Rəsul Quliyevin “Reportyorlar”ı – “Qafqazinfo”da

resul-quliyevin-reportyorlari-qafqazinfoda
Oxunma sayı: 1142

Azərbaycan parlamentinin sabiq sədri, 15 ildir məcburi ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevin bu günlərdə ABŞ-ın “Xilibris” nəşriyyatında daha bir kitabı çapdan çıxıb. R. Quliyev “Qafqazinfo”ya verdiyi məlumatda bildirib ki, kitabın adı ingilis dilindən birbaşa tərcümədə “Həqiqətin qiyməti” adlanır. Amma o, kitabı Azərbaycan dilində “Reportyorlar” adlanır. Roman kitab siyasi detektiv janrında yazılıb və üç tədqiqatçı-jurnalistin peşə fəaliyyəti zamanı göstərdikləri fədakarlıqlardan, rastlaşdıqları inanılmaz olaylardan bəhs edir. Əsərin əsas qəhrəmanları olan Con - ABŞ, Piter - ABŞ (Rusiyada işləyir) , Elvar isə “Azadan” adlı ölkəni təmsil edən jurnalistlərdir. Hər üç jurnalist “Azadan” Respublikasının prezidentinə qarşı təşkil edilmiş sui-qəsdin sifarişçilərinin və icraçılarının kimliyini araşdırırlar.

R. Quliyevin “Qafqazinfo”ya təqdim etdiyi kitabdan bir hissəni oxuculara təqdim edirik:


Rəsul Bayram (Quliyev)

“Reportyorlar”
(siyasi-detektiv roman)


Dekabr, 2009
Azadan, Babul şəhəri...

... O, divardakı saata baxdı - 11-dən 5 dəqiqə keçmişdi. Yenə də gecikmişdi. Oğluna verdiyi sözə əməl edə bilməməsinin narahatçılığı sıxırdı onu. Məsələ ondadır ki, onun oğluna aldığı virtual oyunu ancaq iki nəfərlə oynamaq mümkün idi. Arvadı kompyuter oyunlarına maraq göstərmədiyindən, oğlu iki gün idi ki, atasından israrla evə tez qayıtmağı tələb edirdi. “Ananla oyna, mənim vaxtım yoxdur” - deyəndə isə, oğlunun “sən nə danışırsan, orada vuruşanların hamısı kişidir, bu arvad oyunu deyil” kimi yekə-yekə verdiyi bir cavab almışdı. İndi oğlunun cavabını xatırlayıb, gülümsədi, sonra köksünü ötürüb dilləndi:

- Mən gedim, gecdir, həm də daha söhbət etməyə bir şey qalmadı.

Görüşdüyü mühüm adamın nümayəndəsi:

- Sizin üçün indi evdə olmaq çox tezdir, Jurnalist - dedi və gülümsədi.
Onun heç şübhəsi yox idi ki, bu adamlar onun nə vaxt, harada olduğunu çox gözəl bilirlər. Reaksiya verməyib, ayağa qalxmaq istəyəndə, “tələsməyin, bizim maşın sizi evinizə aparar, taksi çağırmaq lazım deyil”-təklifini eşitdi. O da məmnuniyyətlə razılıq verdi.
O, görüşdüyü bu adamı tanımırdı. Ancaq onun “boss”u bir ildən çox idi ki, onlara bir cinayətin üstünün açılmasına kömək edirdi. Çox təhlükəli olan bu işdə onlar bir neçə dəfə onu və jurnalist dostlarını real ölümdən xilas etmişdilər. O özü heç “boss”un üzünü də görməmişdi və kimlyini də bilmirdi. Ancaq tək bu ölkədə yox, dünyanın istənilən yerində onu və dostları Piter və Conu izləyən, lazımı vaxtda lazımı yerdə onlara kömək edən qüdrətli adama inanmaya bilməzdi.

