“Siz düşünürsünüz ki, Yazıçılar Birliyinin qurultayı olacaq?..” - Müsahibə

siz-dusunursunuz-ki-yazicilar-birliyinin-qurultayi-olacaq-musahibe-
Oxunma sayı: 690





“Qafqazinfo” Azərbaycanın görkəmli yazıçısı Afaq Məsudun müsahibəsini təqdim edir

- Afaq xanım, sizin “Azadlıq” romanınız nə iləsə tərcümə etdiyiniz əsəri - Qabriel Qarsiya Markesin “Patriarxın Payızı”nı xatırladır. Yəni qoyulan problemlər arasında oxşarlıqlar var, bir qədər də təhkiyəsində. Bunu tərcümənin təsiri kimi anlamaq olar, yoxsa?..
- Bilirsiniz ki, “Patriarxın Payızı” əsəri nağıl üslubunda – «deyirlər», “deyilənə görə” kimi köməkçi vasitələrlə, nəqletmə üzərində qurulub. Əslində, bu üslübu Markes kəşf etməyib. Bundan, dünyanın bir çox yazıçıları - ən yaxın keçmişdən bizə bəlli olan, XX əsrin əvvəllərində yaşamış amerikalı Tomas Vulfacan bəhrələniblər. Deməyim odu ki, əslində bu, çoxdannan təsdiq olunmuş bir ədəbi üslubdur ki, ona zaman-zaman ehtiyac gələrsə, müraciət olunur və bu, əsla o demək deyil ki, kimsə özünü kiməsə oxşatmaq istəyib. Bir də, dediyiniz həmin o oxşar nəqletmə üslubu on dörd çap vərəqi həcmli «Azadlıq» romanın yalnız birinci fəslində – əsərə giriş xarakteri daşıyan qırx beş səhifəlik hissədə yer alıb və bu, fikrimcə, bir patriarxdan-o birinə keçid rəmzi kimi anlaşılmalı idi… çox adam bunu elə belə də anladı. Axı belə baxanda, hər iki əsər həqiqətən də, patriarx haqqındadır?!.. «Azadlığ»ın məhz belə bir nəqletmə üslublu mətnlə başlaması, əsərin mahiyyətinə işləyən köməkçi bir vasitədir. Burda əhvalatlar elə cərəyan edir ki, onları yalnız o şəkildə yazmaq lazım idi… Xalq Cədhəsinin hakimiyyəti ələ keçirmiş bir qrup naşı üzvlərinin ölkədə törətdikləri ağlasığmazlıqları təsvir etməyin yolu bircə bu idi… ayrı halda, gərək mən romanı bir kənara qoyub onlardan yazaydım… bu isə mənim üçün maraqlı deyildi. Mənə, hadisələrin cərəyan etdiyi dövrün və sosial mühitin mənzərəsini bildirmək vacib idi… bunun ən qısa və optimal yolu isə, o bir ildə baş verənlərin nəqletmə üslubuna sıxışdırılması idi. «Azadlıq» romanının Markeçin «Patriarxından» tam fərqli bir əsər olduğu isə məlum bir həqiqətdir. Romanlar tam fərqlidirlər. «Azadlıq» mistik psixoloji bir əsər, Markesin «Patriarxı» isə məlum balaqan üsdubunda yazılmış müasir nağıldır. Markes öz Patriarxını və onun gülməli işləklərini seyrçi mövqeyi ilə qələmə alıb, «Azadlıq» isə baş qəhrəmanının qəlbinin ən keçilməz qatlarına enir, orda baş verənləri, aşkardan gizli saxlanılan sirləri və ağrıları translyassiya etməyə müvəffəq olur… Beləcə, mənim patriarxım - Millət Atası da Markesin Patriarxından tam fərqli bir insandır. Markesin Patriarxı qocalıqdan yaddaşını itirmiş, zaman və məkan əraziləri arasında azıb qalmış, huşsuzluqdan, ayın tarixlərini xırda kağız bükülülərinə yazıb sökük divar dəliklərində gizləyən, «qunduz iyi oxuyan», sarayı cüzamlı xəstələr və dilənçilərlə, xəlçələri isladan inək sürüləriylə dolu olan gülməli bir qocadır… Mənim qəhrəmanım - bütün həyatını xalqının rifahı uğrunda çarpışmalara sərf etsə də, ölkədən getməyi ilə xalqı tərəfindən unudulan, ömrü uzunu xəyanətlər və üzüdönüklüklərlə üz-üzə qalan və ölkəsinin ən