Rəsul Quliyevin kitabında nələr var?

resul-quliyevin-kitabinda-neler-var
Oxunma sayı: 871

Heç uzağa getmədən, ən yaxın keçmişimizdə baş verənləri xatırlayaq: SSRİ dövründə Azərbaycanın tarixi büsbütün saxtalaşdırılmaya məruz qalsa da, Sovetlərin çöküşüylə bir çox həqiqətlərin ortaya çıxması an məsələsi oldu. Bəlli oldu ki, illər uzunu ən şərəfli kimi təqdim edilən tarixlərin çoxu, əslində millətimizin ən faciəli günləriymiş; ən pis adamlar kimi qələmə verilənlər - ən yaxşılar, ən yaxşı kimi sırınanların əksəriyyəti isə ən əclaflarıymış... Bəlkə də elə tarixinə, yəni həqiqətə bu cür münasibətdən, millətin nifrəti o həddə çatdı ki, 70 il, az qala, Allah yerinə qoyulan, bütə döndərilib sitayiş olunanların heykəllərinin boğazına bircə gecədə ip salıb yerlə sürüdülər, sanki, canlısına tüpürürlərmiş kimi, o heykəllərin sifətinə tüpürdülər.

Cəmi 20 il keçib, indi 70 illik o “allahlar”dan əsər-əlamət yoxdur, yenilərinin yaradılmasına səy göstərilsə də, aqibət mütləq eyni olacaq. Çünki həyat dəfələrlə sübut edib ki, həqiqəti müvəqqəti gizləmək, pərdələmək olar, onu birdəfəlik itirməksə yox! Bu da kainatın fitrətindədir. Yalan və saxtakarlıq qarlı qışın buzudursa, həqiqət o buz üzərinə düşən isti yay günəşi; yalan - zülmət gecədirsə, həqiqət - doğduğunda zülməti sökən sübh şəfəqi ...

Azərbaycan parlamentinin sabiq sədri, 15 ildir ABŞ-da siyasi mühacir həyatı yaşamağa məcbur edilən Rəsul Quliyevin yenicə tamamladığı “Qarabağ: müqavimətsizlikdən doğan faciə” kitabı da, təqribən, yaxın 250 illik tariximizin indiyədək saxtakarlıqla gizlədilən, üstünə qara pərdə çəkilən məqamlarının işıqlandırılması, analizi və qiymətləndirilməsi, eləcə də ölkəmizin əsas probleminin – Dağlıq Qarabağ faciəsinin yaranmasının gerçək səbəblərinin üzə çıxarılması baxımından, son dövrlərdə yazılan ən yaxşı əsərlərdən sayıla bilər. Doğrudur, kitabın hələlik yalnız elektron variantı Azərbaycana gəlib və “Yeni Müsavat” qəzeti onun hissə-hissə dərcinə başlayıb. Ancaq şübhə yoxdur ki, bu kitab yaxın zamanlarda nəşriyyatların da ən yüksək tirajla çap etməyə can atacaqları bir əsər olacaq...

Əslində kitaba daha çox Azərbaycan siyasətinin nəhəng simalarından sayılan Rəsul Quliyevin mənsub olduğu xalqın bugünkü faciələrinin keçmişdən gələn qaynağını, səbəbini – yəni indiyədək yalanlar içərisində ört-basdır edilmiş əsl həqiqəti arayıb-axtarmaq istəyinin məhsulu olaraq baxmaq gərəkdir. Çünki kitabda ana xətt bugünkü “Qarabağ düyünü”nün yaranmasına gətirib çıxaran yolun ətraflı öyrənilməsi olsa da, müəllif, demək olar ki, təxminən, 250 ilə yaxın müddətdə Azərbaycanla bağlı dünya siyasətində lokal və qlobal xarakterli bütün mühüm hadisələri qeydə alaraq analiz edib, həm ayrı-ayrı şəxsiyyətlərin, həm də bir xalq kimi özümüzün konkret tarixi situasiyalardakı davranışlarını təhlil edərək, ortaya cəsarətli mövqe qoyub.