Bir neçə dəqiqədən sonra əynində bahalı “Lanvin” firmasının kostyum-köynəyini geymiş, intilligent təsiri bağışlayan masa yoldaşı ”Henesi XO” konyakının axırıncı damlalarını da başına çəkib, paltarının marakasından olan qalstukunu düzəltdi və maşının onu gözlədiyini bildirdi. Sonra da rumka tutmadığı əlini qaldıraraq “hələlik” dedi. O özü də isti vidalaşma və görüşmə mərasimlərinin əleyhinə olan adam idi. Xususilə də vidalaşanda və ya görüşəndə öpüşən kişilərdən iyrənirdi. Odur ki, heç ona tərəf baxmadan, “hələlik” deyib, qapıya tərəf yollandı.

Restoranın qapısında dayanmış şveçar “Mersedes - 55” markalı maşının qapısını açıb, “buyurun” deyəndə, əvvəlcədən hazırladığı 10 dolları onun cibinə basıb, maşına əyləşdi. Maşın, qapının axıra qədər bağlanmasını gözləmədən yerindən tərpəndi. O, sürücüyə heç bir ünvan söyləmədi. Əmin idi ki, dünyanın hər yerində hər şeydən xəbər tutmaq imkanına malik olanlar onun evinin ünvanını da dəqiqliyilə bilirlər. Yol boyu sürücünü danışdırmağa cəhd etsə də, ondan cınqır da çıxmadı - elə bil, lal-kar idi.

Maşın onun yaşadığı binanın qarşısında dayandı. O, “Mersedes”dən düşən kimi, sürücü heç nə demədən dərhal uzaqlaşdı. Binanya yaxınlaşıb, giriş gapısındakı qıfılın kodunu yığdı. Qıfıl çıqqıldayan kimi, qapını açıb içəri daxil oldu. Geniş foyenin küncündə olan liftə yaxınlaşana qədər, qapı yenidən bağlandı. Lift işləmirdi. Nadir hallarda olsa da, elit sayılan bu binada da, hərdən, lift işləmirdi. O, deyinə-deyinə pilləkanla 7-ci mərtəbədəki mənzilinə qalxmağa başladı. Elə 6-cı mərtəbəyə çatmışdı ki, kimsə arxadan onu səslədi:

- Jurnalist!!!

Geriyə çevriləndə, bir addımlığında maskalı, səsboğucu taxıldığından kifayət qədər uzun görünən tapançanın ona tuşlandığını gördü. İlk anda beynindən “bu, haradan belə səssiz çıxdı kı, görmədim” fikri keçdi. Həyatında bir neçə dəfə buna bənzər ölümlə üz-üzə gələn jurnalist, yenə də nəyinsə baş verəcəyinə və sağ qalacağına ümidlə maskalının düz gözlərinə baxdı. Maskanın altındakı gözlərdə vahiməli bir istehza hiss edib, qorxdu.

- Jurnalist, yəqin ki, ölümünün vətənin Azadanın Babul şəhərində çatacağını heç yuxunda da görə bilməzdin. Doğrudan da, Çeçenistanın müharibə zonalarından salamat çıxanın burada ölməsi heç cür inanılası deyil. Jurnalist, sifarişci tapşırıb ki, ölməmişdən qabaq, sənə bəzi sözləri çatdırım. Cinayətin üstünün açılmasında vicdanla çalışdığına görə, sənə təşəkkür edir. Eyni zamanda, səni öldürmək qərarı verməyə məcbur olduğu üçün də təəssüflənir və bəribaşdan üzr istəyir. Uşaqlarından narahat olmaya bilərsən, onların gələcəyi barədə planı var. Ən yaxşı univeristetlərin birində təhsil alıb, xoşbəxt yaşayacaqlar...

Onun bədənini soyuq tər basdı, tələm-tələsik:

- Öldürmə, dayan! Onunla mən telefonla danışıb başa sal...
Sözü ağzında yarımçıq qaldı. Böyük kalibirli tapançadan atılan güllə onu havaya qaldırıb divara çırpdı. 185 santimetr boyu, 130 kiloqram cəkisi olan jurnalist nə havada uçaraq divara dəyməsini, nə də tapançanın boğunuq səsini eşidə bildi. Güllənin sürəti səsin sürətindən dəfələrlə artıq idi...

Moskva, Rusiya
İki həftə sonra...


- Piter, xahiş edirəm, mənə beş dəqiqə vaxt ayırasan...

- Mümkün deyil, İnqa, mən beş dəqiqə bundan öncə “Metropol”da olmalı idim, dostum gözləyir...

- Piter, bu məqalə sabahkı nömrədə getməlidir, bəzi məqamlara sənin baxman, razılığın lazımdır, yoxsa sonra skandal olacaq...

- İnqa, axı sən jurnalistsən, məsuliyyəti öz üzərinə götürməyi bacarmalısan! Mən getdim, xudahafiz!

- Piter, Piter... Heç olmasa, bircə dəqiqə...

Onun qaçan addımlarının səsi artıq bir mərtəbə aşağıdan eşidilirdi. İnqa məyus-məyus geri - öz otağına qayıdanda, aşağıdan zəif əl çalmağa oxşar səs eşitdi. Sonra bu səs bir neçə dəfə təkrar olundu, ancaq o, fikir verməyib, içəri girdi. Üstündən heç bir dəqiqə keçməmiş, aşağıda haray düşdü:

- Öldürdülər, öldürdülər, kömək edin!

Inqa pəncərəyə qaçdı, bir şey anlamadığı üçün başılovlu aşağı yüyürdü, ofisin qapısından çıxanda, sərildiyi vəziyyətdən qalxmağa cəhd edən, qan içərisində üzən Piteri və haray salan orta yaşlı bir qadını gördü. İnstinktiv olaraq, Piterə tərəf qaçdı, onu qucaqlayıb qaldırmaq istədi. Pitrein ona dikilmiş mavi gözləri iztirabla, bu işi görməməyi yalvarırdı. İnqa yerə çöküb Petrin başını qucağına aldı, nəhayət, özünə gəlib qışqıran qadına təcili yardıma zəng etməyi xahiş etdi. Piter zəif səslə “niyə, axı niyə” pıçıldadı... Sonra İnqaya baxıb gülümsəməyə çalışdı, zorla anlaşılacaq sözlə:

- Bağışla, İnqa, məqalənə baxa bilmədim ...- dedi. İnqanın gözlərindən yaş sel kimi axdı, bir qədər fasilədən sonra Piter “deyəsən, daha heç oxuya da bilməyəcəyəm” pıçaldayanda, İnqa hönkürdü. Piter davam etdi:

- Hə... yəqin ki, heç vaxt.... bağışla...

İnqanın hönkürtüsü gücləndi. Bir neçə saniyədən sonra Piter zəif səslə qırıq qırıq:

- Doğma Rusiyamızın... təcili maşını... gec gələcək, həkimi kefli olacaq - dedi və yenə gülümsəməyə cəhd etdi. - Rusiyanı sivil ölkə görmək mənə qismət olmadı.
İnqa al qan içərisində üzən Piterin danışa bilməsinə möcüzə kimi baxır və onun sağalacağına ümidi artırdı. Piter isə zəif, güclə eşidilən səslə pıçıldamağa davam edirdi:

- ... Gör, neçə yüz illərdir ki, ... Rusiyanı sivil bir ölkə... görmək ümidiylə yaşayıb ölürlər, ... ancaq görə bilmirlər. Deyəsən, bu, heç vaxt... heç kimə qismət olmayacaq... Hər halda, mənə qismət olmadı... - o, ölümün astanasında özü özünə hesabat verirdi...
Piter təcili maşının yubanmasının şahidi oldu, ancaq kefli həkimi görə bilmədi - xəstəxanın liftində ilişib qaldılar və elə orada, İnqanın dizləri üstündəcə keçindi. Gördüyü ilk gündən Piterin sarışın, bir qədər də buruq saçlı başını qucağına alıb onun dərin, mavi gözlərinə baxmağı arzulayan İnqa qismən arzusuna çatdı. Piterin başı onun qucağında, sonuncu dəfə dərin nəfəs aldı və dünyanı tərk etdi...

Həmin gün, Moskva, “Metropol” hoteli...

