Seymur Baycan üçün muğamat

seymur-baycan-ucun-mugamat
Oxunma sayı: 965

Əsil musiqi heç vaxt xalqa məxsus olmayıb, kütləyə xoş gələn bir şey varsa o musiqi deyil.
Şömberq


Bu gün bizim qəbul etdiyimiz ənənəvi incəsənəti, vaxt gələcək unudulacaqdır o zamanın ilk qaranquşu musiqi olacaqdır.

Artur Hohekker


Bu gözəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy əvəzinə əsil iş, yalançı inilti-sızıltı əvəzinə əsil iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz!

Herman Hess



Seymur Baycanın muğamla bağlı fikirləri ilə əlaqədar poçtuma xeyli məktub daxil olmuşdu. Məktub sahiblərinin çoxu yazıçının fikirlərinə rəğbətlə yanaşdıqlarını bildirir, zarafatla da olsa “Oxuma, tar səni sevmir proletar” şeirini yadıma salırlar. Bir başqası xeyli irəli gedərək az qala keçmiş mədəniyyət naziri Mustafa Quliyevin nəvə-nəticəsi kimi qeyzlənir. Bir başqası Nizamini, Fizulini ,Sabiri və başqa onlarla yazıçılarımızı tanımamaqda məni günahlandırır. O dahilərin həyat və yaradıcılığı keçmişdə qaldığı üçün elə keçmişlə bağlı fikirlərimi bildirmək istəyirəm.

Keçmiş öz əsrarəngizliyi ilə məni həmişə özünə cəzb edir. O vaxtlar günəş indikindən parlaq, sular indikindən duru, göy qübbəsi indikindən mavi, insanlar indikindən mehriban, indiki kimi mısmırıqlı olmazdılar. O vaxtlar elə bil gülşəndə ötən bülbüllər də indikindən şaqraq, sürəkli cəh-cəh vururdular. O vaxtlar keçən əsrin 30-cu illərin axırları idi. Axşamlar şər qarışanda hər yeri zülmət bürüyəndə astanamızın daşı üzərinə düzülərək uzaqlardan gələn musiqiyə qulaq asardıq. O zaman mən çox gözəl bir ifada bayatı-şiraz ifasını eşitdim. Sonrakı gecələr ha qulaq assam da o səsi eşidə bilmədim və o səsin həsrətindən göz yaşı axıtdım. Mənim Azərbaycan muğamı yolunda axıtdığım ilk göz yaşları idi. Aradan uzun illər keçsə də bu həsrət hələdə ürəyimi göynədir.

II dünya müharibəsinin axır illəri Sovet qoşunlarının qələbələrini tez-tez səsləndirərdilər. Gecə saat 12-də Moskva radiosu xəbərlərin yayımına başlayardı. Top atılardı. Belə gecələrin birində hansısa qələbəni bayram edirdilər. Atəşfəşanlıqdan sonra yəqin ki, rəhbər Stalinə xoş getmək üçün “Suliko” xorunu verdilər. Xoru bariton və bas səsli kişilərdən ibarət xor ifa edirdi. O elə bil gözəl ifa idi ki, bu gözəlliyi vəsf etməyə söz tapa bilmirəm. Mənim xor sənətinə vurğunluğum “Suliko” ilə yarandı. Sonralar 40-a qədər “suliko” internetdə vərəqlədim öz “suliko”mu tapa bilmədim. Kişi xorunda bir təmtəraq, xalqın əzəməti duyulur.

Söz vaxtına çəkər. Yazın bu vədələri Fizuli rayonunda Şırşır deyilən bulağın axdığı dərəyə 20-30 metr hündürlükdən böyük bir su nəhri aşağıdakı qayalığa yarımdairə şəklində tökülərdi. Suyun toz dumanı dərənin hər iki sahilini bürüyərdi. Aşağıda yarımdairə şəklində tökülən su düşməyən qaya parcasına sığınar saatlarla orda oturar burdakı səsə qulaq asardım. Bu mənim Çahargah muğamı ilə, Üzeyir ruhu ilə, dünya simfonizmi ilə ilk tanışlığım idi. Su sütunu boyu yuxarı sürətlə qalxan balıqlara təəccüblə baxardım. Belə bir cəsarətə heyran qalardım.

