Siz aşıq yox, professorsunuz...

siz-asiq-yox-professorsunuz
Oxunma sayı: 644

Ön söz çox ciddi məsələdir və ciddi mətləblərdən xəbər verir. Necə deyərlər ön söz həm qəlizdir, həm də vacibdir. Məsələn, Sabir Rüstəmxanlı Sona Vəliyeva adlı şairənin şeirlər kitabına ön söz yazıb. İlk baxışdan bu cümlə adama heç nə demir. Bir az dərinə gedək. Sona Vəliyeva Əli Həsənovun həyat yoldaşıdır. Əli Həsənov isə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiridir. İndi Sona Vəliyevanın şeirlərinə bəstəkarlar ciddi maraq göstərirlər. Bu da səbəbsiz deyil. Çünki, Sona Vəliyevanın sözlərinə yazılmış mahnılar Xəzər TV-də çox sevilir.

Nizami Cəfərov ön söz yazdığı kitablar haqqında belə bir söz demişdi: “Mənə əsər gətirib ön söz yazmağı xahiş edirlər. Mən də yazıram”.

Ön söz müxtəlif səbəblərə görə yazıla bilər. Qohumluq əlaqəsi, pul, tanışlıq, yaxud həqiqətən ürəkdən gələn sözlər... Məsələn, Bəxtiyar Vahabzadə adını çəkmək istəmədiyim bir pullu yazıçının kitabına ön söz yazmışdı. Əvvəlcə əsəri, sonra əsərə yazılmış ön sözü diqqətlə oxudum. Qəfildən gördüm ki, Bəxtiyar Vahabzadənin kitabdan gətirdiyi və ön sözdə istifadə etdiyi sitatlar, cümlələr, 33-cü səhifəyə qədərdir. Yəni, Bəxtiyar müəllim ön söz yazdığı əsəri axıra qədər oxumayıb. Bəlkə hövsələsi çatmayıb. Elə 33 səhifə oxuduqları ön söz yazmaq üçün ona bəs edib. Belə məqamlarda ön sözün nə səbəbə yazılması məlum olur.

Cəmil Həsənlinin “Yaddaş ləpirləri” kitabına ön söz yazması inanıram ki, görkəmli tarixçinin, professorun ürəyinin diktəsidir. Vahid Qazi pullu adam deyil. Üstəlik Cəmil Həsənlinin hər hansı vasitəylə hansısa kitaba ön söz yazması bir az çətin məsələdir. Yuxarıda qeyd etdiyim kimi Vahid bəyin kitabında xeyli maraqlı məlumatlar var. İndi gəlin görək Cəmil Həsənli nə yazıb: “... Müəllifin uğurlu qələm təcrübəsi kimi ruhumuzu titrədən “Ruhlar şəhəri”ndən sonra nə yazacağı, oxuculara nə təqdim edəcəyi mənim üçün maraqlı idi. Dünyanın müxtəlif ölkələrinə səfər təəssüratlarının maraqlı müşahidələri, ev içində olan söhbətlərin bayırlıq tərəfləri müəllif təhkiyəsində maraqlı görünürdü. Lakin kitab olacaq bu əlyazmada mənim üçün maraqlı süjet xətti bütün mətləblərin Qarabağ dərdi üzərində qurulması idi. Başımıza gələn müsibətlərin ən faciəlisi də budur: Qarabağ olayları nəinki ədəbiyyatımıza, bütövlükdə milli həyatımıza, yaşayışımıza, əxlaqımıza daxil ola bilməyib. Hərdən mənə elə gəlir ki, bu faciə toylarımızda, şənliklərimizdə Azərbaycan gəncinin, qızının, gəlininin və hətta ziyalısının “Yanıq Kərəm”ə qol açıb oynadığı gündən başladı. Kərəm tarixə yanmaq nümunəsi verdi, biz isə onun hələ bu gün də qövr edən dərdinin külü üstündə rəqs edirik”.

Cəmil müəllim, siz tarix elmləri doktoru, professorsunuz. Çox qiymətli araşdırmaların, qiymətli əsərlərin müəllifisiniz. Sizi bir çox ölkələrdə tarixçi kimi tanıyır və qəbul edirlər. Zəhmətkeş, işgüzar bir insansınız. Bu cür bayağı əlaqələndirmə sizə yaraşmır. Məncə professor adını daşıyan adam bir az ciddi adam olmalıdır. Yəni, siz doğurdanmı düşünürsünüz ki, o boyda rayonlar, kəndlər, qəsəbələr, xəstəxanalar, kitabxanalar toylarda “Yanıq Kərəm”ə qol qaldırıb oynadığımız üçün dağılıb, viran olub? Bu, əsla problemə professor yanaşması deyil. Deməli, ermənilərin kilsəsi, illərlə təşkilatlanmaları, sistemli fəaliyyəti göstərmələri, Zori Balayanın sərsəm fikirləri boş şey imiş. Bütün günahlar bizdədir. Əgər biz toylarda “Yanıq Kərəm”ə oynamasaydıq, başımıza bu qədər bəlalar gəlməzdi. Sizin sözünüzdən belə çıxır ki, əgər biz toylarda “Yanıq Kərəm”ə oynamasaydıq, bu qədər qan tökülməzdi. Deməli, əgər biz toylarda “Yanıq Kərəm”ə oynamasaydıq, Şuşada yiyəsiz qalmış evləri, həyətləri, yolları böyürtkən kolları basmazdı. Şuşada müharibədən sonra olan azərbaycanlılardan biri də mənəm. Həyətləri, yolları böyürtkən kollarının basmasını öz gözlərimlə görmüşəm. Deməli, bütün bu bəlaların səbəbi toyda, şənliklərdə adamların “Yanıq Kərəm” ə qol qaldırıb oynamasıdır və əgər biz “Yanıq Kərəm”ə qol qaldırıb oynamasaydıq müharibə başlamazdı, hələ də sülh şəraitində yaşayardıq. Bir professor necə belə bayağı sözlər yaza bilər? Bunu anlamaq mənim üçün çox çətindir. Bu sözləri İctimai Televiziyanın hansısa verilişində bir aşıq desə birtəhər onu başa düşmək olar. Hətta gülmək belə mümkündür. Sizə isə gülmək asan deyil. Çünki, siz aşıq yox, professorsunuz. Professor... Professor belə bayağı danışmamalıdır. Hər halda aşıqla professorun danışdığında az da olsa fərq hiss olunmalıdır. Əgər bu camaatın aşığıyla professorunun danışığında fərq yoxdursa, onda bu camaatın avtobus sürücüsündən, qatar bələdçisindən, polisindən, mollasından, televiziya aparıcısından hansı səviyyə tələb edək?