Rəsul Quliyevin “Reportyorlar”-ı - Bəşər Əsəd

resul-quliyevin-reportyorlar-i-beser-esed-
Oxunma sayı: 1195


“Qafqazinfo” oxucuların marağını nəzərə alaraq Azərbaycanın eks-spikeri Rəsul Quliyevin “Reportyorlar” siyasi detektiv romanın dərcini davam edir. Romanda müasir dünyada – Azərbaycanda, Rusiyada, Suriyada, Əfqanstnda baş verən hadisələr öz əksini tapıb. Təqdim etdiyimiz roman ABŞ-ın “Xilibris” nəşriyyatında “The Cost of Truth” (“Həqiqətin qiyməti”) adı ilə nəşr olunub. Roman siyasi detektiv janrında yazılıb və üç tədqiqatçı-jurnalistin peşə fəaliyyəti zamanı göstərdikləri fədakarlıqlardan, rastlaşdıqları inanılmaz olaylardan bəhs edir. Əsərin əsas qəhrəmanları olan Con - ABŞ, Piter - ABŞ (Rusiyada işləyir) , Elvar isə “Azadan” adlı ölkəni təmsil edən jurnalistlərdir. Hər üç jurnalist “Azadan” Respublikasının prezidentinə qarşı təşkil edilmiş sui-qəsdin sifarişçilərinin və icraçılarının kimliyini araşdırırlar.


Əvvəli burada


Dəməşq, Conun Prezident Bəşər Əsədlə söhbətindən fraqmentlər...

... Söhbət Prezident rezidensiyasının həyətində gedirdi. Kicik həyətdəki yaşıllıq ona xüsusi gözəllik verirdi. Stolun üstündəki çay və qəhvə, avtomatik 80 dərəcə selsiyə qoyulmuş qızdırıcı ilə daim eyni temperaturada saxlanırdı. Xidmət göstərən personal yox idi. Prezident onun çay, yoxsa qəhvə içəcəyini soruşdu. Sonra ona qəhvə, özünəsə çay süzdü. Cona təşəkkürünü bildirdi ki, müsahibə götürməyə razılıq verib, o da öz növbəsində Prezidentə onu qəbul etdiyinə və kifayət qədər vaxt ayırdığına görə, minnətdar olduğunu bildirdi. Con ilk sualını verdi, o yaxşı bilirdi ki, bu suala cavabdan müsahibənin nə qədər səmimi olacağını biləcək.
- Cənab Prezident, belə bir fikr mövcuddur ki, Siz prezident olacağınızı heç ağlınıza da gətirmirdiniz və belə bir arzunuz da olmayıb. Vəliəhdin - Sizin böyük qardaşınızın avtomobil qəzasında həlak olması, atanızın sizi vəliəhd olmağa məcbur etməsi ilə nəticələnib. Atanızın ehtiyatlandığı rəqib Sizin doğma əminiz olub. Ya böyük qardaşınızın qətiyyətli xarakteri, ya da Sizin camaatın qeydinə qalan xeyirxah adam imiciniz əminizin hakimiyyətə gəlməsinin qarşısını ala bilərdi. Sizinlə Londonda təhsil alanlar təsdiqləyirlər ki, Siz totalitar rejimin əleyhinə olmusunuz. Nə baş verdi ki, hakimiyyətə gəldikdən sonra fikrinizi dəyişdiniz?

Prezidentin belə bir sualı gözləmədiyi o dəqiqə nəzərə çarpdı. O, fikrə getdi, ağzını açıb nəsə demək istədi, ancaq fikrindən daşındı, bir qurtum da çay içdi. Dərin pauzadan sonra cavab verdi:
- Birincisi, bizdə vəliəhd ola bilməz, Suriya prezidentli ölkədir, onu da xalq seçir. İkincisi, sizin Londondan olan informasiyanız düz deyil, bura Şərqdir, heç bir övlad atasının yaratdığının əleyhinə getməz, onunla qəlbində razı olmasa da, açıqca bu barədə heç kimlə bölüşməz..