Con saatına baxdı, Piter görüşə azı 30 dəqiqə idi ki, yubanırdı. “Piterdən çıxmayan iş”, - düşündü. O, Piteri univeristetdən tanıyırdı, bilirdi ki, verdiyi sözə əməl etməkdə, bəlkə də, ən dəqiq adamdır. Əgər müəyyən bir səbəbdən yubanardısa, adətən, zəng edərdi. “Nə baş verə bilər ki, zəng edib xəbərdar etməsin? Bəlkə elə görüşdədir ki, çıxa bilmir, ya zəng etmək mümkün deyil”, - o, yenə səbrsizliklə düşünməyə başladı.

İki həftə bundan öncə, jurnalist dostları Elvarın öldürülməsi onun hissilərini həssaslaşdırmışdı. Baxmayaraq ki, Conu ölümlə təəccübləndirmək mümkün deyildi. O, jurnalist kimi, ilk dəfə 1987-ci ildə Əfqanıstanda olmuşdu. Cəmi 22 yaşı var idi onda. Sonralar Birinci və İkinci İraq, Yuqoslaviya, 2006-cı ilin İsrail-Livan müharibələrində hadisələrin ən qaynar nöqtələrindən birbaşa reportajlar vermişdi, həyatında çoxlu ölümlər görmüş, özü də az ölümlə rastlaşmamışdı. Ancaq Elvar onun dostu olmaqla yanaşı, həm də o regionda ən cəsarətli və ağıllı jurnalist idi, baxmayaraq ki, ixtisasca jurnalist yox, mühəndis olmuşdu. Ən əsası, onların hər üçü əsrin terroru sayılacaq, Azadanın prezidentinə sui-qəsd cinayətinin sifarişçilərini müəyyənləşdirib, kifayət qədər dəlil-sübutlu sənəd hazırlamışdılar. Onun fikrincə, Elvarı buna görə qətlə yetirmişdilər. Moskvaya gəlməkdə də məqsədi Piterlə birlikdə Azadana gedib, bu sui-qəsdi araşdırmaq idi.

2 saatdan sonra Conun narahatçılığı son həddə çatdı. O, Piterin mobil telefonuna hər 5 dəqiqədən bir zəng etsə də, telefon hər dəfə “abonent indi cavab verə bilmir, zəhmət olmasa, mesajınızı qoyun”la kifayətlənirdi. Birdən “SNN” kanalında olan televizoru “breakinq nyus” xəbərini ekrana çıxartdı. Piterin şəkli ekranı tutdu, diktor Moskvanın mərkəzində Amerikanın tanınmış qəzetinin Rusiya bürosunun direktoru Piter Xlebinə terror edildiyini bildirdi. Ekranda təcili yardım maşınından düşürdülən arabanın xəstəxanın qapısından içəri aparılması göstərilirdi. Göstərilən kadrda yaralıya heç bir sistemin qoşulmaması dərhal Conun diqqətini çəkdi. Düşündü ki, göstərilənlər reallıqdan uzaqdır, yəqin, butefor səhnədir. Vaxtilə işlədiyi “SNN”-in Moskva bölməsinə zəng vurdu. Özünü təqdim edib, həyəcanla xəbərin nə dərəcədə düzgün olub-olmadığını soruşdu. Məlumatın gerçək olduğunu eşidəndən sonra, “yəqin, yüngül yaralanıb, ona heç bir sistem qoşulmamışdı”- dedi. Trubkadan:

- Bura Rusiyadır, Con, ola bilər ya sistemləri yoxdur, ya da götürmək yadlarından çıxıb. Piterin vəziyyəti çox ağırdır, bizə belə gəlir ki, o, artıq ölüb, indi rüşvət verib xəstəxanaya daxil olacağıq, bir neçə dəqiqəyə məlumat verəcəyik, – cavabını eşitdi.

- Bəs, rus televiziyaları nə deyirlər? – Con soruşdu.

- Hələ ki, heç nə. Prezidenti tapa bilməyib icazə almayana qədər, onların ixtiyarı yoxdur nəsə desinlər. Əgər prezidentləri də hansısa məşuqəsi ilə olsa, azı iki saat gözləməli olacaqlar. Deyirlər, o, yataqda “supermən”dir, - o, acı istehza ilə telefonda güldü. - Yazıq Piter, Rusiyanın gələcəyinə fanatikcəsinə inanan Piter...

