“Sənin qoynuna səndən gizlənməyə girmişəm, qadın” – Şeirlər

senin-qoynuna-senden-gizlenmeye-girmisem-qadin-seirler
Oxunma sayı: 13631




“Qafqazinfo”nun məlumatına görə, kitabda
- Salam Sarvan haqqında ən ziddiyyətli fikirlər
– “Uşaqlığı” və “Böyüklüyü”
– Şeirlərindən nümunələr
– Salamla böyük söhbət – şairin 67 suala cavabı
– Ona ithaf olunmuş şeirlər
– Dillər əzbəri olan misraları
– “Keçəl Həsən və Həsən Keçəl” – ironik düşüncələrindən seçmələr
– Esselərindən nümunələr yer alıb.

Kitabı şəhərin kitab mağazalarından (“Əli və Nino”, “Akademiya Kitab”, “Akademkitab”, “Kitab evi” və s.) əldə etmək olar.

Salam Sarvanın yeni çapdan çıxan kitabından şeirləri təqdim edirik:

SALAM SARVANDAN MİSRALAR


***
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.

***
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…

***
Elə üşüyürəm, O da yoxdu ki,
gəlib ƏLLƏRİNİ sərə üstümə.

***
Gedən ömrə ƏL eləyir
saat öz KƏFKİRİYNƏN.

***
Allah, mən içimi yedim qutardım,
bu dəri süfrəni yığışdır indi.

***
Ya sök, ya tik, nə fərqi var,
bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim:
darıxma, düzəlməyəcək!

***
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-toküntüdü.

***
Gördüm ki tutmağa özgə yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən.

***
Bu köhnə kirayə evin yiyəsi
yenə «qulağını» burur saatın:
– Fikirdən neçədə ayılacaqsan,
ay oğul, neçəyə qurum saatı?

***
Bir ağır qəzaya düşdük
bir gündə, bir saatda:
Kimi maşın altda qaldı,
kimi allahın altda.

***
Yatırsan ayılıb xoş gün görəsən,
ayılıb görürsən yenə gün çıxıb.

***
Arzum yox, pulum yox, nəzir qutusu
mən nə niyyət tutum, nə salım sənə?...

***
Yox e, sürdüyümüz ömür-gün deyil,
baxma ki bir azca uzun çəkdi bu…
Bir qoca, kor baxtın əlindən tutub
yolun o üzünə keçirtməkdi bu.

***
Böyüyün yerişi ləng olur bir az,
sevinc gecikirsə, demək böyükdü.

***
Boğulmaq da olmur, dayazdı dünya…

***
Durub tullanasan bir çəpər üstdən,
düşəndə görəsən yer üzü yoxdu.

***
Öləsən...
Gözünü qapaya bir qız əlləri –
bu, sənin ilk qadın sığalın ola!

***
Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir,
gəl gedək oturub saata baxaq.

***
Yoxam sənin ürəyində,
Sənin evində deyiləm
Başına fırlandığımdan,
heç tərəfində deyiləm.

***
Yaman tez böyüdüm pis xəbər kimi…

***
Yaş – yorğun gözlərin axan təridi…

***
Torpaq yeyir bizi bişdik-bişmədik,
gedirik bir taxta qaşıq içində.

***
Mübarək, Tanrı bir gün verib sənə,
o da ki qaradı, rənginə düşmür.

***
Səni həmişəlik atıb gedirəm,
işdi dönər olsam, nə alım sənə?

***
Sənə deyiləsi deyil
sənə deyiləsi sözüm.

***
Ana, məni basdırarsan
boyumu soxduğun yerə .

***
Min ildi qapım döyülür,
aç gör kimdi bu GƏLMƏYƏN?

***
Dərdin doquzuncu mərtəbəsində
bizim gözümüzdə saatnandı su.

***
İki tərəfin var – gözlərin, dilin:
bu, işıq gələndi, o da it hürən…
Gələ bilməyəcəm sənnən görüşə,
bu gün vaxtım yoxdu, bu gün ölürəm.