Con stolun üstünə qoyduğu Prezidentin səsini yazan diktofonu nümayişkaranə söndürdü:
- Cənab Prezident, cavabınız məndə bu mövzu ilə əlaqədər çoxlu suallar ortaya çıxardı, məsələn, mənə elə gəlir, Suriyada seçki keçrilmir və seçicilərin də heç bir hüququ yoxdur və s.
- Bilirsən, Con dediyin məsələlərlə əlaqədar biz nə qədər desən diskussiya edə bilərik, ancaq qəzet üçün yox. İstəyirsən, Suriyanın əsas xarici siyasəti, gələcək inkişafı barədə sualların cavablarını verim, yerdə qalanlar barədə səmimi diskussiya aparaq.

Razılaşdılar. Prezident Suriyanın əsas strategiyasının qonşu ölkələrlə normal münasibətlərin yaradılması olduğunu bildirdi, həmçinin İsrailin də adını çəkdi:

- İsraillə əlaqələrin normallaşması onlardan asılıdır. Holon yüksəkliklərindən qoşunlarını qeyd-şərtsiz çıxarmalıdırlar və Fələstini bir dövlət kimi tanımalıdırlar, bizim şərtlərimiz ancaq bundan ibarətdir.
- Holon yüksəkliklərindən qoşunların çıxarılması problem olmaz, Fələstinlə əlaqədar məsələ mürəkkəbdir və o, uzana bilər. Bəs, onda necə olacaq? – Con soruşdu.

Prezident:
- Biz münasibətlərin yaranmasını Fələstinlə danışıqların qurtarmasınadək gözləmək niyyətində deyilik, əksinə - bu danışıqların müsbət nəticələnməsi üçün aktiv yardım etmək istəyirik. Gələcəkdə ərəb ölkələrinin alyansını inkişaf etdirmək, bu regionda Avropa İttifaqı kimi bir birlik yaratmaq niyyətindəyik.

Con növbəti sualını verdi:
- Sizin hərbi potensialınız həmişə kifayət qədər yüksək olub, ancaq bütün ərəb - İsrail müharibəsində, demək olar ki, həmişə məğlub olur, hərbi texnikanızın da əksəriyyətini itirirsiniz. Səbəb nədir? Suriyalılar, doğrudan, mürəkkəb texnikadan istifadə edə bilmirlər?

Prezident gülümsədi:
- Yox, mürəkkəb texnikadan istifadə etməyi öyrənmək tək suriyalılara yox, istənilən xalqa lazımdır. Sadəcə olaraq, rus hərbi texnikası mükəmməl deyil. Məgər, ruslar özləri öz texnikaları ilə vuruşanda, az itki verirlər? İkinci Dünya müharibəsində ruslar almanlardan 20 dəfə çox təyyarə itiriblər. Elə Koreya müharibəsinə baxın, neçə amerikan, neçə rus təyyarəsi itirilib – baxmayaraq ki, pilotların hamısı rus olublar. Həmçinin də tanklar. Özləri balaca, heç bir ağır texnikası olmayan Çeçenistanda nə qədər tank itirdilər? Yuqoslaviyada rus hava hücumundan müdafiə qüvvələri neçə Amerikan təyyarəsi vura bildilər?

Con:
- Əgər belədirsə, nəyə görə Rusiyadan hərbi texnika alırsınız?

Prezident:
- Bəs kimdən alaq, nə ABŞ, nə də NATO ölkələri bizə silah satmırlar...

