Səhiyyə Nazirliyi doğuş zamanı baş verən ölüm faktları barədə tədbir gördü – Eksklüziv

sehiyye-nazirliyi-dogus-zamani-bas-veren-olum-faktlari-barede-tedbir-gordu-ekskluziv
Oxunma sayı: 710

“Qafqazinfo”nun Sabirabadda son bir ay ərzində doğuş zamanı ana ölümünün artması ilə bağlı yaydığı xəbərə Səhiyyə Nazirliyi tərəfindən rəsmi açıqlama verilib. Nazirliyin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, əslində rayonda son bir ayda doğuş zamanı dörd deyil, iki ölüm hadisəsi qeydə alınıb. Ölüm hadisələrinə hər iki qadının yüksək qan təzyiqi və qanaxma ilə xəstəxanaya vaxtından gec gətirilmələri səbəb olub. Odur ki, onların həyatlarını xilas etməyin mümkün olmayıb: “Həyatlarını itirən İlhamə və Xanım adlı qadınlara dəfələrlə sahə həkimləri tərəfindən yüksək qan təzyiqlərinin olmaları barədə xəbərdarlıq olunsa da onlar buna əhəmiyyət verməyiblər. Biri 30-31 həftəlik, digəri isə 27-28 həftəlik hamilə olan bu qadınlarda erkən qanaxma baş verib və xəstəxanada keysəriyyə üsulu ilə uşaqlar onların bətnindən götürülüblər. Qadınlardan birində kəskin qan itirmə və yüksək laxtalanma, digərində yüksək qan ifrazatı olub. Qanaxmanı və laxtalanmanın qarşısını almaq mümkün olmadığından hər ikisi həyatlarını itiriblər. Xəstələrin həyatını xilas edə bilmədiklərini görən rayon həkimləri Bakıdan həkim çağırmağa məcbur olublar. Lakin xəstələrin həyatını xilas etmək mümkün olmayıb”.

Mətbuat xidmətindən onu da bildiriblər ki, məsələ Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında müzakirə olunub və rayonun bir neçə həkimi töhmət alıblar.

Qeyd edək ki, dünən “Qafqazinfo”da son bir ayda Sabirabad Rayon Doğum Evində doğuş zamanı dörd ölüm hadisəsinin qeydə alınması ilə bağlı xəbər vermişdik. Sabirabad sakinlərindən aldığımız məlumata görə, xəstəxanada övlad dünyaya gətirərkən dörd ana dünyasını dəyişib.

Nigar Məmmədli