Rəsul Quliyevin “Reportyorlar”ı – Prezidentin ölümü

resul-quliyevin-reportyorlari-prezidentin-olumu
Oxunma sayı: 2564

“Qafqazinfo” oxucuların marağını nəzərə alaraq Azərbaycanın eks-spikeri Rəsul Quliyevin “Reportyorlar” siyasi detektiv romanın dərcini davam edir. Romanda müasir dünyada – Azərbaycanda, Rusiyada, Suriyada, Əfqanstnda baş verən hadisələr öz əksini tapıb. Təqdim etdiyimiz roman ABŞ-ın “Xilibris” nəşriyyatında “The Cost of Truth” (“Həqiqətin qiyməti”) adı ilə nəşr olunub. Roman siyasi detektiv janrında yazılıb və üç tədqiqatçı-jurnalistin peşə fəaliyyəti zamanı göstərdikləri fədakarlıqlardan, rastlaşdıqları inanılmaz olaylardan bəhs edir. Əsərin əsas qəhrəmanları olan Con - ABŞ, Piter - ABŞ (Rusiyada işləyir) , Elvar isə “Azadan” adlı ölkəni təmsil edən jurnalistlərdir. Hər üç jurnalist “Azadan” Respublikasının prezidentinə qarşı təşkil edilmiş sui-qəsdin sifarişçilərinin və icraçılarının kimliyini araşdırırlar.

Əvvəli burada

Həmin gün, Moskva-Frankfurt reysi ilə uçan təyyarə

Styüardessa yaxınlaşan kimi, “dobl viski, buzsuz”- dedi. Styüardessanın “başqa bir istəyiniz də varmı?” sualına, “xeyir, ancaq viskini, rica edirəm, tez verin”- cavabını söylədi.
Styüardessa o biri sərnişinlərdən heç nə soruşmamış, ağzına qədər dolu qədəh viskini gətirdi. Con, qədəhi birnəfəsə başına çəkdi. Styüardessa biznes-klassla uçan cəmi üç nəfərdən sifarişi götürüb, yenidən Cona yaxınlaşdı. Gülümsəyərək, “birini də?”- sordu. Con başı ilə təsdiqlədi: “Hə”.
“Metropol”dan çıxandan indiyədək, o, bir an da Piteri fikrindən uzaqlaşdıra bilmirdi. Con Piterlə çoxdan - 1985-ci ildə Koliforniyanın Berkli univerisitetində oxuyandan tanış idi. Piterin gələcəkdə alim olacağına heç kim şübhə etmirdi. O, gənc olmasına baxmayaraq, çox savadlı və ciddi adam idi. Rusiya imperiyasının tarixini çox gözəl bilirdi. Kökü Rusiyadan idi. Ulu babası bolşeviklərə qarşı vuruşan ağqvardiyaçı generallardan olmuşdu. 1920-ci illərdə əvvəl Çinə, oradan da Amerikaya imiqrasiya etmişdi. Piterin, deyəsən, babası da Amerikada anadan olmuşdu. Buna baxmayaraq, o, özünü rus sayırdı və Rusiyanın əleyhinə danışanlarla saatlarla mübahisə etməyə hazır idi. Rusiyadakı yaramaz bolşevik rejimini Rus xalqından ayırmaq üçün elə qızğınlıqla arqumentlər tapıb çıxardırdı ki, Con söz tapa bilmirdi. Hərdən, Con ona “Piter, sən elə danışırsan ki, elə bil, bolşevik rejimi Rusiyada yox, başqa bir ölkədə mövcuddur və bunun rus xalqına ümumiyyətlə, dəxli yoxdur” deyirdi. Piter isə bolşevik rejiminin yaranmasında yəhudiləri və ABŞ-ı günahlandırırdı. Onun fikirincə, 1918-ci ildə ingilislər tərəfindən dəstəklənən çar generalı Denikinin yaratdığı ordunun Moskvanı tutub bolşevik hökümətini devirməsinə heç kim şübhə etmirdi. Bolşeviklərin devrilməsi İngiltərə imperiyasının və ya onun təsirinin dünyanın yarısından çoxunda genişlənməsinə gətirib çıxarda bilərdi. İngiltərənin bu səviyyədə güclənməsini istəməyən ABŞ, şərqdən hucum edən admiral Kolçakın ordusunu (o dövrdə Rusiyanın şərq hissəsində Amerika və Yaponiya həlledici qüvvəyə malik idi) hərbi sursatla təmin etməməklə, onların hucumlarınınqarşısını bilərəkdən aldılar. Bolşeviklərdə Denikinə qarşı müdafiəni gücləndirmək, sonra isə hucuma keçmək imkanı yarandı.
