“Sarı gəlin” haqqında düşüncələr - Çingiz Hüseynov

sari-gelin-haqqinda-dusunceler-cingiz-huseynov
Oxunma sayı: 1237

Əli Əkbərin hər yeni çapdan çıxan əsərini şəxsən mən, onun daha əvvəlki romanları ilə tanış olan biri kimi, qəribə və qarışıq əhval-ruhiyyə ilə gözləyirəm, lakin bir ümid də var ki, müasir Azərbaycan nəsrinin potensialı hər nə olursa-olsun getdikcə artmaqdadır- kaş ki, bu ümid puç çıxmaya!.. Müəllifə görə keçirdiyim həyəcan və narahatlıq da məndən əl çəkmir, bu, yazıçının daha əvvəlki “Artuş və Zaur” və “Amneziya” romanları nəşr edildiyi zaman həmin əsərlərin dərhal böyük oxucu kütləsi ilə qarşılaşacağı həyəcanı və təşvişi ilə əlaqədardır. Lakin nə etmək olar – bu həyəcan, hər şeydən əvvəl Əli Əkbərin qeyri-adilikdən, məzmunu təşkil edən mövzuların bağlı olduğu, cəmiyyətdə çox geniş şəkildə yayılmış, lakin ciddi şəkildə qadağan edilən, bir çox səbəblərdən çox vaxt aşkara çıxarılmayan, hər şeydən əvvəl, sosial-siyasi, eləcə də mənəvi hadisələri, problemləri, kolliziyaları, münaqişələri bədii qurğu şəklində təsvir etmək bənzərsizliyindən irəli gəlir.

Əsər məlum qadağalara müvafiq olaraq dil baxımından da abssent leksika ilə seçilir - bu beynəlmiləl vasitədir - daha doğrusu, kütlələrin, eləcə də elitanın gündəlik həyatda bütünlüklə istifadə etdiyi dil üslubu ilə də zəngindir.

Mən bu baxımdan, təkcə bizə xas olan əlamətləri deyil, müasir ədəbiyyat üçün xarakterik olan xüsusiyyətləri qeyd etmək istəyirəm - təkrar edirəm, bunu nə ittiham etmək, nə də dəstəkləmək niyyətim yoxdur, həm də ki, mən özüm demək olar ki, kəskin ifadələrlə məişətdə tez-tez qarşılaşıram, özümün yazdığım bədii mətnlərdə isə kəskin ifadələrdən ancaq zərurət yarandığı halda, çox cüzi dozada və deyərdim ki, bir az utancaqlıqla istifadə edirəm.

Ələkbərin romanı haqqındakı düşüncələrimi ifadə etməklə, hər şeydən əvvəl Azərbaycanın əldə etdiyi müstəqillik şərtləri çərçivəsində Azərbaycan nəsrinin (bəlkə bütün tarixi dövr ərzində olduğu kimi ilk növbədə Azərbaycan poeziyasının), daha doğrusu, ədəbiyyatın dilinin heç nəyə baxmayaraq, uğurla inkişaf etməsi ilə bağlı ümidlərimə bir daha qəti şəkildə inanmaq istəyirəm, bununla bağlı həyəcan və təşvişlərə gəldikdə isə, bəlkə də onlar uydurmadırlar, yaxud bir o qədər də əhəmiyyət kəsb etmirlər?

Yazıçının haqqını yeməyək: o, “Sarı gəlin” romanının elə ilk misralarındaca xəbərdarlıq edir- bəlkə özünütənqid, bəlkə də epataj məqsədilə bildirir ki, oxuculara təqdim edilən mətn müəllifin “iltihablanmış” (orijinalda xəstə) təfəkkürünün məhsuludur və buna görə də necə deyərlər, mətnin on altı yaşına çatmamış yeniyetmələr, ürəyi zəif adamlar, hamilə qadınlar, eləcə də “milli-mənəvi dəyərlər”ə aludə olanlar tərəfindən oxunması tövsiyə olunmur.