***
Kəndiri rezinmiş dar ağacımın –
bəxtəvər başıma, hələ dartılır!..

***
İlahi, bu güllərdən çıxan candı, ətir yox…

***
Orda qapı yoxdu, niyə döyürsən
divara çəkilmiş qapı şəklini?!

***
Dünya yorğan-döşək salmır
adamı yıxdığı yerə.

***
Ölmək istəyirəm, bir azda sənə
qapanmış gözlərnən baxmağım gəlir.

***
Bizim başımızın gülləsi ilə
kimsə baş qatmağa tirə gedəcək.
***
Gör haçandı görüşmürük,
necəsiz, əziz dostlar?
İndi necə yaşayırsız,
necə ölürsüz, dostlar?

***
Atdı… atdı səni düşmənlərin də –
İlahi, belə də adam tək olar?!
Bu ki, sürünməkdi, cəhənnəmə ki,
başı dik tutub da sürünmək olar.

***
Gəl axtar bətnindən düşüb
itən balanı, ay ana.

***
Salıb itirəsən xatirələri,
ancaq etibarlı əllərə düşə.

***
Gedirəm çürüyüb sümük olmağa –
gör ha, dalımca da bir ac it düşüb.

***
Səni axtarmağa gedirəm daha –
ta mən də bu gündən yoxa çıxıram.

***
Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram

***
Ay mənsiz dözə bilməyən,
ay narahat, darıxma.
Səhər-axşam başına döy-
başını qat, darıxma.

***
Adam göz yaşı içində
gəmi oynatmaz, ay uşaq.

***
Nə qalan kimi qalıram,
nə gedirəm, gedən kimi.
Bir yekəpər Ölüm gəzir
yanımda Cangüdən kimi.

***
Kənddə eyni sürətlə gedir
inəklər, maşınlar, adamlar.

***
Sənin ad gününə gül dərmək üçün
sinəmə çəkdiyin dağa çıxıram…

***
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

***
Noolsun bu vətəndənəm,
noolsun bu kənddənəm.
Soruşurlar haralısan,
deyirəm Qürbətdənəm.

***
Üç-üçün neçə eyləyər?...
Nəsə səndə düz eləmir.
Durub deyirsən, ay Allah,
bə niyə doqquz eləmir?

***
Gözümdən oxuya bilməzsən məni –
qadın, mənim «xəttim» yaxşı xətt deyil.

***
Keçib korlamaq istəmir, qıymır ömür yoluna –
bir adam sən verən ömrü sürmür, ilahi, sürmür.

***
Aramızdan su da keçmir,
torpaq keçər aramızdan.

***
Hamı bulaşıb dərd ilən,
hamının suyu kəsilib…
Dişlər pula çıxarılır,
başlar havayı kəsilir.

***
Gündüzdü qaranlıq içindən keçir,
yalandı deyirlər ki, axşam olur.

***
O ağ gün illərin lap altındadı -
kömək et boşaldaq çölə bu ömrü.

***
Elə hey iki şey axır dünyada
elə hey qan batır, susa qayıdır.

***
Dirimə ağlayan anam
ölümə eynən ağlasın.

***
Bilirsən nə boyda təkəm?! –
gəl sən də gir dəstəmə.

***
Bağışla, başladım şer yazmağa –
bağışla ilahi, sözünü kəsdim.

***
Başımla döyürəm qapını, sevda,
nə evdən çıxırsan, nə də başımdan.

***
Qara gözlü baxtımız da,
qarşımıza kor çıxar…
Ta bizi təzədən doğmaz
ana da nankor çıxar.

***
Bir külfət yaşayır bu dar otaqda –
mənəm, Odu, bir də beş-altı dərddi.

***
Sən kimsən ay qız, belə
qarış-qarış gəlirsən?!
Bir vaxt Tanrı gələrdin,
indi Tanış gəlirsən.

***
Saymaq öyrənirsən dərd çöpləriynən –
uşaqsan, onacan saya bilirsən.
Şükür ki bilmirsən ölmüşəm, amma
elə ağlayırsan, guya bilirsən.