Təhsilini bitirdikdən sonra Əfqanıstana getmək niyyətində olan Con Rusiya tarixini və dilini öyrənməyə çalışırdı. Rusiya tarixi elə də qədim olmadığı üçün Con çətinlik çəkmədi, ancaq dil tamamilə başağrısı idi.
Con:
- Piter, sənin xəbərin var, Lenin və başqa bolşevik banditlərinin xaricdən Rusiyaya dönməsini Almaniya təşkil edib, Amerika yox, - deyib, zarafata çalışanda, Piter ciddi şəkildə:
- Almaniya Rusiya ilə müharibə edirdi, Rusiyanı neytrallaşdırmaq üçün istənilən addım ata bilərdi, buna görə onları günahlandırmaq olmaz – cavabını vermişdi.
Piter kommunistlərə nifrət edirdi. Həmişə “bu yaramazlar tək imperiyalarının 250 miliyonluq əhalisini yox, Şərqi Avropanın da 100 miliyona yaxın əhalisini dilənçi kökünə salıblar” - deyirdi. Ancaq başqaları ilə mübahisədə buna görə Ruslardan daha çox, xariciləri günahlandırırdı.
Con:
- Piter, sən yaxşı bilirsən, rus xalqı liberal çarlarının hamısına nifrət edib. Rusiyada Avropa demokratiyası yaratmaq istəyən I Aleksandrın xalqa azadlıq vermək cəhdi nə ilə nəticələndi? Ömrünün axırına yaxın, ümumiyyətlə, səfil adamlar kimi, ya xaricdə, ya da ölkə daxilində dolaşırdı, işləmək istəmirdi, açıq-aşkar ölməyini səbirsizliklə gözləyirdi. Xalqına, zorla olsa da, azadlığı qəbul etdirə bilməməsi onu mənən çoxdan öldürmüşdü. II Aleksandr quldarlığı ləğv edəndən sonra, neçə dəfə sui-qəsdə məruz qaldı, axırda onu öldürdülər. Rusiyanı Rusiya edən II Yekaterinaya da “qəhbə” damğasını yapışdırdılar. Belə çıxdı ki, Rusiyanın sərhədlərini 30 faizdən çox genişləndirən, ilk dəfə parlament tipli məşvərətçi orqan yaradan, elmin inkişafının təməlini qoyan, Rusiya bədii ədəbiyyatının yaranmasını təşkil edən bu şəxs heç yataqdan çıxmayıb - tezdən biri, günorta başqası, axşam da əsas aşnası ilə ancaq məhəbbətlə məşğul olub. Kimlər rus xalqının kumiridir tarixdə? Adamları böyük qazanda yağda bişirib, ondan ləzzət alan İvan Qroznı, ya Peterburqun fundamentini insan cəsədləri üzərində quran I Pyotr?! Rusların, az qala, sitayiş etdikləri I Pyotrun onlara ikrahla yanaşdığından, nəinki generallarının, hətta adi zabitlərinin belə, 99 faizinin xaricilər olduğu bir ordu yaratdığından xəbərləri varmı? Alman Yekaterina rus ordusunu ruslaşdırdı. Piter, bu günün özündə kimdir rusların ən çox sevdiyi çar? Ölümündən 30 il keçməsinə baxmayaraq, 10 milyonlarla insanları qətlə yetirmiş İosif Stalin!
Piter:
- Con, sən bolşeviklərin təqdim etdikləri tarixin əsasında danışırsan. O tarixi də yəhudilər yazıb. O yəhudilər ki, Rusiyada bolşevik inqilabını təşkil ediblər, Rusiyanın inkişafının qarşısını almaq üçün Stolıpini öldürüblər (Stolıpin 1906-1911-ci illərdə Rusiyanın baş naziri olub, torpaq reforması aparıb – R.B.).
Con:
- Piter, sən yəhudilərin rolunu çox şişirdirsən. Birincisi, bolşevik inqilabında rəhbərlikdə olanların heç 10 faizi yəhudilər deyildi, ikincisi, yəhudi Baqrov Stolıpinə sui-qəsd edəndə, Çar Nikolay onu istefaya göndərməyə hazırlaşırdı. Artıq Peterburqda başqa “reformator” peyda olmuşdu. Əsli-kökü bəlli olmayan, savadsız rus mujiki Qrişa Rasputin...