Belə bir xəbərdarlığın qəsdən edildiyi güman oluna bilər, yəni oxucuların cəlb olunması ilə bağlı ajiotaj məqsədi güdmək xatirinə yazıldığı zənn edilə bilər, lakin bu dəfə mətni oxuyub-bitirdikdən sonra müəllifin xəbərdarlığının nə qədər ciddi və anlaqlı şəkildə edildiyini dərk edirsən.
Müəllif adların, soyadların, vəzifələrin, statusların, rütbələrin oxşarlığının tamamilə təsadüf olması barədə də əvvəlcədən xəbərdarlıq edir, prototip axtarmamağı məsləhət görür, çünki elə hadisələr də - burada müdafiə xarakterli fənd işlədilib - Azərbaycanda yox, Atropatenada baş verir, bu ölkə də işğalçı qonşu dövlətin Qarabağı yox, Qarabulağı işğaldan azad etməməsindən əziyyət çəkir - yalnız bu, fakt kimi təsdiq olunur - şəhər də xalq dilində tələffüz olunduğu kimi Bakı yox, başqalarının da dediyi kimi - Baku adlanır, ona görə də irad tutmaq mümkün deyil (lakin bununla belə, Ermənistan və ermənilər elə olduğu kimi adlandırılıb, halbuki burda da söz oyunundan istifadə etmək və onları özlərinin özlərini adlandırdıqları kimi - Hayastan və hayklar kimi təsvir etmək olardı).
Bununla belə, romanda öz adları ilə təsvir edilən obrazlar da var, və... müəllif Əli Əkbər də, həqiqi xadimlər də, məsələn, olduqca möhtəşəm publisist-alimlər, yazıçılar - Rəhman Bədəlov və ya Seymur Baycan da əsərdə hakimiyyət başında duranların və onların əlaltılarının necə deyərlər, rişxənd və təhqir obyektləri kimi təqdim edilirlər; həm də ki, yuxarı eşelonun nümayəndələrindən biri özünü bir az allah, bir az da şeytan hiss etdiyini etiraf edir - insan talelərinə hökm etmək onun əlindədir və hər şeyin ondan asılı olduğunu düşünür - o insanlarla istədiyi kimi rəftar edə biləcəyinə inanır.

Romanda süjet baxımından bir-birindən ayrılan yeddi hissə-tarixçə var, bunlardan hər biri digəri ilə əlaqədardır və hissələrdən biri də Sarı gəlin adlanır, bu hissənin adı əsərə təsadüf nəticəsində yox, əksinə şüurlu şəkildə və müəllifin əsər üçün nəzərdə tutduğu ideyaya müvafiq, konseptual olaraq verilib:
Birincisi, cansıxıcı kədərlə müşayiət olunan və pak, nakam sevgidən bəhs edən Sarı gəlin adlı lirik mahnı kitabda da göstərildiyi kimi amansız, öldürücü reallığın sona qədər məhv edə bilmədiyi və mətndən daha çox mətnin gizli mənasında mövcud olan insanlıq ruhu ilə zənginləşir və bu amansızlıqla ziddiyyət təşkil edən etnik təmizliyin təməli qismində çıxış edir;
İkincisi, bu mahnı vaxtın göstəricisidir, azərbaycanlılarla ermənilər arasında bitib-tükənmək bilməyən dava-dalaş obyektidir: birincilər ikinciləri torpaqlarının işğal edilməsi ilə yanaşı, yeməklərini (hətta dolma müharibəsi adlı bir anlayış da var, Rusiyada isə lavaş piarsız-filansız ermənilərinki hesab edilir!), musiqilərini, mahnılarını, həmçinin “Arşın mal alan” da daxil olmaqla, Sarı gəlin xalq mahnısını da mənimsəməkdə ittiham edirlər; Sarı gəlin adı müxtəlif şəkildə tərcümə edilir: azərbaycanlılarda - Məsum və zərif, sarısaçlı gəlin, ermənilərdə isə Ürəyi dağlı qadın kimi ifadə olunur;
Romanın başlanğıcı (birinci hissə: Zərif və Məsum) xoş və aydın çalarlardan ibarətdir, əvvəla Səidənin timsalında tərbiyəli, ədəb-ərkanlı ailədən olan qız uşağının necə gənc qıza çevrilməsi, onun təmiz ürəkli və mehriban (bütün müsbət keyfiyyətlərə malik) Riyad adlı gəncə olan sevgisi ətraflı şəkildə - fizioloji-məişət təfərrüatları ilə təsvir olunur, onlar demək olar ki, adaxlıdırlar, tezliklə ailə həyatı quracaqlar, lakin... tamamilə reallıqdan (romanda təsvir edilən həyat şərtlərinin publisistikada gəlinən qənaətlərdən qaynaqlandığını hesab edirəm) asılı olan insanı hakimiyyət statusu və saysız-hesabsız sərvətləri qorumursa, o tez ya gec korrupsiya və qanunsuzluqdan bəhrələnən cəmiyyətdə hökm sürən oliqarx sisteminin qurbanına çevrilməli olur.

Romanda zərbə gözlənilmədən endirilir: Səidə günün günorta çağı qaçırılır, oğurlanır və zorlanır... Müəllif bunu səthi və ötəri təsvir etməklə kifayətlənmir. O, ehtiyatında olan bütün bədii vasitələrdən istifadə edərək, təfərrüatlarda heç bir xəsisliyə yol vermədən bütün zorlama prosesini - üç nəfər maskalının ələ keçirdikləri qurbana vəhşi amansızlıqla və mənfur əxlaqsızlığa qapılaraq bir neçə saat dalbadal necə təcavüz etdiyini və həmin vaxtda onların necə ali və yüksək mövzulara dair müzakirə apardığını ətraflı şəkildə təsvir edir - görünür, yalnız bu cür açıq-saçıqlıqdan belə təsvir vasitələrində istifadə etməklə normal insanların yox, yalnız şəhvani ehtirasların hökm sürdüyü cəmiyyətin bütün təbəqələrinə yayılan və sistemi başdan-ayağa qədər bürüyən iyrənc həyat tərzinə qarşı emosional nifrət və hiddət oyatmaq mümkündür.
Təsvir edilən mühit saf və təmiz olan heç nəyi qəbul etmir, bir fəsildən digərinə adladıqca bu, özünü əsərdə daha tam və aydın şəkildə büruzə verir.
Biri digərindən daha sərt məzmuna malik olan epizodlar toplusu həqiqətən apokaliptik səciyyəlidir.
İnsanlar arasındakı münasibətlər isə doğrudan da İncildəki Sodom və Qomorranın təsvirindəki kimidir (əsərin fəsillərindən biri də məhz Sodom və super klitor adlanır).

Bu, əksər hissəsi görünən, eyni zamanda da gizli qalan, hər şeyin artan sürətlə dövr etdiyi, öz-özünə başa düşülən və mahiyyət etibarilə özünün həqiqətə uyğunsuzluğu, təzadlı ikiüzlülüyü, riyakarlığı, yalan və hərdəmxəyallıq, fahişəliyin bütün mümkün növləri ilə heç kimi artıq təəccübləndirməyən, eyni zamanda cinsi pozğunluğun, şəhvət və ehtirasın, homoseksuallığın tüğyan etdiyi dünyadır; vətənpərvər ideyalarla irəliləyən və verdikləri işgəncələr heç də KQB və gestapo əzablarından geri qalmayan mənfur adamların əməlləri gündən-günə çiçəklənməkdədir və s; və bütün bu qeyri-təbii təbiiliklər rəsmi çıxışların, intim davranışların, işgüzar və həyat şərtlərinin normal, adət olunmuş və kifayət qədər ədəbli sayıldığı və sistemin bütün təbəqələrində və sahələrində ağıllı söhbətlərin, müzakirələrin (kitabdakı Şən maarifçilər fəsli), bütün sistemin sözün əsl mənasında demokratik və humanist ideyalarla və dəyərlərlə əhatə olunduğu şəraitdə baş verir, daha doğrusu təsvir edilən dünya təkcə hər kəsi və hər şeyi satın almağa imkan verən maliyyə gücü və qüdrəti ilə əhatə olunmur, həm də mövcud qanun-qaydaları, eləcə də sözün əsl mənasında qətiyyətlə rəsmiləşdirilən və konstitusiya ilə möhkəmləndirilmiş ideyaları, anlayışları və idealları qoruyub saxlamaq naminə hər şeyi əzməyə hazır olan mühafizə qüvvələri tərəfindən müdafiə olunur.
Oxucuya elə gəlir ki, insan xislətindəki bu vəhşiliyin təntənəsi heç vaxt başa çatmayacaq, lakin bu dəhşətlərlə və işgəncələrlə dolu olan bu ensiklopediya nə cürsə başa çatmalıdır...- müəllif bizim üçün dolğun və maraqlı final hazırlayıb (Toy fəslində), romanın qəhrəmanları, biznes “qəhrəmanları” və hakimiyyət rəhbərləri deputatlar və jurnalistlər, müxtəlif partiyaların nümayəndələri, xarici qonaqlar, müxalifətçilər və alimlər əsərin bu hissəsində cah-calalla qurulmuş tədbirə - saxta nikah mərasiminə toplaşırlar. Bu “bayramın” ağır-ağır və ətraflı təsviri tədricən tezləşərək lazımi sürəti yığır, mərasim eyş-işrət və şəhvət məclisinə çevrilir, həqiqətlərlə möcüzələr bir-birinə qarışır, fantasmaqoriya və qarabasmalar həqiqətləri sıxışdırıb aradan çıxarır, əsərin qəhrəmanlarının hər birinə əxlaq pozğunluğu etmək, heyvərəyə çevrilmək, ədəbsizlik və nadanlıq etmək sərbəstliyi verilir, məclisə toplaşanlar qərəzli mövqe tutan və hamının canını boğazına yığan Əli Əkbəri (o cümlədən, yazıçı Seymur Baycanı) təhqir edirlər, onları ayaqlayıb keçirlər, döyüb əzişdirirlər, ifrazatlarını onların üzərilərinə tökürlər, bıçaqlayıb qanlarını axıdırlar, güllələr havada uçuşur, şampan şərabı qanla qarışır, sözün qısası nəcis və ifrazat eksperimentləri icra edilir, kimsə onların yırtılmış qarınlarından bayıra çıxan içalatlarını ovuclayıb ağzına dürtür...- artıq insan yoxdur, “Dionis” restoranının hündür şadlıq məkanında naməlum və qəribə varlıqlar uçuşur, bəylə gəlin isə günbəzin yarığından uçaraq gecənin qaranlığında yox olurlar.

“Yarım saatdan sonra, - finalda oxuyuruq, - Seymur Baycanla Əli Əkbərin izi-tozu da qalmamışdı... Birdən şəhərin səmasını bürüyən bulud çəkildi və sanki ay öz hərəkətini dayandırıb qorxunc görkəm aldı.

Ruscadan tərcümə edən: Fərican Yaren