Bizim şəhərdə uca qovaq ağacları, küləyin cüzi təsiri olmasa da yarpaqları min yerdən milyon yerdən adamı salamlayır. Belə qovaqlar uzun illər mənim kimi Seymur Baycanı da salamlamışlar. Mənim şəlalədə oturduğum qayanın üstündə yəqin oda oturmuşdu. Lakin məni yandırıb yaxan muğamlara onu laqeydliyi təəccüblü gəlir. Hisslərimiz arasındakı bu uçurumun səbəbini tapmağa çalışıram. Görünür mən ötən illərin Bülbülüyəm, mənim nəğmələrim çoxlarının xoşuna gəlmir. Mənim bu çoxlar ilə olan fərqimi hey düşünürəm. Mən uşaq vaxtı ana südü içmişəm. Sonralar analar öz uşaqlarına bədən formasını itirməmək üçün “Malış” yedirərdilər. Reklamında olduğu kimi insan əhval-ruhiyyəsini yüksəldən, uşaqları hər cür xəstəlikdən qoruyan həm də görünür böyüyəndə onların böyük ağıl sahibi olmalarını “Malış” düzəldənlər nəzərə almışlar.
Elə güclü dağ seli həm də elə böyük, əzəmətli şəlalələr var ki, bəşəriyyət onun gücündən istifadə edə bilmir. Azərbaycan muğamlarını gücü daxilində yaşayan nəhirlərlə müqayisə etsəm səhv etmərəm. Azərbaycan muğamları babalarımızın mənəvi dünyasından gələcəyimizə axıb gedən böyük bir çaydır. Yüz illər ərzində xalqımızın həyəcanı, fərəhi, məhəbbət iztirabları bu çaya sızıb. Gedişinə əngəl olan hər şeyi samanın sahillərinə tullayaraq, əsirlərin sınağında durulmuşdur bu çay. Yol boyu keçdiyi süxurlardan asılı olaraq, bəzən pıçıltılı, bəzən kükrəyən dağ seli olub şəlaləyə dönüb bu çay. “Nəsillər qəlblərindən axıb gedən bu çayın sərin suyunda ürək yanğılarını söndürmüşlər”. Bu çay daxilində gələcək məcrası olan nəsillərə çılğın hisslər ülvi məhəbbət xalqlara hörmət muğam ruhuna xas olan abır-həya daşıyır. Çöllərimizin genişliyi, zəmilərimizin rayihəsi, analarımızın laylası hopub muğamlarımıza. Oğullarımızın cəsarətindən, qız-gəlinlərimizin abır-həyasından, qocalarımızın təmkinindən pay alıb muğamlarımız. O, bizim gündəlik mənəvi tələbatımıza çevrilmişdir. Not yazısından xəbərsiz babalarımız bir müğənni boğazı bir mizrab üçün simfoniya yazıb. Yüz illər sonra yaranan Avropa simfonizmi öz yolunu həcmini epikliyini odunu-alovunu əldə etməkdə bəlkə də Azərbaycan muğamlarına minnətdar olmalıdır!

Başqa xalqlardan fərqli olaraq bizdə bütün xalq muğamlardan zövq aldığı halda hamı onun ifaçısına çevrilə bilmir. Çünki muğamların sərhədi, hüdudu elə sərt sıldırım qayalıqlardan, dərin dərələrdən keçir ki, burda büdrəyib zirvədə asıla qalmaq, dərin dərələrdə azıb səmti itirmək təhlükəsi mövcuddur. İfaçının nəyə qadir olduğunu muğamat çox vaxt dinləyicidən əvvəl seçib müəyyən edir ( tar çalanın qulağına pıçıldayıb səsinin imkanına görə tarı təzədən kökləndirir). Muğamat şimşəkdir, alovdur, tufandır meydanı düşünən insan qəlbidir. Orada alışıb alovlanır, orada da sönür. Odu, alovu, tüstüsü görünməyən bu atəş əqlin və təxəyyülü dərin və mükəmməl işi üçün qida verir.