Con telefonda danışdığı vaxt diktor efirdən Piterin aldığı çoxsaylı güllə yaralarından əməliyyat stoluna çatmadan öldüyünü elan etdi. Kifayət qədər təcrübəli Conun, Elvar və Piterin qətlə yetrilməsinin onların axırıncı jurnalist tədqiqatı ilə əlaqədar olmasına artıq heç bir şübhəsi yox idi. 3-cü iştirakçı Con idi. Moskvada oliqarx mafiyasının və kriminalın imkanlarının hökümət orqanlarının imkanlarından qat-qat artıq olduğunu yaxşı bilən Con, onun yerinin müəyyənləşdirilməsinin (əgər indiyə qədər bilmirdilərsə belə) və aradan götürülməsinin çox asan olduğunu anlayırdı: “Yəqin, həm Azadanda, həm də Rusiyada prezidentin qətlində əli olan cinayətkarlar düşünürlər ki, onu da aradan götürsələr, rahat yata bilərlər. Elvar və Piterin qatillərini də heç kəs axtaran deyildi”.

Con ölümün onun lap yaxınlığında nəfəs aldığını hiss edirdi. Sağ-salamat Moskvanı tərk edə biləcəyi böyük sual altındaydı. Variantlardan biri səfirliyə zəng edib, kömək istəməsi ola bilərdi. Ancaq istənilən dövlət bürokratiyasının hərəkətə gəlməsinə vaxt tələb olunurdu və o vaxt kifayət edərdi ki, onu elə öz hotel otağında on dəfə öldürsünlər. Con son vaxtlar onlara himayədarlıq edənlərə zəng vurmaq istədi, ancaq dərhal da fikrindən daşındı. Çünki son bir həftə ərzində bu adamlar israrla onunla Amerikadan qıraqda haradasa görüşməyi tələb edirdilər. Elvarın ölümündən sonra bu, bir qədər şübhəli görünürdü.
Beyni ildrım sürətiylə işləyirdi, bütün bu analizlərə onun bir dəqiqədən azca artıq vaxtı getmişdi. Həmişəki kimi, instinkti qəfildən hansı qərarı qəbul etməyi söylədi. O, hotelin telefonu ilə himayədarlarının onunla əlaqə saxlayan nümayəndəsinə zəng etdi. İki çağırışdan sonra telefonu götürdülər. Con Moskvada olduğunu və onlarla görüşmək imkanının yarandığını qeyd etdi. Dedi ki, hələ iki gün burada olacaqdır, əgər arzuları varsa, sabah onlarla görüşə bilər. Trubkadan tələm-tələsik:

-Yox, səhərə qədər gözləmək lazım deyil, boss Moskvadadır, hoteli tərk etmə, yarım saat ərzində oralarda bir yerdə görüşəcəyik, – bildirildi.

Con, guya, fikrləşirmiş kimi pauza verdi. Trubkadan israrla:

- Hoteli tərk etmə, təhlükəlidi, görüşəndə hər şeyi izah edəcəyik – deyildi. Con qəsdən dinlənilən telefonla zəng etmişdi. Otağının da dinlənildiyini bildiyi ücün aşağı - resepşinə zəng etdi:

- 30 dəqiqədən sonra yanıma qonaqlar gələcək, ola bilər, 15-20 dəqiqə yubanam. Görüşüm var, qoy gözləsinlər, - dedi və telefonu yerə qoydu.

