“Şahbaz Xuduoğlu kitabımı oğurlayıb” - Müsahibə

sahbaz-xuduoglu-kitabimi-ogurlayib-musahibe
Oxunma sayı: 2082






Azərbaycanın istedadlı yazıçısı Əli Əkbərin “Qafqazinfo”ya müsahibəsi

- Sizin təkrar nəşr etdirdiyiniz “93 - Tanrıların qürubu” əsəri nədən bəhs edir?
- Bu kitab altı il əvvəl, 2005-ci ilin repressiyasından sonra yazmağa qərar verdiyim və qələmə aldığım bir kitabdır. Əsər Azərbaycanın 1988-1993-cü illər müasir tarixini özündə əks etdirir. Siyasi politeizmdən (çoxallahlılıq) siyasi monoteizmə (təkallahlılıq) keçidi, yəni Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrü ehtiva edir. Meydanlarda çoxlu tanrılar var idi. Heydər Əliyev hakimiyyətə gəldikdə “La İlahə İlləlah” dedi və bəyan etdi ki, allah mənəm. Əsərdə tanrılar allegorik təsvir edilib. Tanrılar dedikdə məhz bunu nəzərdə tutmuşam. “Tanrıların qürubu” adı isə dahi alman bəstəkarı Rixard Vaqnerin eyniadlı operasının adından götürülüb. Bu kitabı yazarkən mənə Zərdüşt Əlizadənin hələ o zamanlar Rusiyada işıq üzü görmüş “İkinci respublikanın süqutu” kitabı çox kömək oldu. Demək olar ki, bu kitabı Zərdüşt Əlizadənin yazdığı kitabın dekonstruksiyasıdır. O dövrün hadisələri, liderləri ilə bolluca məzələnmişəm. Əsərdə mənim çox hörmət etdiyim, 20 ildir üslubuna bələd olduğumuz Zərdüşt Əlizadənin obrazı da verilib. Burada onu Əhriman kimi qələmə vermişəm. Bu insanı tanıyan hər kəs bilir ki, bu insan istənilən bir mövzu ətrafında yalnız 5 dəqiqə danışır, 6-cı dəqiqdə isə başlayır “Cəbhə”ni sökməyə.

- İkinci nəşri birdən-birə indi niyə reallaşdırdınız?
- Kitab 4-5 il əvvəl 500 tirajla nəşr olunmuşdu. Kitaba maraq olduğu üçün hazırda 1000 tirajla yenidən çapa verilib. Etiraf edim ki, bu kitabı yenidən nəşr etməyimə əsas səbəb “Artuş və Zaur”un daha sonra isə “Amneziya”nın mənə gətirdiyi məşhurluqdur. Burada sadəcə maddi məqsədlər güdülməyib. Təbii ki, pul qazanmaq da mənim üçün vacibdir, amma oxucular mənə deyəndə ki, sizin “Götenin röyası”, “Tanrıların qürubu” kimi kitablarınız var, onları necə əldə edə bilərik? Çoxsaylı müraciətləri nəzərə alaraq mən 4-5 il əvvəl çıxan kitablarımı yenidən nəşr etməyi qərara aldım, çünki həmin kitablar artıq satışda yoxdur və insanlar da onları əldə etmək istəyirlər.

- “Amneziya” kitabınızla bağlı söz-söhbətlər yaranmışdı. Bu nə ilə bağlı idi?
- “Amneziya”nın hüququ məndədir. Əlbəttə ki, bu hüquqları “Qanun” nəşriyyatına - Şahbaz bəyə verməmişəm və heç bir sənəd də imzalamamışam. Məsələ ondadır ki, Şahbaz Xuduoğlu “Ən yeni ədəbiyyat” seriyasından 1000 ədəd “Amneziya” nəşr etdi. Kitab çap olunandan iki gün sonra bizim Milli Kitab Mükafatında iştirak etməməyimizlə bağlı o bizə savaş elan etdi. Bizi sosial şəbəkələrdə təhqir etdi, bununla bağlı qəzetlərə müsahibələr verdi və münasibətlərimiz pozuldu. O, birinci il Nigar Köçərlinin ünvanına təhqirlər deyirdi. Bildirirdi ki, onun dərdi ədəbiyyat deyil, başqa şeydir... İkinci il isə bilmirəm nə dəyişdi, təhqir etdiyi qadın birdən-birə bunun üçün dönüb oldu kraliça. Artıq ortaq biznes qurublar, kef edirlər və yaxşı da edirlər. Amma bizim mövqeyimiz dəyişmir. Birinci il də getmədik, ikinci il də. Dolayısı ilə “Amneziya”nın taleyi belə oldu. Çox qısa bir müddətdə iki ay ərzində 1000 tiraj satıldı və satışdan mənə bir qəpik də xeyir gəlmədi.