Müsahibənin rəsmi hissəsi qurtarandan sonra Con diktofonunu söndürüb, soruşdu:
- Cənab Prezident, məni Suriya ilə bağlı bir çox məsələlər maraqlandırır. Sizinlə görüşməmişdən öncə, bir daha ölkənizin tarixini araşdırdım. Suriya planetimizin ən qədim ölkələrindən biridir. Dəməşq şəhəri ölkə paytaxtı kimi, ən qədimlərdəndir, azı, 5 min il yaşı var. Bəzi mənbələrə görə, hətta 9 min ilə yaxındır yaşı. 100 ildən çox Hindistandan Avropaya qədər uzanan Ərəb Xilafətinin paytaxtı olub. Suriya, hələ 5 min il bundan qabaq, dünya sivilizasiyasının inkişafında xüsusi rol oynayıb. İlk semit yazısını tətbiq edən ölkələrdən olub. Toxuculuq, keramikə sənayesi inkişafını buradan başlayır. Suriya torpaqlarında 1400 ilə yaxın yunanlar, Roma imperiyasından olan xalqlar yaşayıblar. İndiki suriyalıların qanlarının, azı, 70 faizi avropalıların qanları ilə uyğundur. Torpaqlarını zaman-zaman Misir, İran, Makedoniyalı Aleksandr, Roma İmperiyası, Bizans və Osmanlı imperiyaları işğal etsələr də, müdrik suriyalılar, qismən də olsa, müstəqilliklərini heç vaxt itirməyiblər. Belə bir tarixi olan xalqın inkişafı, elə bil, son vaxtlar dondurulub. Suriya kimi qədim tarixi olan xalq, totalitar diktatura rejimində yaşamağa layiq deyil. Siz - Avropa təhsili görmüş adam, bunu yaxşı bilirsiniz ki, insanlar azad olmasa, inkişafın olması mümkün deyildir. Xüsusilə ingiltərədə anadan olmuş, təhsilini Kral Kollecində almış xanımınıza totalitar rejim yaddır. Açığı, Siz Prezident olandan sonra, tezliklə ölkənizdə siyasi və iqtisadi reformaların başlayacağına inananlar çox idi, xanımınız Əsmaya evlənəndən sonra isə bu ümid bir qədər də artdı. Ancaq təssüf ki, heç bir dəyişiklik baş vermədi. İqtisadi cəhətdən zəif Suriya, Siz arzuladığınız kimi, heç vaxt ərəb dünyasında aparıcı rol oynaya bilməyəcək.

Prezident axıra qədər onu diqqətlə dinlədi. Con susandan sonra da bir müddət haradan və nədən başlayacağını müəyyənləşdirə bilməyən adamlar kimi, fikrə getdi. Birdən:
- Verdiyiniz analizlə razıyam, - deyəndə, Con qulaqlarına inanmadı. Bir neçə dəqiqənin içərisində zəhmli diktatorlardan biri sayılan Bəşər Əsəd fikrini dəyişə bilməzdi. Onun birinci cümləsini qulaqardına vurdu. Bəşər Əsəd davam etdi:

- Bilirsiniz, xristianlığın və bütpərəstliyin formalaşması İslam dininin formalaşmasından tamamilə fərqlidir. Xristianlıq özünün inkişafına görə, Roma imperiyasının sezarına minnətdar olmalıdır. Yəni, dini dövlət yaradıbdır, din imperiyanı yox. Bütpərəstliyə gəldikdəsə, onu utopik, xəyalpərəst ideyalara inanan dərviş tipli adamlar yayıblar. Dövlət isə bu dindən heç bir təhlükə gəlmədiyini bildiyi üçün onun yayılmasına mane olmayıb. Ancaq İslam dinində isə din imperiyanı yaradıb. Məhəmməd Peyğəmbər əslində, həm də imperiyanın birinci xəlifəsi idi. Neçə yüz illər dini rəhbər imperiyanın xəlifəsi olub, xəlifə dini rəhbər yox. Ona görə də din faktoru müsəlman ölkələrində hələ də aparıcıdır. Avropa ölkələrində din faktoru siyasətçilər üçün heç bir rol oynaya bilməz, bizdə isə bu, əsasdır. Bax, fikr verin, XX əsrin ən güclü şəxsiyyətlərindən biri sayılan Atatürk, hətta dinə qismən liberal yanaşan Türkiyə dövlətini belə, dindən uzaqlaşdıra bilmədi, baxmayaraq ki, on minlərlə qatı dinçinin qanını tökdü...

Burada Con üzr istəyib, onun sözünü kəsdi:
- Mən Sizin İslam və demokratiya barədə dediyiniz pessimist fikirlərlə razılaşa bilmərəm. Qonşunuz Livan, İndoneziya, Malaziya, Albaniya və başqaları Sizin nəzəriyyənizi təsdiqləmir.

