Sergey Dovlatovdan iki hekayə - Yeni təqdimatda

sergey-dovlatovdan-iki-hekaye-yeni-teqdimatda
Oxunma sayı: 875

Mənə lazım idi...

Mənə yeni açarlar lazım idi. Emalatxanaya daxil oluram. Piştaxtanın yanında – altmış yaşlı kişi.

— Mən — Kennet Bauersəm, — o, özünü təqdim etdi və dəzgahı işə saldı.

Onun başının üstündə uzunsaçlı bir qocanın portretini gördüm.

— Sən bilirsən bu kimdir? — cənab Bauers soruşdu. — Mənim babam — Albert Eynşteyn! Mən təəccübümü ifadə etdim.

— Siz — yəhudisiniz? — dedim. Nəsə demək lazım idi axı.

— Mən – amerikalıyam, — işini dayandırmadan, cavab verdi Kennet Bauers.

Sonra köhnə bir fotoya işarə etdi. Yaşa dolmuş eynəkli bir kişi kitaba sarı əymişdi başını.

— Sən bilirsən, bu kimdir? — cənab Bauers soruşdu. — Böyük İrland yazıçısı — Coys... Mənim dayım!

— Deməli, siz — irlandsınız? — dedim. Nəsə demək lazım idi axı.

— Mən — amerikalıyam, — işini dayandırmadan, cavab verdi Kennet Bauers, — indi bura bax.

O, mənə rəngli fotoşəkil göstərdi. Qaradərili boksçu rinqin kəndirlərinə söykənmişdi.

— Tanış gəlir? Bu, böyük boksçu — Məhəmməd Əlidir. Mənim bacım oğludur...

Boynuma alıram, mən bir az qorxdum. Kennet Bauers tamamilə sağlam görünürdü. Onun istehzalı və dərin baxışı var idi.

— Deməli, siz — müsəlmansınız? — dedim mən. Nəsə demək lazım idi axı.

— Mən — amerikalıyam, — işini dayandırmadan, cavab verdi Kennet Bauers.

— Bu adamlar — sizin qohumlarınızdır?

— Hə, — o, dedi.

— Bütün bu adamlar — qohumlarınızdır?

— Şübhəsiz, — o, dedi.

— Bütün dünyanın insanları? Bütün millətlərin? Bütün dövrlərin?

— Sən tamamilə haqlısan, — dedi cənab Bauers, — sən mənim düşündüyümdən də ağıllısan.

O, işini qurtardı və açarı mənə uzatdı. Təşəkkür etdim və pulumu ödədim. Cənab Bauers hörmətlə başını əydi.

Gedərkən bir daha soruşdum:

— Bütün dünyanın insanları, — qohumlarınızdır, qardaşlarınızdır?

— Heç şübhəsiz, — cavab verdi Bauers və əlavə etdi: — Bizim rayonda olanda mənə öz fotonu gətirərsən…


Mənim danışmaq istədiyim şey...


Mənim danışmaq istədiyim şey — inanılmazdır. Və bu, Los-Ancelesdəki konfransda baş verib.

Hələ təyyarədə ikən məni Kornuelladan olan məşhur alim Corc Qibiana təqdim etdilər. Biz söhbətləşdik (Corc rus dilini çox yaxşı bilir).

Amma məni başqa şey təəccübləndirdi. Onun qalstuku. Albalı rəngi fonunda, nöqsansız bağlanmış düyündən aşağıda, dəqiq monoqram parıldayırdı — «S. D.».

Bu, mənim inisiallarım idi. Vüqarımdan qızardım. Heç fikirləşməzdim ki, mənim şöhrətim bu qədər böyükdür.

Yolboyu Qibiana göz vururdum...

Konfrans başladı. Bizi konfransın təşkilatçısı ilə tanış etdilər — xanım Matiçlə. Ecazkar gülüşə malik gözəl gənc xanım idi.

Amma məni başqa şey təəccübləndirdi. Onun zərif dəri tufliləri mənim inisiallarımla bəzənmişdi — «S. D.».

Dəhşət həyəcanlı idim. Mənim şöhrətim görünməmiş dərəcəyə çatmışdı. Hətta mən bir az yerişimi də dəyişdim.

Konfransın gedişində saysız-hesabsız sürprizlər gözləyirdi məni.

Mən öz inisialımı görkəmli jurnalist Robert Kayzerin portfelində aşkar etdim. Dramaturq Edvard Olbiyə məxsus avtoqələmdə. Vera Danhemin qızıl suyuna salınmış pudra qutusunda. Ellendeya Profferin alışqanında...

Mənim ürəyim sürətlə döyündü. Gözlərim parıldadı. Yanaqlarım moruq kimi qızardı.

Öz-özümə dedim:

— Narahat olma! Hər şey normal gedir. Seminarlar, iclaslar, bədii qiraət, banketlər, kuluarlarda söhbətlər... Üçüncü dalğa ədəbiyyat özü haqqında ucadan və əminliklə bəyan etdi.

Sonuncu, həlledici seminar başa çatdı. Bizi “Beverli Hills”ə apardılar. Orda Dohini Qreystonun evində vida banketi təşkil olundu. Fleytanın sədaları altında verandlardan birində Aksenovnan söhbətləşirdik.

Mənim gənclik kumirim həmişəki kimi idi — təmkinli və mehriban. Şöhrət onu orakula və bədheybətə çevirmədi.

«Mən də belə olacam, — ürəyimdə dedim, — sadə və adamayovuşan...»

Amma məni başqa şey təəccübləndirdi. Vasiliy Aksenovun mavi corabları mənim inisiallarımla bəzənmişdi — «S. D.». Və bu zaman özümü saxlaya bilmədim.

— Vasya, — özümü bilməzliyə vuraraq soruşdum, — bu hərflər nəyi ifadə edir? «S. D.» — bu anlaşılmaz hərflərin mənası nədir?

— Kristian Dior, — dedi Vasya, — CHRISTIAN DIOR. Ən dəbdə olan paris firması. Paltar, ətirlər, bəzəklər istehsal edir...

Əzabverici sükut başladı. Fleytanın səsi həzin və etinasız səslənirdi.

Mən ah çəkdim və düşündüm:

«Zəfər təxirə salınır!..»