Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları - bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqınların problemləri hər il 20 iyun tarixində qeyd olunan BMT Ümumdünya Qaçqınlar Günündə diqqət mərkəzində olub. Belə ki, iyunun 20-də Brüsseldəki “Press Club Brussels Europe” da “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə”) adlı kitabın təqdimatı keçirilib.
Avropa Azərbaycan Cəmiyyətinin Brüssel ofisi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim , Avropa İttifaqı və Belçika diplomatları, mətbuat və QHT nümayəndələri, Azərbaycan diasporasının fəalları və beynəlxalq hüquq tərəfdarları iştirak edib.
TEAS-ın Brüssel ofisinin direktoru Mark Vervilgen öz giriş nitqini BMT Baş Katibi Pan Qi Munun sözləri ilə başladı: “Qaçqınlar da başqaları kimi adi insanlardır, sizin və mənim kimi. Onlar deportasiyaya məruz qalmazdan əvvəl adi həyat tərzi keçirirdi. Onların ən böyük arzusu yenidən öz evlərində və ölkələrində normal yaşaya bilməkdir.”
O, nitqini davam edərək bildirib ki, bugünkü tədbirin əsas məramı bir milyona yaxın azərbaycanlının ədalətsizliyin qurbanı olması faktını buraya toplaşanların diqqətinə çatdırmaqdır. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərini və dogma torpaqlarını zorla tərk etməli olublar. Bu, Avropada olan ən böyük məcburi köçkün kontingentidir. Azərbaycan dünyada adam başına düşən ən çox məcburi köçkünü olan ölkələrdən biridir.
Məlumat üçün bildirək ki, ilk dəfə ingilis dilində nəşr olunan bu toplu 2014-cü ildə Londonun “İTHACA Press” nəşriyyatında işıq üzü görüb. Kitab rus, türk və fransız dillərinə tərcümə edilib. Kitab tanınmış Qərb nəşriyyatları tərəfindən Xocalı faciəsi haqqında nəşr edilən ilk topludur.




Son xəbərlər
Son Xəbərlər