- Bəs niyə məhkəməyə müraciət etmədiniz?
- Bilmirəm heç necə edim, necə məhkəməyə verim. Dükanlardan yığışdırılmasını istədiyimi dedim. Müsahibələrimdə də bunu dəfələrə qeyd etmişəm, amma yenə də satır.

- Kitabın dəyəri nə qədərdir?
- Beş manatdır. Kitab 1000 ədəd satıldıqda müəlliflərə səhv etmirəmsə 6 % verilməlidir. Lakin heç bir müəlliflərə bu verilmədi. Müəlliflərin hamısını aldadıb ki, heç birinizin o qədər kitabı satılmayıb. Ancaq Seymur Baycanın “Quqark” əsərindən də göründü ki, iki-üç ay ərzində tiraj qurtarıb, təkrar nəşr olub. Məhz “Amneziya”dan sonra Şahbaz aylıq reytinqləri açıqlayanda artıq rəqəmləri göstərməməyə başladı.

- Niyə görə sizin kimi istedadlı qələm sahibləri bir nəşriyyatın qarşısında belə aciz qalıb?
- Siz saytsınız, qəzet deyilsiniz, ona görə də belə rahat danışırıq. Yoxsa necə danışardıq, bütün qəzetlər ondan qorxduğu halda.

- Niyə? Şahbaz Xuduoğludan qəzetlər niyə qorxmalıdır ki?
- Bəli qorxurlar. Heç bir qəzet onun haqqında informasiya vermir. Qəzetlərin çap edildiyi mətbəədir. Çoxunun yolu ora düşür, gec ya tez.

- Pərvizlə Seymurla yığışıb onunla bu haqda ciddi söhbət etmisiniz?
- Bu format Pərvizi qane edir. Pərviz üçün böyük bir hadisədir ki, Şahbaz Xuduoğlu onun kitabını pulsuz çap edir, satır və ondan gəlir əldə edir. O heç bir şey istəmir. İstismar olunmağa razıdır təki kim isə onun kitabını pulsuz çap etsin. Amma mənim kitab etmək kimi bir dərdim yoxdur.

- Müəllif hüquqları var. Mətbəə ilə hər hansı bir müqavilə də bağlamayıbsınız?
- Xeyr. Heç bir hüquqi sənəd yoxdur.

- Deməli kitabın üzünü görməmisiniz?
- Xeyr. Özüm ancaq 10 manat verib dükandan iki kitabımı almışdım.

- Yəni öz kitabınızı sizə satır?
- Bəli müəlliflərə kitab vermir. Eynulla Fətullayev həbsdən çıxanda evdə cəmi bir kitab var idi, o kitabı da imzalayıb ona verdim. İndi gərək yenə gedib dükandan kitab alım. Mən istəyirəm “Amneziya”nı öz pulumla çap edim. Əvvəlki nəşrlər dükanlardan yığışdırılmadığı üçün, həm də gəlir əldə edə bilməyəcəyəm. O artıq min tirajı satıb, minlərlə manat pul yeyib. Aqşinlə mən etirazımızı bildirdik. Pərviz də Milli Kitab Mükafatında iştirak edib onluğa düşüb. Təki qazansın. Mükafat bir şey deyil. O təşkilatçıların dərdi də ədəbiyyat dərdi deyil.

- Yazıçılar Birliyi ilə mübarizəni başa vurub indi də Milli Kitab Mükafatı ilə mübarizəyə başlayıbsınız...
- Milli Kitab Mükafatı ilə heç bir problemimiz yoxdur. Sadəcə bu mükafatı bəhanə edib, bizimlə düşmən olan Şahbaz bəyi başa düşə bilmirəm. Saytların birinə müsahibəsində bildirib ki, nazirlə münasibəti yazıçı korlaya bilər, amma naşirlə daima dost olmaq lazımdır. Buyurun, “Qanun” nəşriyyatı kitabın tirajına 1200 manat, başqa nəşriyyat isə 650 manat pul xərcləyir. Baxmayaraq ki, keyfiyyət eynidir. Yazarlar arasında belə bir mif var ki, Şahbaz bəyin nəşriyyatı daha ucuzdur. Ancaq Şahbaz bəy bizi aldadır, yazıçılara atır. Mənim kitabımı isə faktiki olaraq, mənim kitabımı oğurlayıb...