Britaniyalı nazir Azərbaycana təşəkkür etdi

britaniyali-nazir-azerbaycana-tesekkur-etdi
Oxunma sayı: 2661

Böyük Britaniyanın Avropa və Şimali Amerika regionları üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Ceyms Kleverli Ukraynaya göndərdiyi humanitar yardıma görə Azərbaycan xalqı və hökumətinə təşəkkür edib.

Azərbaycanın Britaniyadakı səfirliyindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Kleverli ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı tədbirə videomüraciət göndərib.

Dövlət naziri ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edib, ölkələrimiz arasında iqtisadi, enerji, beynəlxalq təhlükəsizlik sahələrində uğurlu tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib.

O, Azərbaycan hərbçilərinin britaniyalı hərbçilərlə birgə Kabil beynəlxalq hava limanında evakuasiya prosesindəki peşəkarlığını və qəhrəmanlığını xüsusi minnətdarlıq hissi ilə vurğulayıb, işğaldan sonra Azərbaycan ərazilərinin bərpasına Birləşmiş Krallığın bundan sonra da dəstəyini davam etdirəcəyini qeyd edib.

Ölkəsi üçün Azərbaycanın vacib ticarət tərəfdaşı olduğunu vurğulayıb, siyasi, beynəlxalq təhlükəsizlik, ətraf mühitin mühafizəsi, təmiz enerjiyə keçid istiqamətlərində əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu ifadə edib.

Dövlət naziri Kleverli dünyada cərəyan edən proseslərə toxunaraq bu fonda Azərbaycan xalqının da Qara Yanvarın nümunəsində belə faciələr yaşadığını xatırladıb. O, təmsil etdiyi hökumət adından Azərbaycan xalqı və hökuməti tərəfindən Ukraynaya göstərilən humanitar yardıma görə təşəkkür edib və bunu yüksək qiymətləndirib. 

Eldar Tanrıverdi