Piterin Rasputinin adını eşidəndə həmişə əsəbiləşdiyini “maymaq Nikolayın rasputinləri dağıtdı Rusiyanı” dediyini bilən Con zarafata keçirdi:
- Ancaq yazılanlara inansaq Qrişkanın savadı olmasa da, fenomen penisi olub, bəlkə də, Ginnesin kitabında birinci yeri tutardı.
Piter də zarafata zarafatla cavab verirdi:
- Rusiya Qrişkanın penisindən daha dəhşətlisinə - bolşeviklərin penisinə keçdi...
Piter bir ilə doktorluğunu müdafiə etdi. Qarbaçovun “perestroykası” başlayanda, böyük entuziazmla Rusiyanın demokratiyaya qatılıb, qərbin sivil ölkələrindən birinə çevriləcəyinə inanırdı, orada gedən proseslərlə yaşayırdı. 1991-ci ildə kommunistlər “Avqust qiyamı”nı təşkil edib demokratları qanına boyamaq istəyəndə, Piter Moskvaya gedib, silahlı müqavimət olarsa, demokratlarla birlikdə vuruşmaq istəyirdi. Ona Sovetlərə viza verməyəndə, Polşaya uçub, oradan qeyri-qanuni sərhəddən keçmək istədi. Xoşbəxtlikdən, Piter sərhəddə çatanadək, qiyamçılar məğlub oldular.
1993-cü ilin oktyabrında Rusiya Federasiyasının aqressiv parlamenti generalların başçılığı altında yenidən çevriliş etmək istəyəndə, Piter, təbii ki, Moskvada idi. Ancaq yenə demokratlar qalib gəldilər.
Çox ağır sosial-iqtisadi və siyasi böran vəziyyətində bazar iqtisadiyyatına keçən Rusiyada korrupsiya və rüşvət özəlləşdirmə prosesində baş alıb gedirdi. Artıq 1996-cı ildə miliyardları olan əcaib “oliqarxlar sinifi” yaranmışdı. Getdikcə, maliyyə-iqtisadi cinayətlər inkişaf edir, Rusiya qərb sivilizasiyasından uzaqlaşıb, total korrupsiya rejiminə yaxınlaşırdı.
Conla Piter çox nadir hallarda - ildə bir dəfə, o da hansısa mətbuatın təşkil etdiyi konfranslarda görüşürdülər. 1996-cı ilin sentyabrında “Nyu-York - Times” qəzetinin təşkil etdiyi konfransda görüşəndə, Con Piteri kommunistlərin Rusiyada yenidən məğlubiyyəti, Boris Yeltsinin prezident seçilməsi münasibətiylə təbrik etdi.
Piter:
- Bilirsən, Con, əlbəttə, bu, qələbədir, ancaq Prezident Yeltsin ölkədə elə bir “bordak” yaradıb ki, bəzi juliklər xalqın malını oğurlamaqla, milyarder olublar və indi də istədiklərini edirlər. Rusiyanı 1920-ci illərdə bolşevik yəhudiləri idarə edirdilər, indi isə oliqarx-yəhudilər. Ovaxt Nikolay gündə “vodka”dan vurub, dövlət işləri ilə məşğul olmurdu, indi də Yeltsinin ayıq vaxtı yoxdur. Faciədir, faciə! O oliqarxlardan kitab yazmağa hazırlaşıram, materialları toplayıram, bu sistemi bilən oliqarxları tanıyanlarla görüşürəm. Sabah Azadandakı rejimlə razılaşmayıb istefa verən, Yeltsini də, həmin o oliqarxlardan da bir neçəsini tanıyan hörmətli bir adamla görüşəcəyəm. Həvəsin və vaxtın varsa, səni də dəvət edirəm.
Sabaha konkret bir işi olmayan Con məmuniyyətlə razılıq verdi. Onlar bir il bundan öncə, sui-qəsd edilmiş Azadanın prezidenti ilə birinci dəfə o vaxt, Nyu-Yorkda görüşdülər. Söhbət 3 saatdan çox çəkdi...
2000-ci ildən sonra Rusiyada “KQB”-dən olan Vladimir Putin hakimiyyətə gəlib qısa müddətdən sonra bəzi oliqarxlara müharibə elan edəndə, Piter ona milli qəhrəman kimi baxırdı. Fanatikcəsinə Rusiyanın parlaq gələcəyinə inanan Piter, işlədiyi jurnalın rəhbərliyi ilə danışıb, jurnalın Moskvada filialını açdı və onun baş redaktoru oldu. Beləliklə, Rusiya həyatı başladı...
İşlədiyi müddətdə Piter hakimiyyətdə olan siyasi lidelərdən, generallardan tutmuş, Çeçenistan banditlərinə qədər, çoxlarıyla tanış olub, bir neçə kitab da yaza bildi...
