Sarkozi xalqın qarşısına çıxdı

sarkozi-xalqin-qarsisina-cixdi
Oxunma sayı: 685

Fransa prezidenti Nikola Sarkozi dünən keçirilmiş prezident seçkisində məğlub olduğunu etiraf edib. Fransanın yeni rəhbəri seçilmiş Fransua Ollanda zəng edən Sarkozi rəqibini təbrik edib və ona uğurlar arzulayıb.

Daha sonra Parisdə tərəfdarları qarşısında çıxış edən Sarkozi deyib: «Təəssüf... Biz uduzduq. Fransızlar yeni prezident seçdilər. Fransua Olland Fransa prezidentidir və ona hörmət etmək lazımdır. Çətin olacaq. Amma bütün ürəyimlə Fransanın bu sınaqları aşmasını arzulayıram».

Qeyd edək ki, seçkinin ikinci turunda Olland 51,67% səs yığıb. Sarkoziyə seçicilərin 48,33%-i səs verib.

Seçkidə seçici fəallığı 81,03% təşkil edib. Bu, seçki məntəqələrinə 36,6 milyondan artıq seçicinin gəlməsi deməkdir.

«Fransada dəyişikliklər artıq indidən başlayır», - deyə Olland seçkidə qalib gəldikdən sonrakı ilk açıqlamasında bildirib.