ağır məqamında yenidən xatırlanıb geriyə - vətənə çağrılan, içi ağrılı xatirələr və yuxularla dolu, iti duyumlu dövlət başçısıdır... Romanla bağlı bütün bu incəlikləri əslində, əlbəttə ki, ədəbi tənqid araşdırmalı idi… amma bizdə nədənsə, bu barədə susdular… Elə bil söhbətin nədən və kimdən getdiyini anlayıb fikir deməyə ehtiyat elədilər... Odu ki, neçə illərdir ki, bu romanla bağlı belə suallar ortaya çıxır və mən bütün xırdalıqları özüm açıqlamalı oluram. Bilirsiz, ümumiyyətlə, bizdə, yəni Azərbaycanda bu, bir xəstəlikdir. Yada yalaq, qohuma çolaq xəstəliyi… Niyəsə, hansı səbəbdənsə, biz özümüzü həmişə hamıdan aşağı və ucuz tuturuq… öz ədəbiyyatımıza, elmimizə, sənətimizə niyəsə, qəribə bir nagümanlıqla, üstdən aşağı yanaşırıq…. Əcnəbi ədəbiyyatlara isə az qala sitayiş edirik… tez-tez də yazırıq ki, «bizim ədəbiyyatımız Biləcəridən o yana keçməz…» Amma xəbərləri yoxdur ki, keçir… və nəyinki, keçir öz bədiiliyi və yeniliyi ilə dünya xalqlarını mat qoyur. Bilirsiz ki, bizim “Xəzər” jurnalı mütəmadi olaraq, başqa ölkələrin ədəbiyyatlarını dərc edilir, yəqin ki, onları oxuyursuz... Bunun yarıdan çoxu zəif ədəbiyyatlardır… amma Nobel, Buker, Qonkur kimi dünya mükafatlarına layiq görülüblər… Çünki arxalarında böyük millətlər və qüvvətli dövlətlər dayanıb. Bizsə, özümüzü miskinləşdiririk, kiçildirik. Demək, bizdə belədir: əgər hər hansı əsər azərbaycanlı müəllif tərəfindən yazıbsa və xüsusən də, o – yəni müəllif sağdısa, burda mütləq bir nagümanlıq xofu işə düşür... Bu, qəribə şüuraltı bir prosesdir... Düşünürəm, bax, bu dərdimizin kökünü araşdırmalıyıq. Biz bir millət olaraq, öz ali «Mən»imizi hələ də yetərincə dərk edə bilməmişik, yoxsa, bu, bizlərin hədsiz «qonaqpərvərliyimizin» fəsadlarındandır?.. Axır nədirsə, bizləri bir millət olaraq mənfi iflasa və yoxluğa sürükləyən təhlükəli bir haldır. Elə belə deyilməyib: «özünə hörmət qoy ki, o birilər də sənə hörmət etsinlər». Burda da belədi: öz ədəbiyyatına qiymət ver ki, ona dünya xalqları da qiymət versinlər. Yadımdadı, bir neçə il bundan əvvəl biz Nobel mükafatı laureatı Tomas Eliotun kitabını nəşrə hazırlayırdıq… Vaqif Bayatlı tərcümə edirdi. «Şeirlər o qədər zəifdi ki, bəzən onlara nəfəs verməli oluram…» - o, deyirdi. Kiməsə bu, gülməli gələ bilər… «necə yəni, o boyda Tomas Eliota kim nəfəs verə bilər?..» Amma niyə heç vaxt demirik ki: bizim bu böyüklükdə Vaqif Bayatlımız var?.. Eləcə də digər dünya ədibləri…. Siz digər nobelçiləri – ingilis dramaturqu Harold Pinteri oxuyun, yaxud, Yelineki, yaxud, bu son nobelçi Törneri ---- … oxuyun, onların əsərlərini bizim aparıcı ədəbiyyatlarla müqayisə edin… Bilirsiz niyə bizim ədəbiyyat tam qüvvəsiylə dünyaya çıxa bilmir?.. Bizim özümüzün özümüzə olan həmin bu naqis münasibətimizə görə… Digər tərəfdən, bizim, bu işi görməli olan, yəni dediyim bu ədəbiyyatları dünya dillərinə tərcümə edib beynəlxalq arenaya çıxaran mexanizmimiz, qurumumuz yoxdur. Daha doğrusu, belə bir qurum var – Respublika Bədii tərcümə və ədəbi əlaqələr Mərkəzi… vaxtı ilə Azərbaycanın Nazirlər Kabinetinin qərarıyla yaradılmış ölkə əhəmiyyətli tərcümə qurumu. Lakin siz bir baxın, o nə vəziyyətdədi?!..