Az bir müddətdən sonra, məlum oldu ki, Prezident Putin televiziya kanallarına sahib olan və pullarının əsas hissəsini onun komandasına vermək istəməyən oliqarxlarla vuruşur. Qanunlarla yaşayan sivil ölkə yaratmaq onun siyasi kursu deyil. Rusiya suveren demokratiya pərdəsi altında, “Çin avtoritarizmi və Nigeriya korrupsiyası” rejimi yaradırdı. Beş il müddətində, maliyyə yenidən bölüşdürüldü, Rusiyanın varidatının 30 faizi artıq Putinin oliqarxlarının, 70 faizi isə onun məmurlarının əlində təmərküzləşdi.

***
Bir il öncə...
Azadan, Babul, Böyük konsert binasının zalı...


... Amfiteatr üslubunda tikilmiş zalın bütün kresloları tutulmuşdu. Böyük səhnənin ortasında Prezidentin tabutu qoyulmuşdu. Ancaq tabut özü görünmürdü. O, güldən yaradılmış təpənin altında qalmışdı. Cənazənin arxasında yarımdairə formasında həm aşağıdan taxılmış, həm də tavandan asılmış Azadanın bayraqları kondisionerlərin güclü küləyindən yellənirdi. Bayraqların tən ortasında Prezidendin ağ ipək parça üzərində canlandırılmış şəkli dalğalanırdı. Rəssam cəmi bir günə bu şəkli çəksə də, peşəkarlığı dərhal hiss olunurdu. Görünür, rəssam Prezidenti kifayət qədər yaxşı tanıyırmış. Çünki Prezidentin yüzlərlə fotosunun içərisindən ancaq ona xas olan istehzalı təbəssümlü şəklini seçmişdi.
20-ci sırada əyləşmiş Con, Prezidenti yaxşı tanıyırdı. Son 10 ildə -müxalifətdə olanda da, hətta qısamüddətli prezidentliyi dövründə də - Prezidentdən 2 dəfə böyük, bir neçə dəfə isə kiçik intervülər götürmüşdü. Onun yazdığı kitabların və verdiyi çoxsaylı intervülərin hamısını oxumuşdu. Hər dəfə intervülərdən sonra söhbətlərini saatlarla davam etdirmişdilər. Bir neçə dəfə o, Nyu-Yorkda olanda sevdiyi “Manfuci” Yapon restoranına dəvət etmişdi. Prezidentin təbəssümdən çox istehzalı gülümsəməyə oxşayan baxışları bir çoxlarını əsəbiləşdirirdi. Söhbətləşdiyi adam özünü narahat hiss edirdi. Elə təsəvvür yaranırdı ki, o, söhbət etdiyi adamın aşağı intellektinin üzərində istehza edir. Xüsusilə o, Amerikanın dövlət departamentində yuxarı vəzifədə işləyənlərin heç xoşlarına gəlmirdi. Amerikanın qüdrətini özlərinin şəxsi gücü kimi qəbul edən departament məmurları, kiçik ölkələrin adamlarıyla yuxarıdan aşağı, saymazyana danışmağa, onların başına “ağıl” qoymağa adət etmişdilər. Ancaq danışığın ilk dəqiqələrindən Prezidentin bəhs edilən mövzularda dəmir arqumentlərlə istehzalı izahı və yumorla danışması onları çaşdırırdı. Amerika tarixinin müxtəlif dövrlərində, müxtəlif liderləri tərəfindən söylədiklərindən sitatlar gətirməsi, demokratiya uğrunda Marşalldan tutmuş, Reyqana qədər, görülmüş real işləri sadalaması departament işçisini hazırladığı nəsihətverici çıxışdan çəkindirirdi. Onun əvəzinə, indi aparılan siyasətlərinə haqq qazandırmaqla məşğul olurdu.