Doğrudur, indiyədək bu istiqamətdə xeyli əsərlər yazılıb, xüsusən də son vaxtlar tanınmış alimlər Çapay Sultanovun, Cəmil Həsənlinin, Kərim Şükürovun, həmçinin vəkil Aslan İsmayılovun və adlarını çəkmədiyimiz digərlərinin kitablarında Azərbaycan tarixinin ayrı-ayrı mərhələləri və Dağlıq Qarabağ problemi barədə indiyədək ictimaiyyətə bəlli olmayan faktlar ortaya qoyularaq, ölkəmiz üzərində qurulan ssenarilərin mahiyyətinin açılmasına ciddi səy göstərilib. Ancaq Rəsul Quliyevin kitabının özəlliyi ondadır ki, orada Azərbaycanın son 250 illik tarixinin ən önəmli hadisələri sistemli şəkildə onaqədərki keçmişlə əlaqələndirilməklə, dünyada gedən proseslərin tərkib hissəsi olaraq təhlil edilib, izahı verilib.
Fransız maarifçisi Şarl Lui Monteskyönün məşhur bir kəlamı var: “Keçmiş həyatını heç vaxt geri qaytara bilməzsən, ancaq bir kitabın köməyi ilə dünyanın ən böyük alimlərinin ömür boyu əldə etdikləri təcrübəni qazanarsan”. Əslində, Rəsul Quliyevin bu kitabı da mahiyyət etibarilə, Azərbaycan haqda indiyədək dünyanın ən böyük dövlətlərinin alimlərinin yazdıqlarının ələkdən keçirilərək, nələrin baş verdiyini daha aydın, yığcam və anlaşıqlı şəkildə oxucuya çatdıracaq ən yaxşı vəsaitdir. Kitabı oxumaqla, oxucu təkcə Azərbaycanın dünya siyasətindəki yeri, rolu, əhəmiyyəti, bir xalq kimi zəif tərəflərimiz barədə tarixi gerçəklikləri bilməklə kifayətlənməyəcək, həm də Böyük Britaniya, Fransa, Rusiya, Osmanlı və İran imperiyalarının, daha sonralar isə ABŞ, SSRİ, Almaniya, Çin kimi dövlətlərin yürütdükləri siyasətin mahiyyətini dərk etməkdə əvəzsiz mənbə tapmış olacaq, Yeni Dünya nizamını formalaşdıran ölkələrin qüdrət səbəbləri barədə kifayət qədər məlumatlar, mülahizələr, qənaətlər əldə edəcək.

Xüsusən də kitabda İran imperiyasının elə türklərin dövləti kimi xarakterizə edilməsi və qədim dövlətçilik ənənələri, möhtəşəm və zəngin tarixi keçmişi olan bu ölkəyə onu əsrlərlə idarə edən türk sülalələrinin gözüylə baxılması, oxucunu həm də, istər-istəməz, müəllifin müasir dünyanın diqqətində olan mühüm bir geopolotik məkanı – türk qurşağını hansı həssaslıqla gündəliyə gətirmək istəyini düşünmək, araşdırmaq və polemika açmaq məcburiyyətində qoyacaq.

Qısa desək, bu gün superdövlət ABŞ-ın dünya siyasətini anlamaqda Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası” kitabı nədirsə, Azərbaycan ətrafında gedən siyasi oyunları çözmək, geopolitik oyunçuları bilmək və strateji hədəfləri müəyyənləşdirmək üçün də Rəsul Quliyevin “Qarabağ: müqavimətsizlikdən doğan faciə” kitabı odur. Yeri gəlmişkən, hər iki müəllifdə bir çox strateji məsələlərə yanaşmada oxşarlıq olmaqla yanaşı, həm də SSRİ-yə və Rusiyanın imperialist siyasətinə qarşı sərtlik də, demək olar, eyni dərəcədədir. Sadəcə, bu sərtliyin səbəbləri başqadır: Bjezinski Kremlin ABŞ-ın Avrasiyada möhkəmlənməsinə maneçilik törətməsi, Rəsul Quliyev isə 200 il ərzində vətəni Azərbaycanın başına gətirilən qanlı faciələrin əsas baiskarı olması səbəbindən Rusiya imperiyasına qarşı nifrət dolu ifadələr seçib!