- Sizin «Xəzər» jurnalınız AYB-nin ən yaxşı jurnalıdır. Bu, hamıya bəlli aydın bir həqiqətdir. Bu gün isə o, maliyyə problemləri ucbatından nəşr oluna bilmir. Qurultay öncəsi bu məsələnin həlli ilə bağlı nə isə bir addım atmağı düşünürsünüzmü?
- Siz düşünürsünüz ki, qurultay ümumiyyətlə, olacaq?.. Mən düşünürəm ki, olmayacaq. Bizim son qurultay 2004-cü ilin mayında oldu. Köhnə zamanların qanuna görə qurultay hər beş ildən bir çağırılmalı idi, Azərbaycan Respublikasının «Qeyri-hökümət təşkilatları (ictimayi birliklər və fondlar) haqqında» 2000-ci ildə qəbul edilmiş dövlət qanununa əsasən isə hər il çağırılmalıdır. Bax, burda Markes yada düşür... Belə getsə, bir azdan Birliyin binası da Markesin Patriarxının xarabalıqlar və ölü inəklərlə dou əvsanəvi sarayına çevriləcək… O ki, qaldı bizim «Xəzər»ə, Yazıçılar Birliyi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdanda, yəni 1993-cü ildə ona, AYB-nin orqanlarının vəziyyəti ilə bağlı məktub ünvanladı. Bilirsiz ki, o dövrlər ölkənin bir çox yaradıcı qurumları kimi, AYB də dövlət büdcəsindən çıxarılmışdı… Həmin o məktubda Birliyin adı çəkilən orqanları sırasında hansı səbəbdənsə, bizim Tərcümə Mərkəzinin adı yox idi… Elə həmin il dövlət başçısı Birliyə və onun orqanlarına büdcədən maliyyə ayrılması barədə sərəncam imzaladı… Bədii Tərcümə və ədəbi əlaqələr Mərkəzi isə kənarda qaldı… Amma bu gün Mərkəz öz müstəqilliyi barədə məsələ qaldıranda, Birlik rəhbərləri: «Mərkəz Birliyin ayrılmaz hissəsidir!..» - deyib dururlar və mən hələ də anlamıram onlar niyə belə eləyirlər... Mərkəzə nə müstəqillik verilir, nə müvafiq büdcə ayrılır ki, o, öz fəaliyyətini bərpa edə bilsin… və beləcə illər ötür… biz dəyərli tərcüməçilərimizi, bədii tərcümə üzrə böyük işlər görə bilən yazarlarımızı, şairlərimizi itirə-itirə gedirik… Dünya ölkələri öz zəif ədəbiyyatlarıyla qürur duymağa davam edir… bizsə, uzun illərin qar-yağışından sökülən damımızın dəlmə-deşiyini tutmaqla məşğuluq… Bütün o illəri, o çətin keçid dövrlərini Mərkəz hansı fədakarlıqların və partizanlığın hesabına özünü qorudu, bunu bir Allah bilir... Yalnız 2004-cü ildə dövlət başçısı İlham Əliyevin sərəncamıyla nəhayət ki, Mərkəzə büdcə açıldı… lakin bu, Birliyin müraciətinə əsasən olduğundan, çox cüzi bir vəsait idi… və nəticə göz qabağındadı... Bu gün Mərkəz nəyinki, bədii tərcümə və kitab nəşri ilə məşğul ola bilmir, nəşrini 2004-cü ildə bərpa etdiyi və özünə geniş oxucu auditoriyası qazandığı «Xəzər» dünya ədəbiyyatının çapını da dayandırıb. Bu gün biz həm «Xəzər»i, həm digər tərcümə ədəbiyyatlarımızı müxtəlif üsullarla kütləviləşdirməyə məcburuq… internet, elektropoçt və sair vasitələrin köməyi ilə… Binamız uçub tökülür... Bir neçə otağı icarəyə verib oradan aldığımız pulla damımızın bir hissəsini və bir neçə otağımızı təmir etdirdik… Lap elə bil müharibə dövrünün vəziyyətini yaşaırıq… Amma axı niyə bu, belə olmalıdı?.. Niyə «Respublika Bədii tərcümə və Ədəbi əlaqılər Mərkəzi» adı altında yaradılmış bu ölkə əhəmiyyətli qurum dünyanın belə bir dönəmində - ölkəmiz hər sahədə dünyayla ilişgilər qurduğu bir məqamda bu sayaq şikəst halda bir küncə qısılıb qalmalıdı?.. Bizim ki, dünyanı heyrətə sala biləcək zəngin ədəbiyyatımız var?!.. Ümidimiz qurultayadır... o da əgər keçirilsə... Bu gün Birlik rəhbərləri – milli ədəbiyyatımızda xidmətləri olan tanınmış qocaman yazıçılardır. Onların əsərlərinə də, şəxsiyyətlərinə də bu gün də hamı dərin hörmətlə yanaşır. Amma hər şeyin də bir əndazəsi var... Birliyin fəaliyyəti, onların özlərinin dediyi kimi, önəmlidirsə, niyə növbəti qurultayın çağırışı bu qədər uzadılır?..