Jurnalist də birinci dəfə söhbət edəndə ilk dəqiqələrdə özünü narahat hiss etdi. Ancaq vaxt keçdikcə, anladı ki, onun təbbəssümü istehza məqsədi daşımır. Sadəcə olaraq, Prezident yumorsuz və arqumentsiz danışa bilmir. Özünün hələ söyləmədiyi yumora gülümsəyir. Müsahibi danışa-danışa onda istehzalı təbəssümün yaranması, əlbəttə, istənilən onu tanımayan adamı müvazinətdən çıxarırdı. Con jurnalist dostları Piter və Elvarı zalda axtarsa da, onları heç bir cərgədə görə bilmirdi. Ancaq o əmin idi ki, hər ikisi buradadır. Aşağıda insan axını davam edirdi: sağ qapıdan içəri daxil olub, səhnəyə qalxır, tabutun arxasından fırlanıb səhnədən enir, sol qapıdan küçəyə çıxırdılar. Cəmi bir həftə bundan öncə, onun Prezidentdən götürdüyü intervü dünən dünyanın bir neçə tanınmış qəzetində çap olunmuşdu. O, Prezidentdən böyük intervü götürmüşdü, heç bir qəzet o intervünü bütövlüklə verməzdi, ona görə də planlaşdırmışdı ki, hissə-hissə, 1 ay müddətində müxtəlif başlıqlar altında bu maraqlı intervünü verib qurtaracaq. Killerin dünənki atəşi isə onun planlarını darmadağın etmişdi.
- Cənab Prezident, korrupsiya və rüşvətə görə, dünyada çempionlardan biri sayılan Azadanda siz necə bu bəlanın kökünü bir neçə ilə kəsmək istəyirsiniz? Sizin ölkədə on minlərlə məmur ordusunun içərisindən heç bir nəfər belə, rüşvət almayan adam tapmaq mümkün deyil. Siz onların hamısını bir nəfər kimi başqaları ilə əvəzləmək istəyirsiniz? İstəsəniz belə, haradan tapacaqsınız o qədər təmiz adamı Azadanda?...
Conun Prezidentə verdiyi bir sual da cavabsız qalmamışdı. Hərdən, onun özünə elə gəlirdi ki, verdiyi suala görə, xəcalət çəkməlidir, ancaq Prezidentin sakitliklə cavab verməsi onu bu hissdən xilas edirdi. Məsələn, Con soruşanda ki, “siz kifayət qədər yaşlı adamsınız, öləndən sonra xalqın sizi necə xatırlamanızı istəyərdiniz: Almaniyanın konsleri Adenauer, İngiltərənin Baş naziri Çörçill, yoxsa ABŞ prezidenti Reyqan kimi?” sualdan özü də utanmışdı, ancaq Pezidentin cavabı onu heyrətləndirmişdi:
- Düzünə qalsa, heç biri kimi! Ümumiyyətlə, azı bir 10 il istərdim ki, məni heç xatırlamasınlar da. Axırıncı 100 ildə həmişə əvəzedilməz “dahilər” yaradan bu xalq bir nəfər də “dahi” yaratsa, artıq o, heç vaxt sivil bir xalqa çevrilə bilməyəcək. Ona görə, hər gün, faktiki olaraq, mənim gördüyüm işlərin adi işlər olduğunu, bu günə qədər bu işlərin çoxdan görüldüyünü təkrar-təkrar özüm qeyd edirəm və bu dediklərim həqiqətdir...
Conun gözlərinin qabağından yenidən canlanan intervü səhnəsinə qəfildən Piter və Elvar daxil oldu. O, çaşıb qaldı, axı onlar bu söhbətdə iştirak etmirdilər? Ancaq onlar heç oturmamışdılar, harasa addımlayırdılar... Con həmin dəqiqə xəyallarından aralanıb, real həyata qayıtdı. O, tabutun arxasından addımlayıb çıxış qapısına tərəf gedənlərin jurnalist dostları olduğunu başa düşdü. Tez ayağa qalxıb qonşusundan üzr istəyib, oturduğu yeri tərk etdi. Əsas qapıdan çıxıb, binanın ətrafına dövrə vuraraq sol küçəyə çıxanda, dostlarının ehtiyat qapının yanında dayanıb söhbət etdiklərini gördü. Elvar, həmişəki kimi, siqaretini tüstülədirdi. Piterin siqaret iyindən zəhləsi getdiyi üçün, adəti üzrə, bir qədər aralıda dayanmışdı, ancaq diqqətlə Elvarı dinlədiyi hiss olunurdu. Con onlara yaxınlaşdı. Heç bir şey demədən, əllərini sıxdı. Onlar da heç nə demədilər. Elvar yerli kimi, “Getdik”- dedi və yolu keçib, bir neçə dolanbac küçələrdə fırlandıqdan sonra bir həyətə girdi. Həyətdə köhnə “Volvo” markalı maşın dayanmışdı. Maşının qapılarını açıb mənzil tərəfə “Mama, biz getdik” - dedi. Con və Piter oturandan sonra, maşını işə saldı. Motor bir-iki dəfə öskürüb-asqırandan sonra, nəhayət, işə düşdü. Benzinin oktanı ya aşağı idi, ya da nəsə ağır fraksiya qatmışdılar. Yola çıxandan sonra:
- Sizin təyyarənin uçmasına 5 saat var, haradasa bir yerdə çörək yeməliyik, - dedi Elvar.