Muğamat öz əzəmətli qüvvəsi ilə həyatın mənasını insanlara xatırladır, nədəsə, nə vaxtsa kamil olmadığımızı, səbəbkarı özümüz olan əldən qaçırılmış imkanlarımızın həyata keçə bilməyən arzularımızın acısı gec də olsa qəlbimizi göynədir. Gələcək günlərimizi, illərimizi işıqlı mənalı olmağa adət edilmiş yeknəsək həyat tərzini dəyişməyə səsləyir.

İndi muğamlarımız öz milli ata-baba beşiyindən qalxaraq qitələr adlayıb dünyaya qovuşur. Bu gün dünya dinləyicisi üçün haradasa anlaşılmaz bir qədər sirli, müəmmalı görünən muğamlarımız dünyaya ayaq açır. İndi böyük fəxrlə deyə bilərik ki, xalqımızın təşəkkül möcüzəsi sayılan muğamlarımız həm də bəşəriyyətə məxsusdur. Bağlı kilidli qapıları indi açılmağa başlayan bu xəzinədən Seymur Baycan və başqaları tam faydalana bilmirsə muğamın nə günahı?....

Dahi bəstəkarımız Fikrət Əmirov “Şur” və “Kürd ovşayı” simfonik muğamlarını yazandan sonra dünya musiqi aləmində muğama münasibət dəyişildi. Bu böyük bəstəkarın musiqisi də hissləri kimi coşqun, təlatümlüdür və ehtiraslıdır. Onun musiqisi “dağ seli kimi qıjovlu sahilə çırpan okean dalğalarının səsini andırır!.. Bu səsdən yer titrəyir, həssas insanların qəlbi fərəhlə döyünür”... O, əsl sənətkar idi, öz musiqisi ilə coşqun hisslərini musiqi sevərlərin “yaddaşına həkk edir”. O, öz simfonik muğamları ilə qərb simfonizminə, qərb şüuruna yeni düşüncə tərzi gətirdi. Qərb simfonizminə Azərbaycan muğamının şirin dilini gətirdi. Azərbaycan kopriççosu ilə qərb simfonizminə yer tərkindən püskürüb qalxan vulkan nəriltisini gətirdi. Başlanan kimi sanki kapriçço barıt çəlləyinə toxundu. Bu həm də böyük bəstəkarın üsyankar ruhunun səsidir. Bəzən “Gözəlim sənsən”in həzin mehi Kapriççoya toxunsa da başqa səmtə uzaqlaşır.

Amerika vətəndaşı Cefersonun bizim muğama çılğın marağının nəticəsidir ki, o muğamlarımızı tarda, kamançada sərbəst çalır. Bu yaxınlarda yapon qızının saz təhsili alması, lap bu yaxınlarda Koreyalı oğlanın əldə qaval muğam oxuması və gedib ölkəsində muğama olan marağını nəzərə alaraq muğam məktəbi açması onu göstərir ki, Amerikanın və bir çox Avropa dövlətlərinin şəhərlərində yaxın gələcəkdə muğam məktəbləri açılmasının şahidi olacağıq...

Ey muğam! Həmişə mən səni dinləmişəm indi növbə sənindir, yaşım xeyli ötsə də bu dünyadan doyub, qocala bilmədim. Talehimə əbədi gənclik yazdın. Belələri üçün ölüm dəhşətli olur, lənət yağdırılan şeytana bir almaya görə aldanıb tapdığımız muğamlı bu gözəl dünyanı belə də qoyub getməyə adamın paxıllığı tutur. Yaşayanlara, muğam dinləyənlərə eşq olsun.