- Sonuncu müsahibənizdə belə bir söz demisiniz ki, “Ədəbiyyatın predmeti insandır. Amma insan daha mənim üçün köhnəlib”. Bu fikrin çılpaq mənası ədəbiyyatın köhnəlməyi deməkdir. Sizcə, ədəbiyyat köhnələ bilər?..
- Yox, mən «insan köhnəlib» deyəndə, əsla ədəbiyyatı nəzərdə tutmuram… və «Ədəbiyyatın predmeti – insandır» yanaşmasının özünə də bir qədər fərqli baxıram. Əksər əsərlərim - lap hələ gənclik illərində yazdıqlarım da daxil olmaqla… «İzdiham», «Sərçələr» və sair əslində, Yeni İnsana ünvanlanmış ədəbiyyatlardır... Bu, ədəbiyyatda tamamilə başqa bir fazadır və bu fazada yazan yazıçı tək bir mən deyiləm… Uzun illər əsərlərimin yerli oxucu tərəfindən anlaşılmaması, olduğu dəyərində qəbul edilə bilməməsi və eləcə, bu gün oxucularımın əksəriyyətinin gənclər olması da, düşünürəm ki, burdan irəli gəlir. Bu gün Milli Dram teatrının səhnəsində oynanılan «Qatarın altına atılan qadın» tamaşasının da tamaşaçılarının əksəriyyəti gənclərdir. Mən heç vaxt, deyildiyi kimi:«Ədəbiyyatın predmeti olan» insanın özüylə məşğul olmamışam. Onun dünya dönəmində hansı məhkumluqla üz-üzə, göz-gözə qaldığını, aşılmaz qanunauyğunluqlar içrə uğradığı vəziyyətləri təsvir etməyə çalışmışam. İnsan - bu Yer üzündə Kainatın diqtəsi üzrə gedən proseslərin içində daim dəyişkənliklərə uğrayan sirli, ilahi bir varlıqdır... «İnsanın köhnəlməsi» məsələsi həmin bu sirli dəyişkənliklərə uğramayan, kosmik dəyişkənliklərə qatılmayan insan orduları və onları tədqiq edən ədəbiyyatlardır… Bu mənada, düşünürəm ki, ədəbiyyatın insana yanaşma bucağı daim dəyişməlidir… Bu, qaçılmaz bir prosesdir… İnsan dəyişir… yəni bir fərd kimi yox, nəsil dəyişkənliyi ilə… Dünyaya tamamilə yeni baxışlı, yeni əxlaqlı TƏZƏ İNSANLAR gəlir… Daha doğrusu, onlar artıq gəliblər… Bu, mənim oxucularımdı...