Con:
- Yemək yeməsək də olar, ağlın nə kəsir bu terror aktından?
Elvar:
- Rəhmətliyi ikiniz də tanıyırdınız. Mən həmyerlisi olsam da, bir dəfə də onunla görüşə bilmədim. Bir dəfə Amerikada olanda, görüşməyə cəhd etdim, alınmadı. Bizim hər ikimizin ortaq dostu akademik ona zəng vurub vaxt təyin etmişdi. Təəssüf ki, həmin gün xəstələndim, temperaturum qalxdı, iki gündən sonra zəng vuranda isə telefonda mənimlə çox sərt danışdı. Dedi ki, biz iki gün bundan öncə görüşməli idik, sizin zənginizi gözlədim, əfsuslar... Tələm-tələsik xəstələndiyimi bildirdim, ancaq onun inanmadığını istehzalı cavabından anlamamaq mümkün deyildi. Görməsəm də, indi tabutunun üzərində istehzalı təbəssümlə “sən tərzli həyat keçirənlər hər gün xəstə ola bilər, ancaq verdiyin sözə əməl etməyi də bacarmalısan. Xəstəliyin elə güclü olub ki, nə telefonun dəstəyini götürə, nə də nömrəni oxuya bilmisən və zəng edib görüşə gəlməyəcəyinin səbəbini həmin gün çatdırmamısan?”- cavabını hiss etdim. Yəqin ki, kimlərsə mənim alkaqolla dost olduğumu ona çatdırmışdılar, bəlkə də ümumi dostumuz deyib. Hamı bilirdi ki, o, içməyin əleyhinə deyil, əksinə, özü də vaxtilə içən olub, ancaq içib verdiyi sözə əməl etməyənlərdən zəhləsi gedir. Telefonla danışanda cavab tapmadığımıdan, yaranmış sükutu bir neçə saniyədən sonra özü pozdu: “Elvar mən sənin yazdığın məqalələri oxumuşam, hətta müəllifi yazılmayan yazıların da hansının sənə mənsub olduğunu bilirəm. Həqiqətdir ki, böyük məmuniyyətlə o cür gözəl analitik yazıların müəllifi ilə görüşmək və vaxta məhdudiyyət qoymadan söhbət etmək istəyirdim. Qismət deyilmiş. Sadəcə olaraq, mən iki saat bundan öncə, başqa bir ölkəyə gəlmişəm, Amerikada deyiləm. Gələn dəfə, ancaq çalış xəstələnməyəsən...”. Con, sən ondan intervü götürəndə onunla görüşmək istədiyimi çatdırmışdın. Həmin günün səhəri köməkçisi zəng vurub 1 aydan sonraya görüş üçün vaxt da təyin etmişdi. Görünür, qismət deyilmiş...
Elvar rus dilində danışırdı, daha doğrusu, rus dilini Azadan dilindən yaxşı bilirdi. Az da olsa, fikirlərini ingiliscə də izah edə bilirdi. Rus dili Piterin ikinci ana dili idi, doğrudur, danışanda çox güclü amerikan ləhcəsi aydınca sezilirdi. Conun rus dilində danışığı Elvarın ingiliscəsindən də zəif idi, ancaq Piter onun başa düşmədiklərini izah edirdi.
Maşın artıq Babuldan çıxıb, hər iki tərəfi köhnə buruqlarla əhatə olunmuş yolla şimala tərəf irəliləyirdi. Dayanmış sınıq-salxaq buruqlar, metallomluq mexanizmlər, neft axmış su gölməçələrinin yaratdığı mənzərə heç ürək açan deyildi. Havadakı üfunət isə istənilən yüksək əhval-ruhiyyəni dərhal pessimistliyə çevirməyə qadir idi. Onsuz da kefləri aşağı olan jurnalistlərin hər üçü, deməsələr də, bu zonadan tezliklə çıxmaq istəyirdilər. Bunu hiss edən Elvar:
- Bir dəqiqədən sonra bu zonadan çıxırıq,- dedi. Bir qədər fasilədən sonra isə Conun sualına cavabını davam etdirdi:
- On illərlə korrupsiya və rüşvət bataqlığında üzən, minlərlə dövlət məmuru və qara bizneslə küllü miqdarda pul qazanan klanın adamları Prezidentin onlarla apardığı açıq, kompromissiz mübarizəsinə özlərinə xas olan namərdliklə cavab verdilər...