***
Hayıf, bu qırmızı qanım
ağ-qara ekranda axır.

***
Ömrü bir az bərk sürürdüm,
saxlaya bilmədim sənə.

***
Sən mənə dözməyi öyrətdin, sağ ol.
Elə bu… ayrı nə sözüm olacaq?..
O dözüm yolunu gözləməkçün yox,
səni unutmaqçün lazım olacaq.

***
Axtararsan, axtararsan
tapa bilməzsən sən məni.
Atanda bir baxaydın da
hayana atmısan məni.

***
Sənə bu əllərlə toxunmaq üçün
başqa yol yoxdu ta şillədən savay.

***
Səni oxşamağa açılan əlim
elə hey yumulur vurmağa məni.

***
Uşaqlar bəzən əyri doğulurlar
minilmiş beldən gəldiklərinə görə.

***
Gecə-gündüz itim hürür
qəlbimə girən bu qıza.

***
Sən məni öldürəndə
görən olub, deyirlər.

***
Mən sevgi şerlərimi
sevmədiyim qıza yazdım.

***
Baxdım, nə qapısı, nə bacası var,
baxdım çöl-bayırı görməyən evə:
Bəs axşam haradan girir qaranlıq
gündüz gün işığı girməyən evə?

***
Bu gün ad günümdə bildim
bu ömür bir oyunmuş:
həm cavanmışam, həm qoca –
yaşım yek-cahar imiş.

***
İndi günün nə vaxtıdı
gündüzdü, gecədi, zalım?
Bir kəsdiyin qoluma bax,
gör saat neçədi, zalım?

***
Yenə dilə məndən, sən dilə təkcə -
de nə qurban verim, de nədən keçim…
Candan keçmək nədi, sənin xətrinə
ölməyim – bir gözəl ölümdən keçim.

***
İşdən də xəbər alarsan,
«yerində yoxdu» deyəllər…
Özünü divardan asıb
harasa çıxdı – deyəllər.

***
Belə… nə sevinc gülməyə,
və nə dərd ağlamağadı…
Bu dünyanın çiçəkləri
süpürgə bağlamağadı.

***
İyim yanıq iyi, dadım su dadı…
Mən «adam balası» deyiləm, qadın.
Məni sevməyin də yolu başqadı,
bununçun məhəbbət-filan şərt deyil.

***
Üzdə səniynən üzürəm,
dərində qaçıram səndən…
İdman dərslərindəki tək
yerində qaçıram səndən.

***
Hər gecə ölərsən, yumar gözünü
yastığında bir əl, yuxunda bir əl.
Qərib qardaşlar tək düşüblər ayrı
ətəyində bir əl, yaxanda bir əl.

***
Mən qapımı açıq qoyub
hey səni gözləyəndə,
evdən sənin olan-qalan
havan da çıxdı, olsun!..

***
Səni vurmağa da qalxmaz əllərim –
atılsa üzünə ləçək tellərin…
Səndən vəfalıymış sənin yolların –
hələ də keçirlər baxdığım yerdən.

***
Bu boyda da ölkə olar?!-
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…

***
Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.

***
Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən.
Təkcə soyuducunun fasiləli səsidi
həyatı arabir yadına salan.

***
... Məsələn, maniken qadının
içindəki ağrıları nümayiş etdirən
yerişi kimi.

***
Mənaların hamısı uydurmadı –
isti qadın nəfəsindən son nəfəsəcən
hamısı adicə tənəffüsdü.

***
Sənin tənhalığın nədi ki, guya?!
kirayə qaldığın evdəki
özgə əşyalar əhatəsində
insan təkliyidi.

***
Yerin ortası da təklərə küncdü.

***
Təki kefin kök olsun,
mənim zalım sevdiyim…
Dünən TOYUMDA idim,
yerin məlum, sevdiyim.

***
Mən şeri sənə yazıram,
özgəyə aid alınır.

***
Özümü də sevib atdım…
Sənnən də yoruldum axır…
Mən bir hüzür çadırıyam,
sənçün də quruldum axır.

***
Lap heç ölüb sizə qonşu olmaram,
tüstülənib uzaqlara çəkilləm.