Salyanın icra başçısından “möhtəşəm” yerdəyişmə siyasəti

salyanin-icra-bascisindan-mohtesem-yerdeyisme-siyaseti-
Oxunma sayı: 672

Məlum olduğu kimi, bir neçə ay öncə Salyan rayonuna yeni icra başçısı təyin olundu. Prezidentin qərarı ilə Tahir Kərimov bu rayona başçı gəldi. Gəlməyi ilə rayonda qızğın quruculuq işlərinə də başladı. Salyan sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə,
quruculuq işlərinin mühümü, təxminən 6-7 milyon manata başa gələcək İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi olacaq.

Qeyd edək ki, şəhərin hazırkı İcra hakimiyyətinin binası mərkəzi Heydər Əliyev prospektində yerləşir. Binasının qarşısındakı meydanda isə 1993-cü ildə Salyanın fəxri sayılan Əli bəy Hüseynzadənin heykəli qoyulub. Mərhum prezident Heydər Əliyevin vəfatından sonra rayona başçılıq edən icra başçıları səlahiyyətləri müddətində həmin heykəlin başqa yerə köçürülərək, yerində H. Əliyevin heykəlinin qoyulmasını arzu ediblər. Lakin şəhər sakinlərinin etirazından ehtiyat edərək buna cürət etməyiblər. Lakin sonuncu icra başçısı ən əlverişli üsula əl atıb. Belə ki, o, ona verilən etimadı doğrultmaq üçün Heydər Əliyevin adını daşıyan və eyni zamanda heykəli ucalan parkın arxa hissəsində yerləşən Əlövsət Quliyev adına Mədəniyyət Evinin binasını sökdürərək yerində İcra Hakimiyyətinin yeni inzibati binasının tikilməsinə qərar verib. Bununla da problemi həll etmiş olub. Həm başçı deyən olub, həm də sakinlər deyən. Bundan sonra Salyanın İcra Hakimiyyətinin binası qarşısında da digər rayonlarda olduğu kimi H. Əliyevin heykəli dayanacaq.

Nigar Məmmədli