Maşın həyətlərində bir və ya iki ağacı olan seyrək evlərin arasından keçərək, birinin qarşısında dayandı. Elvar siqnal verən kimi, qapı açıldı və o, maşını içəri sürdü. Qapını bağlayan adamın sifəti çox qorxunc idi. Üzündəki dərin çapıq və gözünün birinin dartılmış dərisi vahiməli bir təsir bağışlayırdı. Dartılmış dəri gözünün birini qırpmağa imkan vermədiyindən, həmişə diqqət mərkəzində idi. Con “yəqin, yatanda da bu gözü yumulmur” düşündü. Elvar onu təqdim etdi:
- Tanış olun, dostum Cabbar, müharibə iştirakçısı olub, yanında partlayan mərmidən beyni və üzü ağır zədə alıb, qulaqları isə eşitmir. Prezidentin ən qızğın tərəfdarıdır. 15 il bundan öncə Prezident, - onda bizneslə məşğul idi, - onun kimi 20 nəfər müalicəsi Azadanda mümkün olmayan ağır yaralını Almaniyaya müalicəyə göndərib. Almaniyada Cabbarın beynində çox mürəkkəb əməliyyat aparmaqla həkimlər onu ölümdən xilas ediblər.
Cabbar, qulaqlarında eşitmə aparatı olmasına baxmayaraq, dostunun dedklərini eşitmədi, ancaq təqribən nə dediyini bildiyi üçün gülümsədi. Onun əyilmiş sifətində gülümsəmək daha çox ağlamağa bənzəyirdi. Jurnalistlər ona əl verib adlarını dedilər. Həyətdə qoyulmuş manqal hazır vəziyyətdə idi, od vurulmasını gözləyirdi. Elvar başı ilə işarə verən kimi, Cabbar manqalı odladı, özləri isə içəri keçdilər.
- Con, Prezidenti Azadanın mafiyasının qətlə yetirdiyini düşünürəm. Mən onları ifşa edəcəyəm. Həm banditlərin, həm daxili-xarici kəşfiyyat orqanlarının, həm də klanın içərisində kifayət qədər tanışlarım var, tapacağam o cinayətkarları, onların adlarını bircə-bircə xalqa açıqlayacağam, - dedi Elvar.
Maşına minəndən susan Piter, Elvarın ehtiraslı çıxışından sonra dilləndi:
- Sən çox emosionalsan, belə olmaz. Bir qədər gözləməlisən, faktlar toplamalısan. Camaat indi çox həyəcanlı və gərgin vəziyyətdədir. Bir ehtiyatsız məqalə günahsız qan tökülməsinə gətirib çıxarda bilər. Bu gün desən ki, Prezidentin ölümündə filankəsin əli var, sabah onu dar ağacından asar camaat.
Onlar xaraktercə bir-birlərindən çox fərqli adamlarıydılar. Con bütün həyatı boyu, dünyanın ən təhlükəli yerlərindən geniş reportajlar yazan bir şəxs idi. Jurnalist tədqiqatının yollarını yaxşı bilirdi, lazım gələrsə, istənilən terrorçu qrupun içərisində həftələrlə yaşayıb, obyektiv yazılar yazardı. Con Prezidentin öldürülməsinin səbəblərini, sifarişçilərini, killerin kim olduğunu müəyyənləşdirmək qərarına gəlmişdi. İşlədiyi qəzetin redaktoru ilə telefonla danışıb bir illik kontrakt da bağlamışdı. Ancaq o, bu bir il müddətində, ən azı, 12 analitik yazı da yazmalı idi. Bu işdə Piter və Elvarın ona kömək edəcəklərinə də əmin idi.
Stolun üzərində Azadan qaydası ilə göy göyərti, turşular, mineral sular, pendir və bir şüşə “Beluqa” arağı qoyulmuşdu. Elvar şüşəni açıb qədəhlərə araq süzdü.
- Gəlin, rus qaydası ilə Prezidentin xatirəsini yad edək.
Con:
- Ruslar hər zaman araq içə bilmələri üçün onlarla səbəb uydurublar. Tezdən duran kimi, “poxmelitsa eləmək lazımdır, yoxsa başım ağrıyacaq”dan başlayıb, günorta iştah üçün 100 qram, axşam “qonaqdan ayıbdır”la yarım litr içə-içə günlərini başa vururlar. Toydu - içib “qorka” qışqırırlar, yasdır - xatirəsini yad etməliyik və sair, - dedi və Pitrə tərəf baxdı. - Mən rusların aristokratlarını demirəm ha, incimə... Ancaq bilmirəm, Çar II Nikolayı aristokrat saymaq olar, ya yox, çünki o da səhərdən ta yatana qədər, “vurur”du.
