Saakaşvili Azərbaycanın inkişafından danışdı

saakasvili-azerbaycanin-inkisafindan-danisdi
Oxunma sayı: 673

Prezident İlham Əliyev Gürcüstan dövlətinin başçısını Azərbaycanda bir daha salamlayıb. "Biz tez-tez həm Azərbaycanda, həm Gürcüstanda, həm də digər ölkələrdə görüşürük və müzakirələr aparırıq", - deyən dövlət başçısı bildirib ki, həmişə ikitərəfli münasibətlərin cari məsələləri ilə bağlı fikir mübadiləsinə ehtiyac var.

Görüşdə regiondakı vəziyyət və ikitərəfli layihələrlə bağlı fikir mübadiləsinin aparıldığını, ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən İlham Əliyev bütün istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, energetika sahələrində ölkələrimiz arasında tam anlaşmanın, əlaqələndirmənin və qarşılıqlı dəstəyin mövcud olduğunu vurğulayıb. Azərbaycan dövlətinin başçısı əmin olduğunu bildirdi ki, budəfəki səfər əlaqələrimizin inkişafına, dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişaf yollarını müəyyənləşdirməyə imkan verəcək.

"Doğrudan da hər dəfə Bakıya gəldikdə nəinki tərəqqiyə, Azərbaycanın sıçrayışlı inkişafına heyran qalırsan", - deyən Prezident Mixail Saakaşvili bildirib ki, o, hələ Azərbaycana ilk səfəri zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişaf yolunda olduğunu görmüşdü.

Azərbaycanın dünyanın 155 dövlətinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçildiyini deyən Gürcüstan Prezidenti bunu mütləq rekord və dünya səviyyəli nailiyyət kimi xarakterizə edib. "Bu, iqtisadi çəkisi, siyasi mövqeyi və inkişaf nümunəsi olması baxımından Azərbaycanın böyük regional lider kimi həm ölkə daxilində, həm də beynəlxalq arenada keçdiyi yolu göstərir", - deyən Prezident Mixail Saakaşvili Bakı ilə yanaşı, Azərbaycanın regionlarının, ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafının həsəd doğurduğunu vurğulayıb. "Bu, bizi məmnun edir", - deyən Gürcüstan Prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkələrimizin əməkdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.