Rövnəq Abdullayevin işçiləri QAT üzvünü xəstəxanalıq etdilər

rovneq-abdullayevin-iscileri-qat-uzvunu-xestexanaliq-etdiler
Oxunma sayı: 704

“Qafqazinfo”nun məlumatına görə, hadisənin Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verdiyi bildirilir. QAT-ın məlumatına görə, İlqar Əliyev həmin qəsəbədə məcburi köçkün olan qohumları üçün kiçik bir ev düzəldib: “Dövlət Neft Şirkətinin qoçu dəstəsi dünən həmin əraziyə gəlmiş, ağır texnika ilə evin hasarını sökməyə başlamış, onların bu hərəkətinin qanunsuz olduğunu bildirən İlqar Əliyevi döymüş, hətta onun 60 yaşlı anası Xanım Əliyevaya da əl qaldırmış, ədəbsiz söyüşlər söymüş, təhqir etmişlər. İlqar Əliyev ağır kəllə-beyin zədəsi ilə Mərkəzi Respublika Klinikasına qəbul olunub, vəziyyəti orta ağırdır, ciddi klinik müalicəyə ehtiyacı var. Faktla bağlı Binəqədi rayonu 40-cı polis bölməsində cinayət işi açılıb, istintaq işləri aparılır”.

Qarabağ Azadlıq Təşkilatı bunu təşkilata qarşı qəsd kimi dəyərləndirir: “Yerli hüquq-mühafizə orqanları İlqar Əliyevə dəfələrlə ictimai-siyasi fəaliyyəti ilə bağlı xəbərdarlıq edib, onu susduracaqları ilə hədələyiblər”.

QAT hüquq-mühafizə orqanlarından obyektiv araşdırma aparılmasını, günahkarların cəzalandırılmasını tələb edir: “Dövlət Neft Şirkətinin rəhbərliyindən isə soruşuruq ki, bu cür qoçu dəstələri yaratmağa, insanlara qarşı təzyiq tətbiq etməyə, günahsız insanları döyməyə onlara kim icazə verib, onlar hansı qanuna əsaslanırlar? Sonda onu da bildiririk ki, İlqar Əliyev ixtisasca jurnalistdir, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, hazırda tanınmış idman qəzetlərindən birinin əməkdaşıdır”.

Fatimə Kərimli