Prezident:
- Mən fikirlərimi hələ izah edib qurtarmadım, sadaladığınız ölkələr, məsələn, Livan Suriyadan fərqlidir. Suriya bütün tarix boyu olduğu kimi, indi də radikal siyasət aparmır. Bu gün siyasi və iqtisadi reformalara gedilsə, ölkədə çox qısa müddətdə vətəndaş müharibəsi başlayacaq. Qərbində - radikal “Hizbullah”çı şiələr, şərqində - əsasən, sünnü kürdlər, şimalında - kürd və ələvilər yaşayan Türkiyə, cənubunda isə Dəməşqin başının üstündəki Holon təpələrində oturmuş aqressiv İsrail, vətəndaş müharibəsini elə alovlandıracaq ki, bu müharibənin nə ilə qurtaracağını düşünmək belə mümkün deyil. Suriyada əsas məzhəb sünnülük, sonra şiəlik və ələvilikdir. Əsəd klanı ələvidir, baxmayaraq ki, mənim atam və özüm də dini adət-ənənələrə heç vaxt əməl etməmişik. Suriyda ələvi klanından prezidentin olması həm sünnüləri, həm də şiələri qane edir. Ələvilər bu iki qanadın ortasındadır və düşmən sayılmır. Bu gün Suriya demokratik seçkilərə getsə, yaranmış kövrək vətəndaş cəmiyyətinin tarazlığı pozulacaq, ölkə dini zəmində vuruşan ayrı-ayrı regionlara çevriləcək. Dəməşq kimi, böyük şəhərlərdə isə küçələrdə də müharibə başlaya bilər.

- İraqda vəziyyət sizdəkindən də mürəkkəbdir, ancaq demokratikləşmə prosesi gedir.

Bəşər Əsəd:
- Amerika əsgərinin gücü və 100 minlərlə iraqlının qurban verilməsi hesabına... Bu, həddən artıq baha başa gəlir.

Con:
- Siz düşünürsünüz ki, getdiyiniz yol yeganə doğru yoldur və bu da davam etməlidir? Yəni, Sizdən sonra oğlunuz, ondan sonra nəvəniz indiki metodlarla idarəçiliyi davam etdirməlidir?

- Yox, mən elə düşünmürəm. Bilirsiniz, 60-cı illərdə Sovetlər tipli sosializm cəlbedici idi. O illərdə Suriyada inqilabi situasiyada bir çox mülkiyyətlər milliləşdirildi. Milliləşdirmə nə qədər çətindirsə, özəlləşdirmə ondan da çətindir. Ancaq Suriyanın iqtisadi inkişafı bu addımı atmaqdan keçir. Mülkiyyətin dövlətin yox, camaatın əlində toplanması gələcək siyasi reformaların həyata keçirilməsində əsas fundament olmalıdır. Müxtəlif dini cərəyanların qarşıdurmasınının qabağını ancaq bu yolla almaq olar. Elə bir şərait yaradılmalıdır ki, insanlar vətəndaş müharibəsinə özlərinin hər şeyini itirməyə səbəb olacaq hadisə kimi baxıb, qorxsunlar. İtirməyə heç bir şeyi olmayan adamlar daha təhlükəlidirlər. Bu problemlərin həllinin qarşısını kəsən əsas məsələlərdən biri İsraillə münasibətlərin normallaşdırmasına nail olmaqdır. Təəsüf ki, biz hələlik, buna nail ola bilmirik. İsrail ancaq Holon yüksəkliklərinin azad olunması zəminində müqavilə bağlamaq istəyir, Fələstin probleminin müzakirəsini isə yaxın buraxmır. Ancaq başa düşmür ki, biz bu addımı ata bilmərik. Belə müqavilədən sonra biz İslam fundamentalistlərinin gözündə ərəblərin ən müqəddəs ideyalarını satmış düşmənə çevrilərik. Qısa bir müddətdə ölkəmiz Fələstin fanatları, “Əl-Qaidə” və başqa fundamentalist terror təşkilatlarının təxribatçıları ilə dolacaq. O biri tərəfdən, İranın maliyyələşdirdiyi “Hizbullah” sərhədlərimizdə aktivləşəcək. Ölkədə terror baş alıb gedəcək.