Peter:
- Kim danışsa da, gərək, siz ikiniz səsinizi çıxartmayasınız. İstənilən rus sizin içməyinizə qibtə edər. Düzdür, sən daha çox viski içirsən, ancaq Elvar araqdan başqa içki tanımır, - cavabını verdi.
Cabbar şişdə balıq və quzu kabablarını gətirdi. Elvar ona oturmağı təklif etdi, ancaq Cabbar, - Yox, mən sonra yeyərəm, indi toyuq kabablarına baxmalıyam, - deyib getdi.
- Biz Cabbarla eyni institutda, eyni qrupda oxumuşuq. İnstitutu qurtaran ili kommunist rejimi dağıldı. O, ilk olaraq öz biznesini quranlardan idi. Ancaq savaş başlayan kimi, biznesini qoyub, könüllü müharibəyə getdi. İndiyə qədər də hər il müalicə olunmalıdır. Bizim korrupsioner hökümətimizin müharibə əlillərinə münasibətini eşitməmiş olmazsınız. İnanmazsınız, əllilik kağızı almaq üçün də biz rüşvət verməli olduq, - deyən Elvar rumkanı əlinə götürdü. - Nə isə, Con, jurnalist tədqiqatında məni də özünə köməkçi seçməyinə görə təşəkkür edirəm. Onsuz da Azdanda bu işi görənləri axtaracaqdım. Lap öldürsələr də, bu işdən geri çəkilən deyiləm.
Con dilləndi:
- Mən kiçik bir plan tərtib etmişəm, onu sizinlə müzakirə etmək istəyirəm. Bura gəlməmişdən öncə, bir neçə “professional”la söhbət etmişəm. Hamısı killerin dəst-xəttinin Azadana mənsub olmadığını qeyd edirlər. Mənim terrorçu qruplar arasında kifayət qədər tanışlarım var. Onların fikrincə, Azadan yuxarı səviyyəli dövlət mafiyası yaratmasına baxmayaraq, hələ bu səviyyəli professional killer yetişdirə bilməyib və yaxın illərdə də buna nail ola bilməyəcək. Dünyada iki peşənin sutenyorları var: bir, “ictimai evlər”dəki qadınların, bir də professional killerlərin. Killer hazırlamaq daha çətindir. Killer xüsusi xarakterli adamdır, beyni adi insanların beynindən tamamilə fərqli çalışır. Ancaq bu xarakter adam öldürməyə kifayət etsə də, mühafizə olunan adamı öldürüb aradan çıxmağa yetməz. Onun üçün əlavə fiziki komponentlər, yer seçmək, intuisiya, gözlə məsafəni dəqiq müəyyənləşdirmək, müvafiq silah və xüsusi patron hazırlamaq və s. kimi yüksək talant elementləri də tələb olunur. Bu cür killerlərin sayı, hər halda, minlərlə deyil. Hər birinin öz dəst-xətti var. Fikirləşirəm ki, onu müəyyənləşdirmək olacaq. Bizi isə əsas sifarişçi maraqlandırır. Bu məsələdə problem kifayət qədərdir. Birincisi, azı, 4 ölkənin xüsusi xidmətindən biri də sifarişçi ola bilər, ölkənin daxilindəki yüzlərlə adamdan biri və ya bir neçəsi də -hakimiyyəti ələ keçirmək istəyənlərdən tutmuş, pullarını itirəcəklərindən qorxanlaradək.
Con sonra planın detallarını izah etdi. Piterin imkanları Rusiyanın kəşfiyyat strukturları və çeçen döyüşçüləri arasında kifayət qədər idi. Elvar isə Azadanda olan əlaqələrini işə salıb öyrəndiklərini Cona ötürməli idi. Amerikalı olmasına baxmayaraq, rus patriotu sayılan Piter, ürəyincə olmasa da, Rusiya ilə bağlı reallıqları söylədi:
- Con, rus kəşfiyatından istənilən informasiyanı ala bilərik. Heç bir problem yoxdur, ancaq pul tələb olunur. Orada hamı informasiya verə bilər, sadəcə olaraq, qiymətdə fərq var. Mayorun bir qiyməti var, generalın başqa. Mən səni Moskvada bir generalla tanış edəcəm, ancaq maliyyə məsələlərini özün həll edərsən. Ondan pulsuz nəsə öyrənmək olar, ancaq bu, çox cüzi olacaq...

Ardı var...