirir. Məhkəmə prosesi 6 ildir Hacı Məmmədovun cinayətlərinin başçısı, rəhbəri və təşkilatçısını, havadarlarını müəyyən edə bilmir. Nəhayət, dəqiqləşdirdim ki, kim məndən qardaşım Mahirin oğurlanması üçün külli miqdarda pul istəyib və ABU-nu məndən istəyir. Deməli, Mahiri oğurlayanlar da odur, bu, cinayətin zəruri hüquqi tələbidir. Ona görə də qardaşımın geri qaytarılması üçün məndən külli miqdarda pulu Ramiz Mehdiyevin qohumu Arzu Kazımov və ABU-nu istəyən də Ramiz Mehdiyevin qohumu Fikrət Əliyev olmuşdu.
Yuxarıda qeyd etdiyim adlardan əlavə, cinayətdə adı keçənlər Yasamal rayon MTN-in rəisi Mütəllim Usubov, DIN-in 1-ci müavini Vilayət Eyvazov və DIN banditizmə qarşı mübarizə idarəsinin adam oğurluğu şöbəsinin rəisi, polkovnik Sədrəddindir. Qardaşımın oğurlanmasıyla bağlı cinayətin tez bir vaxtda açılması üçün tərəfimdən bir sıra tələblər irəli sürülüb. Bu isə hüquq-mühafizə orqanları rəhbərlərinin xoşuna gəlməyib. Mənə və yaxın qohum-əqrəbama qarşı dövlət səviyyəsində psixoloji təzyiq, terror və genosid tədbirlər həyata keçirildi”.

(Ardı var)

Redaksiyadan: Yazıda adı hallanan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.