Kitabının girişində Rəsul Quliyev niyyətinin dərslik yox, özünün tarixi hadisələrdən çıxardığı nəticələri yazmaq olduğunu qeyd etsə də, şübhə yoxdur ki, bu əsər həm də dərslik kimi, xüsusən daim həqiqət axtarışında olan, coşğun enerjisiylə mübarizəyə və sərbəst düşünməyə meylli gənclik ordusunun stolüstü kitabına çevriləcək. Çünki bu kitabda həm həqiqət var – tarixi faktlar, qaçılmaz gerçəkliklər, əməllər; həm mübarizə - xalqının azadlığı və idealları uğrunda çarpışan əsl qəhrəmanların, dövlət adamlarının boyasız obrazları, xarakterləri; həm də təcrübə - keşməkeşli həyat görmüş, 64 illik ömrünün 40 ildən çoxunu mübarizədə, siyasətdə və idarəçilikdə keçirmiş, bu gün terror təhlükəsi altında olsa belə, məqsədindən bir addım da geri çəkilməmiş bir müəllifin qoca tarixdən öyrəndikləri, çıxardığı nəticələr! Yaltaqlıq və məddahlığın rəsmi siyasətə çevrildiyi, elə bu səbəbdən də hər gün yaşadıqlarının necə saxtalaşdırıldığını, doğruya yalan, yalana doğru donunun necə biçildiyini, ideallarının necə məhv edildiyini, sərbəst düşünməyin belə necə yasaqlandığını görən bir ölkənin gəncliyi üçün bundan gözəl hədiyyəmi olar?! Əslində, belə gənclik üçün göstərilən ən doğru yol da elə budur: “Həqiqət uğrunda daim savaş, - çünki ədalət oradadır, - ancaq ağıla və təcrübəyə istinad et!”

Rəsul Quliyev oxucusuna xitabən, kitabını belə bir epiqrafla başlayır: “Öz tarixini tədqiq və analiz edib, ibrət götürməyən xalqın gələcəyi yoxdur”. Demək olar ki, kitabda əvvəldən axıradək, ciddi şəkildə bu prinsipə riayət olunub: hər mərhələdə keçmişin acı təcrübəsi verilib, ondan ibrət götürülməməsi böyük bir yanğı, təəssüf hissiylə vurğulanıb, buna əməl olunmamasının daha ağır fəsadları göstərilib və eyni zamanda, buraxılan səhvlərin gələcəkdə təkrarlanmamasına çağırış edilib. Xüsusən də ən yaralı yerimiz olan “erməni məsələsi”ndə...

İstisnasız deyə bilərik ki, kitab həm də bütün dünyanı bürümüş erməni yalanını faktlarla ifşa edəcək və erməni millətçiliyinin mahiyyətini, simasını tamamilə açacaq bir əsərdir. Məsələn, kitabda ermənilərin Azərbaycan ərazisinə nə vaxt, nə qədər, nə məqsədlə və haradan köçürüldükləri, hansı dövrdə saylarının yerli əhalininin neçə faizini təşkil etdikləri, xüsusən Rusiyanın və Qərbin Qafqaz siyasətində nə kimi rol oynadıqları, ermənilərin milli xarakteri, əsas məşğuliyyətləri və s. haqda kifayət qədər maraqlı məlumatlar, faktlar əksini tapıb. Ən önəmlisi isə odur ki, müəllif bu faktları yerli deyil, daha çox kənar mənbələrdən, xüsusən də ABŞ Konqres kitabxanasında saxlanılan sənədlərdən əldə edib, onu tarixi arayışlar və hadisələrin birbaşa iştirakçılarının dialoqu formasında, həm də özünün çox sərrastlıqla yerinə düşən müdaxilə və qiymətləndirmələriylə oxunaqlı bir şəklə salıb.

Bundan qabaqkı romanında – “Axına qarşı”da olduğu kimi, bu kitabında da Rəsul Quliyevin ayrı-ayrı tarixi şəxsiyyətlərə münasibəti gözəl bədii üslubda, bəzənsə çox konkret və sərt ifadələrlə əks olunub. Oxuduqca, müəllifin bu şəxsiyyətlərə münasibətini formalaşdıran motiv, sirr də açılır: bəlli olur ki, Rəsul Quliyevin nəzərində o şəxsiyyətlər böyükdür və uca tutulmalıdır ki, onların amalları və əməlləri özlərinin şəxsi mənafelərini deyil, xalqın maraqlarını ehtiva edib. Məsələn, romanda Nadir şah, Ağa Məhəmməd şah Qacar, Fətəli Şah, İbrahimxəlil xan, Abbas Mirzə, I və II Nikolay, Mustafa Kamal, Rəsulzadə, Nərimanov, Bağırov, Lenin, Stalin, Adenauer, Kosıgin, Mikoyan, Jukov, Xruşşov və digərlərinin şəxsiyyəti ümumən və konkret hadisələrdəki davranışlarına görə, təhlil edilib, qiymətləndirilib.