- Sizin tərcümə seçiminiz çox paradoksaldır. Adətən yazarlar öz ruhuna yaxın yazıçıları tərcümə edirlər. Siz isə Tomas Vulfun “Dünyanın hörümçək toru”, ondan bir qədər sonra Q.Q.Markesin “Patriarxın payızı”, daha sonra isə sufi ədəbiyyatını tərcümə etdiniz. Bu paradoks hansı səbəbdən irəli gəlir?
- Bəlkə də sizə qəribə görünəcək, o əsərləri tərcümə etmək ehtiyacı mənə fəhmlə, xüsusi istəklə gəlib. Təxminən belə ki, bəzən adam hiss eləyir ki, ürəyi nə isə şirin bir şey istəyir… Bu da belədi. Vulfun o əsərini mən 1982-ci ildə oxudum və həmin dəqiq də onu canıma çəkmək ehtiyacı duydum. Bilirsiz ki, tərcümə - mütaliənin ən mükəmməl növüdür. Markesin əsəri də beləcə. Sufi ədəbiyyatına gəlincə isə, yadıma gəlir həmişə əvvəllər də, hər dəfə sufilərdən söhbət düşəndə, məndə belə bir hiss yaranırdı ki, söhbət məndən, yaxud, mənə ən yaxın əzizlərimdən gedir. Bir gün necə oldusa, Tehran Vəliyev mənə sufiliyə aid bir kitab gətirdi. Oxudum və gördüm ki, heç nə başa düşmürəm. Sonra o kitabda İmam Həsən Bəsrinin həyatı barədə kiçik hekayətlərə rast gəldim və onları tərcümə eləməyə başladım və dəhşətə gəldim… Anladım ki, demə, bütün ömrüm boyu bunu axtarmışam… Sonra Əzizəddin Nəsəfinin “Mövcudluq haqqında həqiqətlər” əsərini, Qəzalini, Ərəbini tərcümə etdim və beləliklə, sufilik bir növ mənim Evimə çevrildi… Mən indi də bəzən ara-sıra Ora baş vururam… o Evin bir küncündə oturub xəyallara dalıram… Məncə, sufiliyiə toxunmaq - Allahla birbaşa kontakta girmək kimi bir şeydi... Onun ilahiliyini canında, qanında duymaqdı…

