Şahin Diniyev açılmayan kartlardan danışdı

sahin-diniyev-acilmayan-kartlardan-danisdi-
Oxunma sayı: 648

Komandaların ilk oyunu ilə bağlı Şahin Diniyevin fikrini öyrəndik. “Qafqazinfo”ya açıqlama verən təcrübəli mütəxəssis iştirakçıların çıxışını dəyərləndirib: “Artıq bütün komandalar bir oyun keçirib. Ancaq, fikrimcə, bir oyuna görə komandaları dəyərləndirmək düzgün deyil. Ola bilər ki, hansısa komanda ilk oyuna yaxşı köklənə bilməyib. Yaxud hər hansı komanda gücünü daha vacib oyunlara saxlayır. İlk turda Rusiya, Portuqaliya və Hollandiya yığmalarının oyununu daha çox bəyəndim. Baxmayaraq ki, sonuncu iki komanda məğlub oldu. Bu 3 yığma daha baxımlı, sürətli oynadı və xətlərarası əlaqə daha yaxşı idi”.

Diniyev komandaların sönük oyun göstərməsinə də toxunub: “Fikir verirsinizsə, komandaların ifasında rəngarənglik, taktiki gedişlər, ev tapşırıqları görmürük. Bunun səbəbi var. Avropa çempionatı 3 həftəlik yarışdı. Təcrübəli və güclü komandalar ilk oyunlarda “kartları açmırlar”. Onlar az güc sərf edərək qrup mərhələsini adlayacaqlar. Əsas qüvvələrini isə pley-off mərhələsində ortaya qoyacaqlar. Almaniya, İspaniya, İtaliya kimi yığmaları misal gətirə bilərəm”.

Azərbaycan yığmasının sabiq baş məşqçisi 3 yığmanın daha şanslı olduğunu düşünür: “Hansı komandaların heyətində eyni klubun futbolçusu çoxdursa, onlar titul uğrunda daha inamla irəliləyəcək. Bu yığmalar isə Almaniya, İspaniya və Rusiyadır. Almaniyada “Bavariya”nın, İspaniyada “Barselona”nın, Rusiyada isə “Zenit”in futbolçuları üstünlük təşkil edir. Klubda birgə oynayan futbolçular, sözsüz ki, yığmada yüksək səviyyədə anlaşacaqlar. Lakin gözlənilməz hadisələr futbolda hər zaman olur. Son zamanlar “Barselona” dünya futboluna mənfi tendensiya gətirib. Rəqiblər yalnız ultramüdafiə futbolu oynamaqla onlara qalib gələ bilirlər. Bu isə futbolda baxımlılığı azaldır. Bu mövsüm “Çelsi”nin “Barselona”nı məğlub etməsini xatırlada bilərəm. Avropa çempionatında da bu hal mümkündür. Artıq Danimarkanın belə komandalardan biri olacağını proqnozlaşdırmaq olar”.

Ceyhun Əhmədov