BŞİH-də şəhid ailələri ilə görüş keçirildi - Video + Fotolar

BŞİH-də şəhid ailələri ilə görüş keçirildi
Oxunma sayı: 1133

Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsindəki şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən video-film nümayiş etdirilib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 2 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazandı. Azərbaycan ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq əzəli düşmən üzərində parlaq qələbə əldə edildi.

Bu il avqustun 3-də və sentyabrın 12-də sərhəd boyunca Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilən “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirildi və onların böyük sayda canlı qüvvə və hərbi texnikaları məhv edildi.

Vətən müharibəsi və sonrakı dövr ərzində ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi. Onun rəhbərliyi ilə düşmən üzərində Böyük Zəfər qazanıldı. Qazanılan bu qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu.

Bildirildi ki, qazanılan qələbədə ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhid və qazilərimizin şücaəti xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş vətən övladlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Şəhid ailələri ilə yanaşı qanlı döyüşlərdə yaralanan qazilərimiz də daima dövlət qayğısı ilə əhatə olunub. Həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman şəhid ailələri və qazilərin yanındadır və onların problemlərinin həlli istiqamətində böyük işlər görür.

Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənildi, onların sual və təklifləri, ilk növbədə şəhid adının əbədiləşdirilməsi ilə bağlı müraciətlər nəzarətə götürüldü.

Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.