- «Uşqalarımın həyatıyla yaşamamışam…» deyirsiniz. Onlardan uzaqlaşmağınız bəlkə sufilərə xas olan o ifrat tərkidünyalıqdan irəli gəlir?..
- Uşaqlarımın həyatıyla mən, onlar hələ dünyaya gələndən – səksəninci illərin əvvəllərindən yaşamamışam. Analıqla bağlı boynuma düşən bütün vəzifələri lazımı dərəcədə yerinə yetirmişəm və yetirməyə də davam edirəm. Onların istər mənəvi, istərsə də sosial problemləri məni həmişə maraqlandırıb və maraqlandırmaqdadır. Amma heç vaxt bütün Azərbaycan qadınları kimi, onların həyatıyla yaşamamışam. Əvvəllər elə bilirdim, bu, düz deyil, burda mən nədəsə günahkaram, amma indi düşünürəm ki, haqlı mənəm. Bunu Peyğəmbərimiz də buyurub: “Övladlarımız bizdən deyil… onlar üçün özünüzü fəda etməyin… Əgər onlar xeyirxah ruhlardısa, bu dünyada xeyir əkəcəklər, yox əgər şər tərəfdəndilərsə, bunun altını tək bir siz çəkməyəcəksiz...» Sufilər isə ümumiyyətlə, övladları dünyaya aid edirlər. Övladlara bu cür anlaqsız bir bağlılıqla bağlanmağın səbəbini isə mən qadınlarımızın həyatlarında, daxili dünyalarında olan boşluqlarla izah edirəm. Bu da bir növ seriallardakı qəhrəmanların həyatı ilə yaşamağa bənzəyən anormal bir haldır.

- Cənubu Amerika Ədəbiyyatında Borxes, Kortasar, Markes və sair müəlliflər də əsəri nağıl dili ilə danışırlar. Bu, onların həyat üslubu ilə bağlıdır, yoxsa, sadəcə, bu yazıçıların əsəri oxutdurmaq üçün seçdiyi üsuldur?
- Bu çox maraqlı sualdı. Mənə də onların bu üslubu maraqlı gəlib həmişə. Bilirsiniz necədi, bizim hər birimizdə qəribə bir uşaqlıq instinkti qalır, ta ölənə qədər… Düşünürəm, onlar məhz bu baxımdan, yəni əsərlərinin rahat oxunması, oxunaqlı olması naminə buna əl atıblar. Məncə, dünyada elə bir adam yoxdu ki, nağıl oxumasın. Bu, hamıya məhrəm bir üslubdur. Elə bilirəm bunu, Latın Amerikası yazıçılarının bir növ yaxnı mənada, bicliyi kimi qəbul etmək olar. Bunu böyük sufilər də deyirlər. Onlar kəşf etdikləri hər bir həqiqəti insan beynlərinin lazımi guşələrinə oturtmaqdan ötrü aylar, bəzən illərlə işləmişlər.

- Kafkanın belə bir fikri var ki, ”Şəhvani eşq, ilahi eşqə qarşı gözümüzü bağlayır”. Sizcə, hansısa sevgi digərinə mane olurmu?
- Əslində, “O məni sevir” pyesimdə bu suala cavab vermişəm. Orda belə baş qəhrəman Ayom deyir: «…Əvvəllər mən anamı sevirdim… sonra yoldaşıma rast gəldim və dedim demə, sevdiyim bu imiş… sonra uşaqlarım oldu… elə bildim, sevdiyim onlardı…» Axırda isə məlum olur ki, onun sevdyi İlahinin Özüdü. Bizim bütün istəklərimiz – ata-anamıza da, övladlarımıza da, sevgililərimizə də əslində, həmin o böyük sevginin işartılarıdı. Biz – insanlar belə yaradılmışıq… sevgisiz yaşaya bilmərik.

- Eşitdiyimə görə əsərlərinizə mərhum Natiq Səfərova verir, onun fikirlərini və düzəlişləri ilə razılaşırsınızmı?
- Bəli, Natiq böyük ədəbiyyat bilicisi idi. Mən yazdığım əsərləri çapa verməzdən əvvəl mütləq ona göstərir, onun qeydləriylə razılaşırdım... Bu günün özündə də onun senzurasını içimdə hiss edirəm. Yazı prosesində onun müsbət, ya mənfi reaksiyalarını duyuram. Mən Natiqə çox minnətdaram. O mənə, yazıçıya ən vacib olanı - nəyi yazmamalı olduğumu öyrətdi...

Müsahibə “Kaspi” qəzetinə verilib