Con Prezidentin mülahizələrinin qismən doğru olduğunu qeyd etməklə, onun rejiminin nəticəsində Suriyada, İraqda 100 mindən daha çox adamın öldüyünü də qeyd etdi:
- Cənab Prezident, bir anlığa təsəvvür edin ki, orta yaşama müddəti başqa demokratik ölkələrdəki kimi, bir neçə il artır - əlbəttə, reformaların hesabına. Çünki bu yaşın artması birbaşa həyat səviyyəsindən və insanların stressli situasiylara düşməsi ilə sıx bağlıdır. Məgər, Səddam Hüseyn diktaturasının qurbanlarının sayı ildə 100 mindən çox deyildimi? – söyləyən Con ehtiyatla əsas məqsədi ilə bağlı xahişinə keçdi. - Cənab Prezident, mənim də Sizdən bir xahişim var.

Prezident cavab verməsə də, diqqətlə onu dinləyirdi.
Con:
- Mən Azadanın prezidentinə edilən sui-qəsdin sifarişçilərini tapmaq üçün təhqiqat aparıram. Topladığım materiallar göstərir ki, killer Yaxın Şərq ölkələrinin birindəndir, daha doğrusu, ola bilər ki, Avropa ölkələrindən hansınınsa vətəndaşıdır, ancaq Yəmən, Sudan və ya başqa ölkədə bazaları olan terrorçularla əlaqədədir. Sizin xüsusi xidmət orqanları bu regionda ən güclüsü sayılır. Onların məsləhətinə ehtiyacım var, sözsüz ki, mən tərəfdən məxfiçilin qorunmasını müzakirə etməyə dəyməz, sizinkilərə də özünüz tapşırarsınız, əgər razı olsanız...

Prezident Bəşər Əsəd:
- Tapşıraram, problem deyil, ancaq istənilən variantda tədqiqatınız sizin üçün çox təhlükəli ola bilər. Sizi nə məcbur edir ki, belə təhlükəli işlə məşğul olmağa?

Con:
- Bilirsiniz, mən onu yaxşı tanıyırdım, bir neçə dəfə öldürülməmişdən öncə, müsahibə də götürmüşdüm. Bilirəm ki, Azadan polisi ona sui-qəsd edənləri tapmayacaqdır. İzah etmək çətindir, ancaq birinci dəfə deyil, hərdən, ədalət naminə, belə ətraflı düşünülməmiş işlərlə məşğul oluram. Bir xahişim də var. Söhbətin axırıncı hissəsini yazmadım, ancaq ən maraqlı fikirlər də onda oldu. İcazə versəniz, orada söylədiyiniz bəzi fikirlərdən istifadə edərdim, əlbəttə, Siz tanış olandan sonra çapa veriləcək.

Prezident:
- Etiraz etmirəm, ehtiyatlı olun, zəmanə çox zalımlaşıb.

Con, adəti üzrə, onu hotelə aparan hökumət maşınının güzgüsündən bir neçə dəfə arxaya baxdı, ancaq Dəməşqin maşınla dolu küçələrində şübhəli bir şey gözünə dəymədi. Təyyarə sabaha idi, “Dəməşq-İstanbul”, “İstanbul-Nyu-York” marşrutu ilə uçacaqdı. Sabah, təqribən, saat 5-də Nyu-Yorkdakı “Şereton” otelində olacaqdı, axşam saat 8-də isə “Karnegi holl”un konsert salonunda London böyük simfonik orkestrinin konsertini dinləyəcəkdi - bir ay bundan öncə, bilet almışdı...

(Zəruri qeyd: kitab 1 il əvvəl yazılıb, müəllifin Suriya ilə bağlı fikirlərinə günümüzün reallıqları baxımından müdaxilə və dəyişiklik imkanı olsa da, bunu bilərəkdən etməyib və mətni bir il öncə necə yazıbsa, elə də saxlayıb)


Ardı var...