Kitabda bəzən bircə cümləylə toxunulan, qabardılan məsələ, az qala, böyük bir mövzunu əhatə etməklə, müəllifin yaradıcılıq ustalığı ilə həmin problemə operativ müdaxiləsini və münasibətini də ortaya qoyur. Məsələn, tutaq ki, 14 illik kanslerliyi müddətində nəinki Almaniyanın dirçəlməsində misilsiz xidmətlər göstərən, həm də NATO-nun yaradılmasının əsas ideyavericisi olan Konrad Adenauerdən bəhs edərkən, müəllif qəfildən belə qeydlərə keçir: “... 1963-cü ildə partiya üzvlərinin bir çoxu 85 yaşlı Adenauerin yenidən kansler seçilməsi tələbini irəli sürdülər, sağlamlığının da buna imkan verdiyini söylədilər. Ancaq Adenauer özü “Mən artıq fizianomiyamla alman xalqının gözünü yağır etmişəm, camaat başqa sifət görmək istəyir. İkincisi də, istədiklərimin hamısı həyata keçib, artıq yeni bir ideyam yoxdur”- deyərək, şəhərdən kənardakı balaca villasına çəkildi və 1967-ci ildə vəfat edənə qədər, heç bir siyasətə də qarışmadı”. Bu cümlələrlə şəxsiyyətin tarixdə rolu mövzusunu yenidən təzələyən Rəsul Quliyev həm də xüsusən müsəlman coğrafiyası üçün xarakterik olan çox mühüm bir detalı qabardır: hakimiyyətdən ikiəlli yapışmış həris diktatorlara ibrətamiz nümunə ilə anlatmaq istəyir ki, əsl siyasətçi üçün ən mühüm keyfiyyət həm də vaxtında – hörmətdən düşməmiş geri çəkilməyi bacarmaq xüsusiyyətidir.

Kitabda ana xətti təşkil edən daha bir mühüm ideya ölkələrin inkişafında reformaların (islahatların) aparılmasının vacibliyini, əhəmiyyətini anlatmaqdır. Demək olar ki, əsərdə geniş bəhs edilən hər bir ölkə, onun rəhbərliyi haqda müəllifin üzərində dayandığı əsas amil məhz həmin ölkənin və ya liderin reformalara münasibətidir. Belə də demək olar ki, Rəsul Quliyev bu kitabıni, sanki, dünya ölkələrini tərəqqiyə aparan yeganə yolun reformalardan keçdiyini oxucusuna inandırmaq üçün yazıb: o, İngiltərə, Almaniya, Fransa və ABŞ-ın inkişafının da, Rusiya (daha sonra SSRİ), Osmanlı, İran kimi imperiyaların isə süqutunun da əsas səbəbi olaraq reformaları göstərib - fərq ondadır ki, birincilər reformalara açıq, ikincilərsə qapalı olublar.

Və nəhayət, kitabda müəllifin ideyaları, müxtəlif problemlərə baxışı açılmaqla, Rəsul Quliyevin bir siyasi xadim olaraq, özünün fərdi potensialı, intellektual imkanları, dünyagörüşü barədə də çox aydın təsəvvür formalaşdırır. Tərəddüdsüz deyə bilərik ki, oxucuda formalaşan bu təsəvvür rəğbət hissiylə harmoniya təşkil etməklə, Rəsul Quliyevin ölkədən getmə və Azərbaycan hakimiyyətinin də indiyədək ona düşmən kəsilmə səbəblərini də tam aydınlaşdırır. Yəni, kitabla tanışlıq Rəsul Quliyev şəxsiyyətini bütün parametrlər üzrə çözməklə, onun dünyagörüş və xarakter etibarilə indiki Azərbaycan hakimiyyətinə tamamilə yad bir fiqur olması faktını ortaya qoyur. Kitab, Rəsul Quliyevin həm yüksək təbii talantı və yaradıcılıq imkanlarını üzə çıxarır, həm onun dünya siyasətindən, dünyada gedən proseslərdən kifayət qədər məlumatlı və hazırlıqlı siyasi xadim olduğunu göstərir, həm də şüurlarda bu dəqiqə bizə hava-su kimi lazım olan əsl reformist-demokrat lider obrazını canlandırır. Belə liderin olduğu, yaşadığı ölkədə isə istedadlı, müstəqil düşüncəli və xarakterli insanlara qənim kəsilmiş, ən eybəcər nümunələri aşılamaqla millətin formalaşmasının qarşısını alan avtoritar rejimin ömrü uzun sürməz!
Gəlin, bu xalqın gerçək lideri ola biləcək insanları oxuyaq, öyrənək və qoruyaq! Yoxsa, tarix - gələcək üçün yazdığımız keçmiş bunu bizə bağışlamayacaq!