““COVID-19” xəstəliyinin müalicəsi ev şəraitində o halda aparıla bilər ki, ağırlaşmamış olsun, simptom müşahidə olunmasın və xəstənin hərarəti az və keçib gedən olsun”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə cərrah Rauf Qasımov Səhiyyə Nazirliyinin stasionar şəraitdə “COVID-19”un müalicəsi ilə bağlı canlı yayımda bildirib.
O qeyd edib ki, burun və boğazda ağrı, qızdırma hallarında xəstəxanaya müraciət etməyə ehtiyac yoxdur. Əgər hərarət davamlı olaraq 38 və daha yüksəyə qalxırsa və öz-özünə düşmürsə, dərhal həkimə müraciət olunmalıdır. Bu o deməkdir ki, çox güman ki, orqanizmdə iltihab var.
“Əgər quru, boğucu öskürək başlayırsa, bu da ağciyərlərin zədələnməsi deməkdir. Halsızlıq həddindən artıq çoxdursa, bu, sizi həkimə getməyə məcbur etməlidir. Həmçinin xəstələr ev şəraitində saturasiyanı ölçə bilərlər. Əgər saturasiya 93-dən aşağı düşürsə, həkimə müraciət olunmalıdır. Xəstəlik yüngül keçirsə, müalicəyə ehtiyac yoxdur. Kompleks vitaminlər, sink və selen qəbul etmək olar. Bu şəxslərin digər hər hansı preparat və antibiotiklərdən istifadəsi qadağandır”.
Həkim həmçinin bildirib ki, koronavirusun əvvəlki ştammlarında 2 həftədən sonra yaxma neqativ çıxırdı. Lakin Britaniya və digər ştammlarda 28-ci sutkaya qədər yaxma pozitiv çıxır. Bu o deməkdir ki, virus orqanizmdə davam edir: “Mən tövsiyə edərdim ki, yoluxan şəxslər 28 gün ərzində heç kəslə kontaktda olmasınlar”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər