Şeyxülislam abortdan danışıb

seyxulislam-abortdan-danisib
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səhiyyə Nazirliyinin “Tibb” qəzetinə verdiyi müsahibəsində bildirib. Şeyxin sözlərinə görə, islam alimləri birmənalı olaraq nütfənin ana bətnində qərarlaşmasından sonra onu məhv etməyi, ana bətnindən xaric edilməsini qadağan edirlər: “Bu mövzuda dinimizdə üzürlü səbəb yalnız ananın həyatının təhlükədə olmasıdır ki, bu xüsusda uşağın cisminə ruh daxil olmazdan qabaq onu saldırmağa icazə verilir. Əgər uşağın cisminə ruh daxil olubsa, yəni dörd aylıqdırsa, heç bir təqdirdə icazə yoxdur. Sonrakı aylarda əgər hamiləliyin davam etməsi həm ana, həm də bətndə olan körpə üçün təhlükəli olarsa və uşağın xilas olunması heç cür mümkün olmazsa, bu halda ananın xilas edilməsinə, uşağın abort olunmasına icazə verilir”.

Selektiv abortlara da münasibət bildirən QMİ sədrinin cavabı belə olub: “Buna dinimizin münasibəti birmənalıdır. Cahiliyyə, yəni İslamdan əvvəlki dövrdə qız uşaqlarının diri-diri torpağa gömülməsi kimi Allah tərəfindən bəyənilməyən bir əməlin indi selektiv abortlar şəklində həyata keçirilməsi böyük günahdır. İnsanların əksəriyyəti bu cinayətlərin fərqinə varmırlar. Bunun qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilməlidir. Qurani-Kərimdə bu barədə belə buyurulur: “Yoxsulluqdan qorxub (cahiliyyə dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən böyük günahdır!”(ən-Nisa surəsi, 31). Dinimiz ailədə qız uşağının doğulmasını böyük bir savab və ilahi mükafat kimi dəyərləndirir. Həzrət Peyğəmbərimiz (s) buyurur: “Övladlarınızın ən yaxşısı qızlarınızdır”. İmam Cəfəri-Sadiq (ə) da bu mövzuda buyurmuşdur: “Qız övladları rəhmət, oğlan övladları isə nemətdir”.

Nigar Məmmədli