Saakyan seçkiyə, Bayram Səfərov maşın bölüşdürməyə

saakyan-seckiye-bayram-seferov-masin-bolusdurmeye
Oxunma sayı: 641

Amma bu qarışıqlıqda müəyyən istəklərin konturları görünür.
Baş verənlərin nəyə hesablandığını aydınlaşdırmaq üçün çox uzağa getmədən son günlərin hadisələrini diqqətdən keçirmək kifayət edər.

Atəşkəs pozuldu. Qazax istiqamətində. Qarabağda yox. Ermənistan-Azərbaycan sərhədində. Bu, o deməkdir ki, biz Dağlıq Qarabağ erməniləri ilə yox, Ermənistan Respublikası ilə müharibə vəziyyətindəyik.

Hillari Klinton gəldi. Əslində, o, Qarabağla bağlı heç nə deməyə gəlməmişdi. Heç demokratiya barədə də nəsə demək onun planlarında yox idi. Sadəcə, biz ona nəsə demək istəyirdik. Buna cəhd etdik. Amma o başa düşdümü? Bunu zaman göstərər.
Bu yerdə soruşa bilərsiz ki, xanım Klinton nəyə gəlmişdi?

Cavab çox sadədir. Onun görüşdüyü vətəndaş cəmiyyəti nümayəndələrinin siyahısına baxın. Neft gəlirlərinə və büdcəyə nəzarət edən, əsas sponsorları Soros Fondu olan ictimai qurumların nümayəndələri ilə görüşdü xanım Klinton. Nə isə. Pul saymaq mənlik deyil. Qayıdaq Qarabağ probleminə. Amma bir müşahidəmi də deyim ki, Hillari Klinton gedən kimi Corc Soros əleyhinə kampaniya başladı. Xanım Klinton Parisdə təqdim olunacaq yeni təkliflər üçün şəraitin yetişib-yetişmədiyini öyrənmək istəyirdi.

ATƏT sədri İrəvanda oldu. O, İrəvanda Dağlıq Qarabağ ermənilərinin lideri Bako Saakyanla görüşdü. Bu görüş əməllicə reklam olundu. Saakyan ona dedi ki, Dağlıq Qarabağ ermənilərinin iştirakı olmadan problemin həlli mümkün deyil. ATƏT sədri separatçı rejimin rəhbəri ilə niyə görüşür? Unutmayın ki, Dağlıq Qarabağ erməniləri prezident seçkilərinə hazırlaşır.

Bundan sonra ATƏT sədri Bakıya gəldi. Amma Bayram Səfərovla görüşmədi. Bayram Səfərovun da başı qarışıb Almaniyadan gələn maşınlara. Allah bazar versin. Amma Qarabağ məsələsi ilə də məşğul olmaq lazımdı axı. Qarabağ məsələsi ilə məşğul olanlar isə ATƏT sədrindən soruşmadı ki, niyə Bako Saakyanla görüşdün, Bayram Səfərovla yox? Və yəqin ki, soruşmayacaqlar. Çünki bu oyunun arxasında nəyin dayandığını bilirlər.

Və nəhayət, xarici işlər nazirlərinin Paris görüşü. Təfərrüatları sona qədər bəlli olmayan bu görüşdə ABŞ yeni təkliflər ortaya qoyub. Əslində bu təkliflər yeni deyil. Bu təkliflər ötən ildən var. Bu təkliflərin kökündə Dağlıq Qarabağ erməniləri dayanır. Rəsmi Bakı bu barədə ötən ildən bilirdi. Rusiyanın Kazanda ortaya qoduğu təkliflər İlham Əliyev tərəfindən rədd edildikdən sonra ABŞ təkliflər vermək qərarına gəldi. Və müxtəlif yollarla bu təkliflərin konturlarını Azərbaycana ötürdü. Məhz buna görə idi ki, ötən ilin payızında parlamentin vitse-spikeri Dağlıq Qarabağ erməniləri ilə dialoqdan danışdı. Çox keçmədi ki, Ramiz Mehdiyev Dağlıq Qarabağ erməniləri ilə dil tapmağın mümkünlüyünü bildirdi. Xarici işlər naziri Elmar Məmmədyarov da humanitar əlaqələrin müsbət effektini söylədi. Bütün bunlardan sonra isə Rusiya təşəbbüsü əldən verməmək üçün bir daha təşəbbüsdə bulundu. Və beləliklə, Soçidə Əliyev, Sarkisyan, Medvedyev bəyanatı ortaya çıxdı. Bəyanatın ən yadda qalan hissəsi isə “humanitar əlaqələrin yaradılması” ilə bağlı oldu.

Bütün bu baş verənləri və müxtəlif informasiyaları saf-çürük etdikdən sonra demək olar ki, oyun Dağlıq Qarabağ ermənilərinin müəyyən statusla beynəlxalq miqyasda tanınmasına hesablanıb. Bu oyunu isə ancaq Dağlıq Qarabağın azərbaycanlı icması vasitəsi ilə pozmaq olar. Və yaxud da bu oyundan istifadə edib Dağlıq Qarabağın azərbaycanlı icmasını dünya miqyasına çıxarmaq olar. Amma...

Dağlıq Qarabağın azərbaycanlı icması rəhbərinin başı Almaniyadan gələn maşınlara qarışıb...

Təəssüf...