Bu onun qəbul etdiyi qərarın tərkib hissəsi idi. Con əl çantasını çiyninə atıb, (əsas baqajını götürməmək qərarına gəldi) xidmət personalının istifadə etdiyi liftlə 1-ci mərtəbəyə endi, mətbəxin içərisindən keçib, ehtiyat qapısından küçəyə çıxdı. Binanın arxasından sağ tərəfə fırlanıb, 20 metrdən sonra qarşısına çıxan ilk metrostansiyaya girdi, qatar sağ xəttə çatanda vaqona atılıb iki stansiya getdikdən sonra, yenidən düşdü və küçəyə çıxdı. Hara gəldiyinin heç bir əhəmiyyəti yox idi. Xoşbəxtlikdən, stansiyanın qarşısındakı meydanda onlarla taksi dayanmışdı. Birincisinə yaxınlaşıb, qapını açdı:

- “Şeremetov” aeroportuna - dedi.

-Nə qədər verəcəksən? – sürücü soruşdu.

- Neçə lazımdır?

Sürücü sınayıcı nəzərlərlə onu süzüb, - iki “zelyonnıy” - dedi. Con isə başa düşməyən adamlar kimi “Neçə?”- deyə, soruşdu.

- Yaxşı, otur, 100 verərsən.

1 saat 10 dəqiqədən sonra o, artıq “Şeremetov” aeroportunun kassasının qarşısında idi.

- Miss, Amerikaya birinci reys nə vaxt uçur?

- Sabah axşam, saat 18-də, bu günkü 3 saat bundan qabaq uçub.

- Yox, mən sabah orada olmalıyam, bəs, Avropanın hansısa bir şəhərinə uçuş varmı?

- Hara sizi maraqlandırır? Praqaya iki saatdan sonra, Frankfurta isə 25 dəqiqədən sonra minik başlayacaq. Hər iki reysə bilet var.

- Frankfurtdan Amerikaya hər gün 20 təyyarə uçur, zəhmətolmasa, ora verin.

- Xəbərdar edirəm ki, gömrükdə geciksəniz, təyyarəyə çata bilməyəcəksiniz. Bir də Frankfurta ancaq biznes-klasa yer qalıb, düzdür 30 faiz güzəştlə (diskaunt) satırıq. Əgər bileti götürürsünüzsə, 700 dollar hazırlayın.

Con əvvəl onlara kömək edən sirli biznesmenin kompaniyasına məxsus platin amerikan ekspress-kartından istifadə etmək istədi. Daxilindən gələn səs, “hələ ki, bu kartdan istifadə etmə” dedi. O, 7 yüzlük sayıb, pasportu ilə (əvəlcədən başqa ad-familiya ilə olan pasportunu hazırlamışdı. Bu adla onun uçduğunu müəyyənləşdirməyə, azı, 30 dəqiqə vaxt lazım olardı) birgə kassirə verdi. Bileti alıb gömrüyə daxil oldu. Baqajının olmamasına baxmayaraq, onun əl çantasını yoxladılar, kompyüterini bir neçə dəfə açıb-bağladılar, özünü təkrar metalaxtarandan keçirdilər və nəhayət, biletinə möhür vurub “gedə bilərsən” dedilər. Dəfələrlə Rusiya sərhədçilərinin məntiqsiz hərəkətləri ilə rastlaşmasına baxmayaraq, onların budəfəki hərəkətləri onun narahatçılığını artırdı. Sərhədçi oğlan, azı, beş dəfə pasportdakı şəkilinə və ona baxdı, bir dəfə telefona cavab verdi, bir dəfə özü harasa zəng etdi, iki dəfə pasportunu əvvəldən axıra vərəqlədi. O, birtəhər özünü sərhədçini acılamaqdan saxladı. Az qala, “ay səfeh, mən sizin ölkəni tərk edirəm, nəyə baxırsan? Bir çox yerlərdə ölkəni tərk edənlərə heç fikir vermirlər, sovetlər 20 ilə yaxındır dağılıb, hələ də Stalin metodları ilə işləyirsiniz” deyəcəkdi, yenə səbrini basdı. Nəhayət, üzünə hələ tük çıxmayan, uşağaoxşar sərhədçi pasportuna möhür basıb, ona qaytardı. Bir addımdan sonra o, artıq beynəlxalq zonada idi. Ancaq Moskvada nə beynəlxalq zona statusu? Zorla minməyə çatdığı təyyarə yerdən üzülüb, havaya qalxmağa başlayanda, o, bir qədər rahatlandı...

Ardı var...