Britaniyalı mütəxəssislər növbəti dəfə Bakıda - Foto

britaniyali-mutexessisler-novbeti-defe-bakida
Oxunma sayı: 758

Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, layihəyə əsasən Nərimanov rayonunda 400-ə yaxın konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni konteynerlər yerləşdirilrb, onların yuyulması və meydançaların dezinfeksiyası təmin edilir.

Keçən müddət ərzində şirkətin mütəxəssisləri mütamadi olaraq pilot layihənin həyata keçirildiyi Nərimanov rayonunda tullantıların tərkibinin və digər konponentlərin öyrənilməsi və nəticələrini daha da artırılmasının yollarını araşdırıb, müvafiq təlimatlar veriblər.

Layihənin növbəti mərhələsinə keçidlə bağlı Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndələri, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri Martin Saymon və Devid Dray paytaxtımıza gəliblər. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, gələn il üçün görüləcək işlər, növbəti 2 və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya və digər suallar müzakirə olunub. Görüşdən sonra qonaqlar mətbuat nümayəndələrinə bu barədə məlumat verib və jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Martin Saymon bildirib ki, layihənin ilkin nəticələrini uğurlu saymaq olar: “Müqayisə üçün Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faizə çatıb. Nərimanov rayonunda isə 4 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 32 faizə çatıb, kağız və karton tullantıları 25 faiz olub ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb”.  

Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur.