Sarkozinin Bakıya səfəri başlayır

sarkozinin-bakiya-seferi-baslayir
Oxunma sayı: 673

Səfər zamanı Cənubi Qafqaz ölkələrinin dövlət başçıları ilə ikitərəfli əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Cənubi Qafqazdakı münaqişələrin nizamlanması da Fransa liderinin səfəri zamanı diqqət mərkəzində olacaq.

Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində Azərbaycanda fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanacağı gözlənilir. Yeni yaradılacaq təhsil müəssisəsində uşaq baxçasından başlayaraq, litseyədək tam fransız dili təhsili verilməlidir. Azərbaycan və Fransa Təhsil nazirliklərinin birgə layihəsində Azərbaycan Dövlət Neft Şirkəti də iştirak edir.

Bakıda Azərbaycan və Fransa dövlət başçılarının əvvəlcə təkbətək danışıqlar aparacağı, sonra isə geniş tərkibdə görüşün keçirilməsi gözlənilir. Görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakrə ediləcək. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidenti danışıqlar prosesinin perspektivləri ilə bağlı mövqeyini açıqlayacaq.

Fransa prezidentini səfərdə Azərbaycanda fəaliyyət göstərən bir sıra Fransa şirkətlərinin nümayəndələri və bir neçə nazir mühayiət edəcək.

Nikola Sarkozi Bakıdan Tiflisə yollanacaq və bununla da Fransa prezidentinin Cənubi Qafqaz bölgəsinə səfəri başa çatacaq.

Bu gün Fransa prezidenti Nikola Sarkozinin rəsmi səfəri ilə əlaqədar olaraq saat 11:00-dan Bakının bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Tədbir başa çatanadək Beynəlxalq Hava Limanından Aeroport şosesi, Mərdəkan, Buzovna, Zağulba, Böyük Şor şosseləri, Heydər Əliyev prospekti, 10-cu Zavod dairəsi, Yusif Səfərov küçəsi, Neftçilər və Nobel prospektləri, Afiyəddin Cəlilov küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Yol Polisi sürücülərdən göstərilən yollar üzrə avtomobillərin parklandırılmamasını, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadəni və bu istiqamətlərdə nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollarla hərəkət etməyi xahiş edir.