Şəhid anasının acı fəryadını eşidən olmadı – Video

sehid-anasinin-aci-feryadini-esiden-olmadi-video
Oxunma sayı: 656

Əslində, bu videogörüntüyə baxarkən normal insanın ürəyi parçalanar, içində sızıltı əmələ gələr. Çünki bu nə maşın, nə ev, nə də başqa bir mülkün davası üçün edilən ah-nalə deyil. Bu bir şəhid anasının övladının ölümünün düzgün araşdırılmasını tələb etmək üçün çəkdiyi dəhşətli ah-nalədir. Adam bu ananın səsini duyduqda gözləri yaşarır, kədərlənir, üzündə sevinc hissi yox olur. Bu qadına adi baxışlarla baxmaq mümkün deyil. Duyğuları ölmüş insanları bir kənara qoysaq, əlində oğlunun rəsmini tutub fəryad qoparan, o dəhşətli səsi ilə yoldan keçənləri belə ağladan ananı başa düşmək çətin deyil. Amma di gəl ki, Respublika Hərbi Prokurorluğunun qarşısında fəryad çəkən bu şəhid anasını dinləyən bir nəfər olmadı. Bu kadrlar oktyabrın 16-da Hərbi Prokurorluğun binası qarşısında çəkilib. Bu görüntüləri isə yaxınlıqda yaşayan sakinlərdən biri çəkib. Sakinlərin saytımıza verdiyi məlumata görə, bu qadın (yanındakı kişi onun həyat yoldaşıdır-E.M.) təxminən yarım saat Hərbi Prokurorluğun qarşısında bu cür yanıqlı səslə ağlayıb, fəryad qoparıb. Lakin yumşaq kreslosundan qalxmağa həvəsi olmayan Prokurorluq işçilərindən bir kimsə çıxıb onu dinləməyib. Qadın heç nə istəmir. Sadəcə deyir ki, ona oğlunun Naxçıvanda hərbi xidmətdə olarkən öldüyünü deyiblər. O da «Allahın işidir» deyib, oğul dərdinə dözməli olub. Lakin oğlunun meyitini açıb baxarkən məlum olub ki, bu gənc başından aldığı güllə yarasından ölüb. Üstəlik, əsgərin cəsədi yarılıb və bütün daxili orqanları çıxarılıb. Ananı da yandıran budur. İndi bu qadın oğlunun rəsmini əlində tutub Hərbi Prokurorluğun qarşısında ona görə fəryad edir ki, oğlunun ölümündə və orqanlarının çıxarılmasında əli olanlar cəzalandırılsın.
P.S. Əslində, məsələ ilə bağlı Hərbi Prokurorluqla əlaqə saxlayıb onların da münasibətini öyrənmək istəyirdim. Lakin sonradan düşündüm ki, şəhid anasının bu acı fəryadını eşidib ona cavab verməyə dili olmayanlar mənə nə cavab verəcək ki?!

Elmin