Brüssel görüşündə nələr müzakirə olunacaq?

brussel-gorusunde-neler-muzakire-olunacaq
Oxunma sayı: 2322

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan mayın 22-də Brüsseldə keçiriləcək görüşdə tərəflərin sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif etdiyi məqamları müzakirə edəcəklər”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Gündəlik belədir: münasibətlərin tənzimlənməsi və ya sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması məsələləri, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması məsələləri”, - deyə Qriqoryan Ermənistanın “Armenpress” agentliyinə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, İlham Əliyev və Paşinyan hər hansı sənədi imzalamağı planlaşdırmır: “Regional kommunikasiyaların açılması məsələsi üzrə Üçtərəfli İşçi Qrupu (Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri - red.) fəaliyyət göstərir və ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar bu formatda müzakirə edilməlidir. Ona görə də Brüsseldə sənədlərin imzalanması nəzərdə tutulmur”.

Qeyd edək ki, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Brüssel görüşü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutacaq. Sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-sı keçirilib.